
Türk dövlətləri geosiyasi güc mərkəzinə çevrilir
Son illərdə Türk dövlətləri arasında bütün sahələr üzrə əlaqələrin möhkəmləndirilməsi beynəlxalq aləmdə yeni geosiyası güc mərkəzinin meydana çıxması ilə müşahidə olunmaqdadır. Bunu Türk dövlətləri Təşkilatına üzv dövlət liderlərinin Azərbaycanın qədim dövlətçilik mərkəzlərindən biri olan Qafqaz Albaniyasının paytaxtı Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü də bir daha təsdiq etdi. Əslində zirvə görüşündə iştirak edən Türk dövlətləri başçıları Çin sərhədlərindən Macarıstan və Aralıq dənizi hövzəsinə kimi uzanan böyük bir ərazini təmsil edirdilər. Bu baxımdan zirvə görüşünü Türk dövlətlərinin gələcəyinə, birləşməsinə, yenidən beynəlxalq aləmdə türkün gücünün, qüdrətinin, varlığının nümayişi hesab etmək olar. Zirvə görüşündə bütün diqqət ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına cəlb edilmişdi. Bu da əsassız deyildi. Çünki İlham Əliyevin türk dünyası liderlərinin bir araya gətirilməsində, onlar arasında iqtisadi, siyası, mədəni sahədə inteqrasiyada önəmli rol oynadığ heç kimə sirr deyil. Prezident İlham Əliyev çıxışında əsas diqqəti bir neçə mühüm məsələyə yönəltdi.
Zirvə görüşünün Qəbələdə keçirilməsinə münasibət bildirən İlham Əliyev bu şəhərin Azərbaycan dövlətçiliyi tarixində mühüm rol oynadığını və eramızın əvvəl IV əsrdən eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı olduğunu söylədi.
Prezident qeyd etdi ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır: “Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.
Daha sonra İlham Əliyev dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları ilə bağlı məsələyə toxundu. Bu müstəvidə də Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacib olduğunu söyləyən Prezident İlham Əliyev: “Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”,-deyib.
Təhlükəsizlik məsələsinin önə çıxarılması bir daha Prezident İlham Əliyevin uzaqgörənliyinin və onun dövrünün nəbzini ustalıqla tutmasının, beynəlxalq aləmdə baş verən geosiyasi vəziyyətı nəzərə almasının parlaq nəticəsi hesab etmək olar. Həqiqətən də İlham Əliyevin dediyi kimi dünyanın gələcəyi məhz hər bir dövlətin güc amilindən istifadə edərək özünü müstəqilliyini və ərazi bütövlüyünü təmin etməsindən asılıdır.
Türk dövlətləri arasında hərtərəfli inteqrasiyanın uğurla həyata keçirilməsində nəqliyyat və kommunikasiya əlaqələri mühüm rol oynayır. Bu çərçivədə də tərəflər arasında bu məsələnin strateji önəm daşıdığı heç kəsə sirr deyil. Türk dövlətləri liderlərinin 12-ci Zirvə Görüşündə də məsələ diqqət mərkəzində oldu. Bu da təsadüfi deyil. Azərbaycan hazırda Mərkəzi Asiya ölkələri ilə Türkiyəni və Avropanı birləşdirən əsas nəqliyyat qovşağı rolunu oynayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışında qeyd elədi ki, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. O bildirdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır:
“2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib”.
Nəqliyyat qovşağının arzu edilən səviyyədə işləməsində isə şübhəsiz ki, Zəngəzur dəhlizinin işə düşməsi mühüm rol oynayacaq. Xatırladaq ki, bu ilin avqust ayının 8-də ABŞ-da Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşdə bu məsələ uğurla həll edilib. Zəngəzur dəhlizinin işə düşməsi ilə həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində daşınan yüklərin həcmi daha da artacaq və bu nəqliyyat arteriyası Çindən Avropaya və Ərəb körfəzinə qədər uzanan və beynəlxalq önəm daşıyan nəqliyyat mərkəzinə çevriləcək. Yenə də bütün bunların reallaşdırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti xüsusi qeyd etmək lazımdır.
İlham Əliyevin çıxışında diqqəti cəlb edən digər bir mühüm məsələ isə Azərbaycanın dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaması oldu. Dövlət başçımız çıxışında qeyd etdi ki, sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. O xüsusi olaraq vurğuladı ki, Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib:
“Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir”.
Enerji təhlükəsizliyi məsələsində ənənəvi olan vasitələrdən əlavə olaraq ölkəmiz bərpa olunan enerji mənbələrindən istifadəyə də xüsusi diqqət yetirir. Bu xüsusda da Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir və 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. O əlavə edib ki,hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik.
İlham Əliyev həyata keçirilən tədbirlərin və bu istiqamətdə atılan addımların Türk dünyası daxilində iqtisadi inteqrasiyanın möhkəmləndirilməsinə, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət etdiyini də söyləyib.
Dövlət başçımız bir daha ortaq tariximizin və etnik köklərimizin, dillərimizin bizi bir ailə kimi birləşdirdiyinə diqqəti cəlb edərək 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayıb. O təklif edib ki, gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyi Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil edilsin.
Beləliklə Prezident İlham Əliyevin Türk dövlətləri liderlərinin 12-ci Qəbələ Zirvə Görüşündəki çıxışı bir daha göstərdi ki, Azərbaycan Türk dünyasını birləşdirən stratejı, geosiyasi, iqtisadi məkana çevrilib və bütün bunlarda dövlət başçımızın böyük xidmətləri var.
Əziz MUSTAFA