Müsəlman Şərqinin ilk respublikasından qüdrətli Azərbaycana
Müsəlman Şərqində ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı tarix boyu müxtəlif imperiyaların tərkibində yaşasa da, milli azadlıq və müstəqillik ideyasını heç zaman itirməmişdir. XIX əsrin sonu – XX əsrin əvvəllərində ölkədə baş verən mədəni və siyasi yüksəliş, milli düşüncənin formalaşması nəticə etibarilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi.
Çar Rusiyasının süqutu və bolşeviklərin hakimiyyətə gəlməsi keçmiş imperiya məkanında mürəkkəb geosiyasi vəziyyət formalaşdırmışdı. Bakı neftinə maraq göstərən böyük dövlətlərin siyasi rəqabəti fonunda Azərbaycanın tərəqqipərvər ziyalıları və siyasi xadimləri xalqın taleyi naminə bir araya gələrək müstəqil dövlət quruculuğu yolunda mühüm addım atdılar.
Oxuməni.az AZƏRTAC-a istinadən xalqımızın taleyində mühüm dönüş nöqtəsi olan bu tarixi hadisənin əsas məqamlarına və nəticələrinə nəzər salır.
1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə Azərbaycanın müstəqilliyi dünyaya bəyan olundu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti üzərinə düşən çətin və tarixi missiyanı böyük fədakarlıqla, şərəflə yerinə yetirdi. Qısa müddətdə ilk parlament və hökumət formalaşdırıldı, ölkə sərhədləri müəyyənləşdirildi, dövlət bayrağı, himni və gerbi qəbul edildi. Azərbaycan dilinin dövlət dili elan edilməsi dövlət quruculuğu yolunda atılan ən mühüm addımlardan biri oldu.
Respublikanın ərazi bütövlüyünün qorunması və milli təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm addımlar atıldı. Qısa zaman ərzində güclü döyüş hazırlığına malik hərbi birləşmələr formalaşdırıldı, milli dəyərlərə və demokratik prinsiplərə uyğun dövlət təsisatları yaradıldı, təhsil və mədəniyyət sahələrinin inkişafı üçün vacib qərarlar qəbul edildi. Yarandığı ilk gündən demokratik dəyərlərə söykənən Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlara bərabər hüquqlar tanıdı, irqi, milli, dini və sinfi ayrı-seçkiliyin aradan qaldırılmasına nail oldu.
Lakin birinci respublikanın fəaliyyəti cəmi 23 ay davam etdi. 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalı nəticəsində ölkə öz müstəqilliyini itirdi.
Azərbaycan dövlət müstəqilliyini təxminən yetmiş ildən sonra - 1991-ci ildə yenidən bərpa etdi. Lakin əsl müstəqilliyimiz 1993-cü ildə xalqımız Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət edəndən sonra başladı. Azərbaycan dövləti özünü Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi elan etdi.
Ümummilli Lider ölkənin taleyüklü bir dövründə məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı ağır siyasi və ictimai böhranlardan çıxardı, dövlət müstəqilliyinin qorunub saxlanılmasına və daha da güclənməsinə nail oldu. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan İkinci Qarabağ müharibəsində əldə etdiyi möhtəşəm Qələbə ilə uzun illərin arzularını gerçəkləşdirdi, ölkənin suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlət başçısı seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində Azərbaycan Bayrağını ucaltması tariximizin yaddaqalan əlamətdar hadisələrindən biri oldu. Hazırda isə işğaldan azad edilmiş torpaqlara əhalinin qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” Proqramı uğurla həyata keçirilir.
Bu gün Azərbaycan 108 il əvvəl Xalq Cümhuriyyətinin banilərinin xəyal etdiyi qüdrətli və beynəlxalq aləmdə nüfuz sahibi olan bir dövlətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə sürətli və davamlı inkişaf yolu keçir. Qürurla vurğulamaq olar ki, Azərbaycan hazırda müstəqil xarici və daxili siyasət həyata keçirən nadir dövlətlər sırasındadır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlət müstəqilliyimiz sarsılmaz və dönməz xarakter qazanıb.
Azərbaycan xalqı 28 Mayı – Müstəqillik Gününü böyük ruh yüksəkliyi, sevinc və qürur hissi ilə qeyd edir. Dövlət Bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla və əzəmətlə dalğalanır.
Müstəqil Azərbaycan hər bir vətəndaş üçün fəxr mənbəyidir. Müstəqillik xalqımızın ən qiymətli dəyəri və ən böyük sərvətidir. Azərbaycan xalqı böyük fədakarlıqlar bahasına qazandığı bu neməti daim qoruyur və gələcək nəsillərə ötürmək əzmindədir.
Oxuməni.az










































































.jpg)










