
Türkiyədə turist kartlarından 29 milyon dollar oğurluq edən otel sahibi həbs edilib
Türkiyə hüquq-mühafizə orqanları əcnəbi turistlərdən 1,1 milyard lirə (29 milyon dollar) oğurlamaqda şübhəli bilinən qrupun üzvlərini müəyyən edib. Mayın 31-də bu işlə bağlı 20 nəfər həbs edilib. “Anadolu” xəbər verir ki, qrupun lideri olduğu iddia edilən şəxs yerli otelin sahibidir.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsləri İstanbul, Antalya, Aydın, İzmir və Muğla şəhərlərində saxlayıb. İlkin məlumatlara görə, dələduzların əməllərindən 268 əcnəbi zərər çəkib. Kuşadası kurortunun Baş Prokurorluğu 4 ay əvvəl əcnəbilərin hesablarında şübhəli bank əməliyyatlarının aparılması barədə məlumat aldıqdan sonra araşdırmalara başlayıb.
İstintaqın məlumatına görə, şübhəli şəxs oteldə qalan turistlərin kart məlumatlarını başqa otellərə və avtomobil icarəsi xidmətlərinə ötürüb. Turistlər Türkiyəni tərk etdikdən sonra onların hesablarından pul oğurlanıb. Fırıldaqçılar əldə etdikləri gəliri daşınmaz əmlak almaq üçün istifadə ediblər.
Əziz Mustafa, Oxuməni.az