Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Bu gün Azərbaycan Milli Mətbuatı Gününə həsr olunmuş tədbir keçirilib. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çoxsaylı mətbu orqanların rəhbərləri, o cümlədən saytımızın Baş redaktoru Emin Axundov, tanınmış jurnalistlər, mədəniyyət, elm adamları, millət vəkilləri iştirak ediblər. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri və AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Azərbaycan milli mətbuatının 151 illik inkişafına toxunaraq onun demokratik inkişafımıza böyük töhfələr verdiyini söyləyib. O ölkəmizdə azad mətbuatın inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu və onun mütərəqqi inkişafımıza xidmət edən media siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Dağbəyi İsmayılov onu da xüsusi vurğulayıb ki, milli mətbuatın zəngin ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi qarşıda duran əsas vəzifələrdəndir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də milli mətbuatımızın böyük inkişaf yolu keçdiyini xatırladaraq cəmiyyətin inkişafına, milli dəyərlərin qorunmasına və ictimai şüurun formalaşmasına mühüm töhfələr verdiyini deyib.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova və Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov də milli mətbuamızın inkişafında jurnalist peşəkarlığının xüsusi rol oynadığını, həmçinin Azərbaycan milli mətbuatının ayrılmaz tərkib hissəsi olan televiziya və radionun cəmiyyətin maarifləndirilməsində, milli-mənəvi dəyərlərin təbliğində və mədəni irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını söyləyiblər.
Daha sonra Azərbaycan milli mətbuatının keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.Tədbir bədii hissə ilə davam edib.



Əziz MUSTAFA, Oxuməni.az








































.jpg)











































