Bu gün Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 2010-cu ildə qəbul etdiyi qətnamədə dünyada insanların zorla yoxa çıxarılması - itkin düşməsi hallarının artmasından ciddi narahatlığını ifadə edib. Bu kateqoriyaya insanların həbs edilməsi, saxlanılması və oğurlanması halları daxildir.
Oxuməni.az AZƏRTAC-a istinadən xatırladır ki, Baş Assambleya həmin qətnamə ilə (A/RES/65/209) avqustun 30-nu Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü elan edib.
Zorla yoxaçıxmalar terror mühitinin yaradılması strategiyasının bir hissəsinə çevrilib və BMT Baş Assambleyasının ekspertlərinin fikrincə, qlobal problem xarakteri alıb.
İtkin düşmələr problemi ilə müxtəlif ictimai təşkilatlar məşğul olur. Ənənəvi olaraq, bu gün həmin təşkilatlar hökumətlərə müraciət edərək belə halların aradan qaldırılmasına yönəlmiş bütün mümkün addımların atılmasına çağırırlar.
Bu mübarizənin mühüm vasitələrindən biri 2006-cı ildə qəbul edilmiş Bütün şəxslərin itkin düşmələrdən müdafiəsi haqqında Beynəlxalq Konvensiyadır.
Problem hələ də öz həllini tapmayıb. Zorla yoxaçıxmalarla bağlı yüz minlərlə hal araşdırılmamış qalır, hər il isə yeni belə hallar baş verir. Halbuki insanların iradəsi xaricində yoxa çıxarılması insan hüquqlarının ən ağır və kobud şəkildə pozulmalarından biridir.
İtkin düşmə həm qurbanın özünə, həm də onun ailə üzvlərinə ağır iztirablar yaşadır. Qurbanlar çox vaxt işgəncələrə məruz qalır, həyatları üçün daim təhlükə hissi keçirirlər. Yaxınları isə doğmalarının taleyi barədə heç bir məlumat əldə edə bilmədikləri üçün ümidlə ümidsizlik arasında qalır, narahatlıq içində illərlə xəbər gözləyir və bəzən həmin xəbəri heç vaxt ala bilmirlər.
Qanunun müdafiəsindən məhrum edilən və cəmiyyətdən faktiki olaraq “yoxa çıxarılan” qurbanlar bütün hüquqlarından məhrum vəziyyətə düşür və tamamilə onları oğurlayan şəxslərin mərhəmətindən asılı olurlar. İnsan son nəticədə bu kabusdan xilas ola bilsə belə, zorakılığın nəticəsində yaranan fiziki və psixoloji yaralar, eləcə də əksər hallarda müşayiət olunan qəddarlıq və işgəncələrin izləri heç vaxt tam sağalmır.
Zorla yoxaçıxmaların birbaşa və ya dolayı qurbanları arasında uşaqlar da ola bilər. Uşağın yoxa çıxarılması Uşaq Hüquqları Konvensiyasının bir sıra müddəalarının, o cümlədən onun şəxsiyyətinin tanınması hüququnun birbaşa pozulması deməkdir. Uşağın valideynlərindən birini zorla yoxaçıxma nəticəsində itirməsi də onun hüquqlarının ciddi şəkildə pozulmasıdır.
Buna görə də Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə fəallar və ictimai təşkilatlar vətəndaş cəmiyyətini bu problemə diqqət yetirməyə və onun aradan qaldırılması üçün öz imkanları daxilində bütün zəruri addımları atmağa çağırırlar.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
Azərbaycan Respublikası silahlı münaqişə nəticəsində itkin düşmüş şəxslər və ümumilikdə müharibə qurbanları ilə bağlı humanitar problemlə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başlandığı 1988-ci ildən etibarən üzləşib. Vətəndaşlarımız və dövlət qurumlarımız uzun müddətdir ki, bu ağır təzahürün mənəvi-psixoloji nəticələrinin aradan qaldırılması üçün gərgin əmək sərf edirlər.
İntensiv hərbi əməliyyatların getdiyi I Qarabağ müharibəsi zamanı və 1994-cü ildən 2020-ci ilə qədər davam etmiş işğal dövründə Ermənistan silahlı birləşmələri tərəfindən etnik təmizləmə və soyqırımı cinayətləri törədilib, mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilib, əsir-girov götürüldükdən sonra qeyri-insani şəraitdə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qoyulub. Bütün bu hallar vətəndaşlarımızın itkin düşməsinə və taleyinin qeyri-müəyyən qalmasına səbəb olub. Bütün çətinliklərə baxmayaraq, müharibə qurbanları, o cümlədən əsir-girov götürülmüş və itkin düşmüş vətəndaşlarımızla bağlı məsələlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, sonradan isə Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub. Bu il iyunun 30-na olan məlumata əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 4004-ü I Qarabağ müharibəsində, 6-sı isə 2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsində itkin düşüblər. 4010 nəfərdən 3228-i hərbçi, 782-si mülki şəxslərdir. Mülki şəxslərdən 71-i yetkinlik yaşına çatmamış uşaq, 288-i qadın, 319-u qocadır.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi arasında 2008-ci ildə imzalanmış “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması” üzrə çərçivə sazişinə uyğun olaraq 2014-cü ildən etibarən itkin düşmüş Azərbaycan vətəndaşlarının yaxın qohumlarından bioloji nümunələrin toplanmasına başlanıb. 2023-cü ildən etibarən isə bioloji nümunələrin toplanması işi Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzi tərəfindən aparılır. Bu il iyunun 30-na olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı 11 min 542 donordan bioloji nümunələr toplanıb sistemləşdirilib. Toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir. Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazilərinin 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılması itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşmasına imkan verməyib. 2020-ci ildə baş vermiş 44 günlük müharibədən və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə itkin vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması Prezident İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir. Həmin məqsədlə 2021-ci ilin fevral ayından etibarən həmin ərazilərdə intensiv şəkildə itkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanılıb. Bu il iyunun 30-na olan məlumata əsasən, 893 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb. İşğaldan azad olunmuş ərazilərdə axtarış-qazıntı işlərinə başlanılan vaxtdan ötən dövr ərzində 32 kütləvi məzarlıq aşkarlanıb. Həmin kütləvi məzarlıqlardan 253 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib.
Oxuməni.az






















































































