Əməkdar artist Rafiq İbrahimovun vəfatından iki il ötür
Səni hər zaman gözəl xatırlayacağam, ata...
Teatrda hər tamaşanın bir sonu olur. Son söz deyilir, son işıq sönür, pərdə asta-asta enir. Tamaşaçı ayağa qalxıb zalı tərk edir. Hər şey bitmiş kimi görünür. Amma elə tamaşalar var ki, heç bitmir. Bəzi aktyorlar da səhnədən getdikdən sonra görünməz bir pərdənin o tayında yaşamağa davam edirlər. O, səhnədə müxtəlif talelərin adamı idi. Müxtəlif obrazlara həyat verir, sözə nəfəs, obraza ruh qatırdı. Tamaşaçı onu sənətkar kimi tanıyırdı. Mən isə başqa cür tanıyırdım. Mən onun səhnədəki alqışlardan sonrakı halını bilirdim. Evə qayıdanda üzündəki yorğunluğu, danışanda səsindəki doğmalığı, susanda belə çox şey anlatmasını bilirdim.
Bakı Bələdiyyə Teatrının veteran aktyoru, Əməkdar artist, televiziya tamaşalarında, filmlərdə, seriallarda maraqlı obrazlar yaradan, “Sönməyən Ulduzlar” teatrının üzvü olan atam Rafiq İbrahimov sanki səhnə üçün doğulmuşdu. O, bir-birindən fərqli obrazlara can verdi. Bəzən xalqın gülüşü oldu, bəzən dərdinə şərik. Bakı Bələdiyyə Teatrının demək olar ki, repertuarında hər tamaşasında atamın zəhməti, nəfəsi var.

Dostları onu sözü düz, kişiliyi möhkəm insan kimi xatırlayırlar. Tələbələrinin yaddaşında ustad müəllim kimi qalacaq hər zaman. O, səhnəni, sənətini sevən aktyorlardan idi. Səhnəyə çıxanda sadəcə rol oynamırdı, obrazın ruhuna toxunurdu. Bəzən bir baxışla, bəzən bir sözünün intonasiyası ilə, bəzən də susaraq tamaşaçıya nələrsə deyirdi. Aktyor sənətinin ən böyük sirri də budur. Sözün arxasındakı sözü demək... Sən bunu bacarırdın, atam. Sənin sənət yolunda yaratdığın obrazların hər birinin öz rəngi, öz gözəlliyi var idi.

13 sentyabr. İki il əvvəl ürəyin susdu. Amansız xərçəng xəstəliyi səni bizdən aldı. Günlərlə, aylarla ümidimizi sınağa çəkdi, hər səhəri bir möcüzə ümidi ilə açdırdı, hər gecəni dua ilə bağlatdı. Biz isə son ana qədər inanmaq istədik ki, ölüm bu dəfə qapımızı döyməyəcək. Döydü... Atam getdi. Onun xəstəliyi ilə keçən günlər həyatımın yaddaşında ən ağır səhifələrdən biri kimi qaldı. Yaratdığı obrazlar susmadı, sənətini apara bilmədi xəstəlik.
Sən yaratdığın bir-birindən maraqlı, rəngarəng obrazlarla qəlblərə köçdün, ata. Ölümünə heç kəs inanmadı. Çünki sənin kimi sənətkarlar ölmür. Bəzən düşünürəm, ölüm nə qədər amansız olsa da, qarşısında aciz qaldığı bir şey var-sevgi. Sənin haqqında danışan insanların xatirələri susmadı. Adın çəkiləndə üzlərdə yaranan o doğma təbəssüm də susmadı. Əksinə, zaman keçdikcə sənin xatirən daha da dərinləşdi. Səhnə pərdəsi sənin üçün on dəfə endi. Amma sənin premyeralarından sonra tamaşaçıların ardı-arası kəsilməyən alqışları hələ də qulaqlarımdadır. Çünki əsl sənətkar ölmür. Onlar oynadıqları hər obrazda, dedikləri hər sözdə yaşayırlar.
İki il. Kənardan baxanda zamanın böyük bir parçası kimi görünür. Ancaq doğmasını itirən ürək üçün bu, dünən qədər yaxın, bir ömür qədər uzaqdır.
Sənsiz çox çətin oldu, amma yıxılmadım. Çünki sənin qızınam. Sənin ruhun məni yaşadır. Bilirsən? Hələ də səni sevgi ilə xatırlayırlar. Böyüklüyün də budur.
Sən Xalq artisti, bənzərsiz aktrisa Amaliya Pənahovanın yaratdığı Bakı Bələdiyyə Teatrının - “Döyüşən Teatr”ın çalışqan, veteran, fəxr olunası aktyoru oldun. Mən də sənin döyüşən qızınam.
Bu gün biz hər birimiz səni sevgi ilə xatırlayırıq. Çünki iki il keçsə də, adın qəlblərdən silinmədi. Əməkdar artist Rafiq İbrahimov dedikdə hələ də gözlər dolur, hələ də ürəklər isinir. Güclü xarakterinlə, tükənməz istedadınla filmlərdə, seriallarda və teatrda yaratdığın obrazlara nəfəs verdin. Adi bir epizodu belə taleyə çevirən, bir baxışınla zalı susduran, bir cümlənlə həftələrlə yaddaşda qalan ustad aktyor oldun.
Bu gün anım günündür. İki ildir sənsizdir səhnə, sənsizdir teatr. İki ildir sənin xatirənlə yaşayırıq. Sən qəlblərə köçdün və orda əbədi yaşayırsan.
Bu gün sənin ruhun şaddır, ata. Gözəl insani keyfiyyətlərinlə, istedadınla qəlblərə köçdün, ata. Çünki sənətkar ölmür, onlar xatirələrdə, obrazlarda, övladlarının gücündə yaşayırlar. Mən varam, ata, söz verdiyim kimi möhkəməm. Sən gözəl ata oldun. Sənətkar oldun, insan oldun.
Səhnə sənsiz boş qalsa da, qəlblər sənlə doludur. Səni unutmadıq, unutmarıq. Məkanın cənnət, ruhun şad olsun. Mən sənin qızın olduğun üçün fəxr edirəm, sənin qızın olduğum üçün güclüyəm. Sənin ölümün məni üzsə də, sıxsa da xatirən əbədi yaşayır. Özünə doğma evin bildiyin Bakı Bələdiyyə Teatrının hər pərdəsində, qrim otağında, səhnə arxasında, tamaşadan sonra alqışlarda, teatrın kollektivinin, dostlarının xatirəsində, mənim qəlbimdə əbədi yaşayacaqsan. Sən xarakterik obrazların ustası idin. Bakı Bələdiyyə Teatrının repertuarı sənin yaratdığın obrazlarla zəngindir. Sən səhnəyə sadəcə “çıxmırdın”. Hər dəfə başqa bir talelə, başqa bir ağrıyla, başqa bir gülüşlə gəlirdin tamaşaçıların görüşünə.
Səni hər zaman qürurla anacam, rahat yat ata. Amansız xəstəlik aldı səni, lakin məhəbbətimizi, xatirəni, fəxrimizi ala bilmədi.

Məzarın soyuqdur, amma sözlərim istidir. Çünki sən mənə öyrətdin: “söz ürəkdən çıxmalıdır”.
Bax, ürəkdən gəlir sözlərim.
İki ildir Xalq artisti, mərhum aktrisa Amaliya Pənahovanın qurub yaratdığı, hazırda qızı Aynur Muxtarovanın rəhbəri olduğu Bakı Bələdiyyə Teatrının səhnəsində bir səs əskikdir. İki ildir ki, pərdələr açılsa da, işıqlar yansa da, ən lirik, ən xarakterik nəfəs yoxdur. Bu teatr yaşadıqca sənin nəfəsin də burada yaşayacaq.
Bu gün hər birimiz - səni unutmayan tələbə dostların, sənət yoldaşların kədərlə yox, minnətdarlıqla xatırlayırlar. Sən dünyadan köçsən də, sevənlərinin ürəyində əbədi yaşayırsan. Bu gün səni anırıq. Alqışla yox, səssizliklə. Çünki ən böyük alqış odur ki, adın çəkiləndə hamı başa düşür: “ Hə, o Rafiq müəllim”.
İndi geriyə baxanda anlayıram ki, insanın həyatda qazandığı ən böyük sərvət nə şöhrətdir, nə titul, nə də maddi varlıq. Ən böyük sərvət yaxşı xatırlanmaqdır. Bir insanın adı çəkiləndə üzlərdə təbəssüm, gözlərdə işıq, ürəklərdə sevgi yaratmasıdır. Atam bu sərvəti qazandı. Onun haqqında danışan insanların sözlərində bunu hiss edirəm. Hər kəsin yaddaşında Rafiq İbrahimovun başqa bir tərəfi var. Kimsə onu səhnədəki sənətkar kimi xatırlayır, kimsə bir insan kimi. Kimsə bir dost, həmkar, müəllim kimi. Mən isə bütün bu xatirələrin içində öz atamı axtarıram.
Və hər dəfə tapıram.
Bir köhnə fotoşəkildə.
Bir videoda.
Bir səs yazısında.
Bir tamaşa səhnəsində.
Bəzən də heç bir yerdə olmayan, yalnız mənim yaddaşımda yaşayan kiçik bir detalda. İnsan itkini ən çox belə anlarda hiss edir. Heç kimin bilmədiyi bir xatirə qəfil yadına düşür və anlayırsan ki, həmin anı dünyada sənin qədər xatırlayan başqa biri yoxdur. O xatirə artıq yalnız sənə əmanətdir.
Mən də atamın xatirələrini özümlə daşıyıram. Bəzən ağır gəlir, bəzən isə ən böyük təsəllim olur. Çünki yaddaş həm ağırdır, həm də insanın əlində qalan ən qiymətli hədiyyədir. Bu iki ildə çox şey dəyişdi. Amma dəyişməyın bir şey var: ona olan sevgim. Zaman keçdikcə bu sevginin başqa bir formasını kəşf etdim. Artıq onunla danışa bilməsəm də, onunla bağlı danışa bilirəm. Əlindən tuta bilməsəm də, adını ürəyimdə tuta bilirəm. Yanımda olmasa da, həyatımda buraxdığı izi hər gün hiss edirəm.
Bəlkə də ata itkisi budur- insanın fiziki varlığını itirirsən, amma onun sənə verdiyi hər şey səninlə qalır.
Bir baxış.
Bir söz.
Bir öyüd.
Bir xatirə.
Bir həyat dərsi.
Və ən əsası-bir ad.
Rafiq İbrahimov.
Bu ad mənim üçün sadəcə sənət tarixinin bir səhifəsi deyil. Bu ad mənim uşaqlığım, ailəm, xatirələrim, qürurum və bitməyən həsrətimdir.
İllər sonra atamla bağlı yazılanları oxuyanlar bəlkə bir sənətkarın həyat yolunu görəcəklər. Onun rollarını, sənət uğurlarını, səhnədəki fəaliyyətini xatırlayacaqlar.
Mən isə hər dəfə onun adını görəndə sadəcə bir cümlə düşünəcəyəm:
“Bu, mənim atamdır”.
Və bəlkə də bu iki söz onun haqqında yazıla biləcək ən böyük məqalədir. Çünki sənətkar haqqında çox şey yazmaq olar. Onun yaradıcılığından, rollarından, səhnə yolundan danışmaq olar. Amma bir övladın “atam” deyə biləcəyi insan olmaq bütün titullardan daha böyükdür.
Bu gün sənin yoxluğunun ikinci ildönümündə bir daha anlayıram: ölüm insanı bizdən ayıra bilər, amma onun bizdə yaratdığı insanı öldürə bilməz.
Atam mənim yaddaşımda yaşayır.
Onu sevənlərin xatirəsində yaşayır. Sənətində yaşayır.
Və hər dəfə pərdə açılıb səhnəyə işıq düşəndə, mən inanmaq istəyirəm ki, o işığın bir yerində atamın da izi var.
Çünki bəzi sənətkarlar səhnədən gedirlər. Amma övladlarının ürəyindən heç vaxt...
Sən xəstəliyə uduzmadın. Sən bu dünyadan köçdün, amma yaddaşımızda qalaraq ölümün özünə qalib gəldin. Ruhun şad olsun, Əməkdar artistim!
Nisə Rafiqqızı
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl Qələm” Media mükafatı laureatı



























































































