Noyabrın 20-si Ağdam Şəhəri Günüdür

Noyabrın 20-si Ağdam Şəhəri Günüdür

08:11
Bəyəndim (3) Bəyənmədim (0)

Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də geri qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.

Oxuməni.az AZƏRTAC-a istinadən Ağdamın keçmişinə və bugününə nəzər salır.

Ağdam rayonu Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Əsası XVIII əsrdə qoyulan Ağdam şəhəri qədim tarixi məkanlardan biridir. Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri var. Onlardan XIX əsrdə tikilmiş türbəni, Xanoğlu türbəsini, Pənah xanın türbəsini və imarətini, iki sandığabənzər abidəni və XV əsrə aid Sərdabəni qeyd etmək olar.

Ağdam rəqəmlərdə...

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Rayon uğrunda erməni işğalçılarına qarşı 5 ildən artıq gedən döyüşlərdə 5 min 897 nəfər şəhid olub, 3 min 531 nəfər yaralanıb. İşğal dövründə rayona 13 milyard 135 milyon Amerika Birləşmiş Ştatları dolları məbləğində ziyan dəyib.

Ağdam işğaldan azad edilmiş rayonların arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonun inzibati ərazisinə 1 şəhər, 14 qəsəbə, 123 kənd daxildir. Rayon mərkəzi Qarqar çayından 3 kilometr məsafədə - Qarabağ düzünün cənub-şərqində yerləşir. İşğaldan əvvəl Ağdamın 143 min nəfər əhalisi olub. Rayonun işğal edilmiş ərazisində 38 kolxoz və sovxoz, 24 tikinti təşkilatı, 12 sənaye müəssisəsi, 74 məktəb, 105 səhiyyə müəssisəsi, 271 mədəniyyət evi, 99 klub olub. Qədim tarixə malik Qarağacı qəbiristanlığı, Xocalı soyqırımı qurbanlarının da dəfn edildiyi I və II Şəhidlər xiyabanları erməni vəhşiliyinə məruz qalıb.

Ağdam Bakıdan sonra ölkəmizdə ən çox qalereyaya, sərgi salonlarına və muzey eksponatlarına malik ikinci şəhər olub. Rayon ərazisində qeydiyyatda olan 134 tarix mədəniyyət abidəsi, 4 dünya, 2 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidə olub. Həmin abidələrin 75-i işğal zonasında qalmışdı. İşğaldan əvvəl rayon ərazisində 3 min 6 hektar meşə sahəsi mövcud idi. Təbiət abidəsi kimi qorunan Ağdam şəhərində yaşı 150-250 il olan 14, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı məhv edilib. 64,863 min kubmetr mişar daşı, 140,464 min ton Çobandağ əhəngdaşı, həmçinin 44,708 min tonluq Boyəhmədli və 25, 197 min tonluq Şorbulaq gil yataqları işğal altında qalmışdı.

Tarixən Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metiz-furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və digər sosial, mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Ağdam rayonunun ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi.

“Ruhlar şəhəri”nin həyata qayıdışı

Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olduğu 27 ildən artıq dövrdə rayon ərazisində daş üstündə daş qalmayıb. Bir vaxtlar gözəlliyi, füsunkarlığı ilə göz oxşayan Qarabağın baş qapısı sayılan Ağdam ölü şəhəri xatırladırdı. Təsadüfi deyil ki, bir sıra mətbuat səhifələrində onu obrazlı olaraq “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırmışdılar.

2020-ci il sentyabrın 27-də ermənilərin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq göstərdilər. Onların misilsiz şücaəti, xalq-ordu-iqtidar birliyi nəticəsində düşmən işğalı altında olan torpaqlarımız azad edilərək əzəli və əbədi sahibinə qaytarıldı. Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur oldu. Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan Azərbaycana təhvil verildi.

Beş il əvvəl noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlətimizin başçısının Ağdamda Azərbaycanın üçrəngli Bayrağını qaldırması haqq işinin zəfər çalması kimi milyonlarla soydaşımızın qəlbində son dərəcə böyük qürur və sevinc hissi oyatdı. Prezidentin həmin səfər zamanı səsləndirdiyi fikirlər hər kəsdə böyük ümidlər yaratdı: “... Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.

Ağdamın yeni növrağı

Həmin vaxtdan rayonda böyük tikinti və quruculuq işlərinə start verilib. Ərazisinin çox hissəsi minalı olsa da, təmizləmə işləri aparılmaqla yanaşı, şəhərin sosial xəritəsinin tamamilə yeni və müasir şəkildə qurulmasına başlanılıb.

Ötən dörd ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən hazırlanıb və təsdiqlənib. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın bərpasını, rayonda gedən tikinti-quruculuq işlərini daim nəzarətdə saxlayırlar. Təkcə bu il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə rayonda aparılan işlərlə tanış olmaq üçün Ağdama səfər ediblər. Fevralın 18-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə, 1 nömrəli körpələr evi-uşaq bağçasında, 1268 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə, “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə, Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə, “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar. Dövlətimizin başçısı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib.

Martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın, Sarıcalı kənd körpələr evi-uşaq bağçasının və tam orta məktəbinin binasının açılışlarında iştirak edib, yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.

Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılış mərasimində olublar. Həmin gün dövlətimizin başçısı rayonun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.

Həmçinin Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə, kənddəki klub-icma mərkəzində, yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub. Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında, kənddə inşa edilən tam orta məktəbin binasının, Kəngərli kəndinin birinci mərhələsinin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.

İyulun 3-də Prezident İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər. Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar, Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.

İyulun 18-də Prezident İlham Əliyev Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında, Ağdam şəhərində 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçasının, 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının, “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışlarında iştirak edib.

Ağdamın ağ damları

Artıq keçmiş məcburi köçkünlər Ağdama dönüşü başlayıb. Xıdırlı, Sarıcalı, Kəngərli kəndləri öz sakinlərini qoynuna alıb. Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri icra olunur. İndi yenidən qurulan müasir şəhər illərdən bəri doğma yurda qayıtmaq arzusu ilə yaşayan sakinlərə öz qapısını açıb. Rayonda gedən tikinti-quruculuq işləri isə getdikcə yeni vüsət alır - sosial obyektlər, binalar və mənzillər tikilir, abad küçə və prospektlər salınır. Abadlığı və gözəlliyi ilə həmişə göz oxşamış Ağdamda sıralanan evlərin ağ damları onun yenə də abad, müasir yaşayış məskəninə və ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcəyini göstərir.

Oxuməni.az