
Prezident: Azərbaycan etibarlı tərəfdaşı olan İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir
Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanlandığı təbrik məktubunda bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan ilə İsrail arasında mövcud olan dostluq əlaqələrinin və əməkdaşlığın yüksək səviyyəsi xalqlarımızın tarixi bağlılığının, bir-birinə bəslədiyi hörmətin və rəğbətin bariz ifadəsidir. Qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-İsrail dövlətlərarası münasibətlərinin dinamik və hərtərəfli inkişaf etməsi məmnunluq doğurur.
Bu gün ölkələrimizin iqtisadiyyat, ticarət, müdafiə, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayan Azərbaycan Prezidenti cari ilin yanvarında Davosda israilli həmkarı ilə görüşünü, apardığı fikir mübadiləsini və müzakirələri ən xoş təəssüratlarla xatırladığını diqqətə çatdırıb.
“İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı ənənəvi dostluq münasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Oxuməni.az