Prezident İlham Əliyev ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul edib

13:49
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Betsi Berns Korn Azərbaycanın strateji əhəmiyyətini, həmçinin ABŞ və İsraillə yaxşı əlaqələrini nəzərə alaraq əməkdaşlığın genişləndirilməsi baxımından məsələlərin müzakirəsi üçün böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməkdən məmnunluğunu ifadə etdi.

Betsi Berns Korn ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. O, bu məsələdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi liderliyi və ABŞ Prezidentinin göstərdiyi səyləri xüsusi vurğuladı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, nailiyyətlərin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın roluna toxundu. Azərbaycan və Ermənistan tərəfinin artıq sülh şəraitində yaşamağa öyrəşdiklərini deyən Prezident İlham Əliyev bölgədə sülh və sabitliyin təmin edilməsinin regionun inkişafına mühüm töhfə verəcəyini vurğulayaraq, TRIPP və digər bağlantı layihələrinin regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı son 6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu dedi.

Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü qeyd edildi, digər xalqların nümayəndələrinə olduğu kimi yəhudilərə də göstərilən dövlət qayğısına toxunuldu.

Söhbət zamanı Azərbaycan-ABŞ əlaqələrinin inkişafından məmnunluq bildirildi, Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı ilə ölkəmiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, onların Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin genişlənməsində rolu vurğulandı.

Oxuməni.az