Azərbaycan ən yeni Türkiyə istehsalı olan HÜRKUŞ 2 təlim təyyarələrini satın alacaq
Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanla HÜRKUŞ təlim-məşq təyyarələrinin tədarükünə dair müqavilənin imzalanmasının son mərhələsindədir.
Oxuməni.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Mehmet Dəmiroğlu “Haber Türk” telekanalının Airport proqramında məlumat verib. Onun sözlərinə görə, HÜRKUŞ 2 təyyarəsinin modernləşdirilmiş versiyası sınaq və sertifikatlaşdırma proqramını tam başa vurub və bundan sonra təyyarələrin tədarükünə başlanılıb.
“Azərbaycanla artıq demək olar ki, müqavilənin imzalanması mərhələsinə çatmışıq. Demək olar ki, müqavilə imzalanmağa tam hazırdır”, – deyə Dəmiroğlu bildirib.
O, həmçinin qeyd edib ki, HÜRKUŞ təyyarəsinə Fars körfəzi ölkələri, Afrika və Cənubi Amerika dövlətləri tərəfindən də böyük maraq göstərilir. TUSAŞ rəhbərinin sözlərinə görə, potensial müştərilər həm təlim, həm də silahlandırılmış versiyanın alınmasını nəzərdən keçirirlər.
HÜRKUŞ 2 ilk uçuşunu 2024-cü ilin dekabr ayında həyata keçirib. Şirkətin məlumatına görə, yeni modifikasiya yenilənmiş konstruksiya, təkmilləşdirilmiş aerodinamika və müasir pilot kabinası avadanlığı sayəsində əvvəlki versiyalarla müqayisədə daha sürətli, daha yüngül və daha manevr qabiliyyətlidir.
TUSAŞ şirkəti HÜRKUŞ 2-ni öz sinfinin ən yüksək manevr imkanlarına malik təyyarələrindən biri hesab edir.
Almaz Həsənli

























































































