
Bu gün Əbülfəz Elçibəyin vəfatından 25 il ötür
Milli azadlıq hərəkatının lideri, Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin vəfatından 25 il ötür.
Ə.Elçibəy 2000-ci il avqustun 22-də müalicə aldığı Türkiyədə “Gülhanə” Hərbi Tibb Akademiyasının xəstəxanasında vəfat edib.
Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. İbtidai və orta məktəbi Naxçıvanda bitirib. Elçibəy 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirib. 1963-1964-cü illərdə Misirdə tərcüməçilik fəaliyyəti ilə məşğul olub. O, Azərbaycanda başlayan xalq hərəkatının rəhbəri, Azərbaycan Xalq Cəbhəsinin yaradıcısı və onun ilk rəhbəri idi. 1992-ci il iyunun 7-də Elçibəy 60,9 faiz səs toplayaraq Azərbaycanın prezidenti seçildi və bir il sonra Gəncə üsyanı nəticəsində Bakını tərk edərək Kələkiyə getdi.
Elçibəy seçiləndən dərhal sonra Sovet Rusiyası ordusunun Azərbaycandan çıxarılması üçün addımlar atdı.
Onun prezidentliyi dövründə həm də milli ordu formalaşdırılıb, milli valyuta dövriyyəyə buraxılıb, ali məktəblərdə biliyin qiymətləndirilməsi üzrə test sistemi tətbiq edilib, kiril qrafikasından latın qrafikalı əlifbaya keçid həyata keçirilib.
Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi fəaliyyətini davam etdirib.
Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də uzun sürən xəstəlikdən sonra vəfat etmiş, Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilmişdir.
Oxuməni.az