Mingəçevirdə bəzi adiyyatı qurumlar prezidentin siyasətinə kölgə salırlar
Ötən həftə işlə əlaqədar olaraq yolum Mingəçevir şəhərinə düşdü. Doğrusunu deyim ki, Mingəçevir inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu inkişaf bura yolu düşən hər kəsi heyran qoyur. Əlbəttə, bütün bunlar heç də səbəbsiz deyil. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Mingəçevir şəhərinə, onun zahiri gözəlliyinə, mədəni inkişafına diqqət o qədər böyükdür ki, bunu təkcə ölkə vətəndaşları deyil, xarici dövlətlərdən ölkəmizə gələn, bu inkişafı, gözəlliyi görən insanların hamısı etiraf edirlər.
Mingəçevirdə bir sıra sənaye müəssisələri, ali və orta ixtisas, texniki peşə təhsilli məktəbləri fəaliyyət göstərir. Şəhər regionda turizm obyektləri ilə də seçilir. Şəhəri iki hissəyə bölən Kür çayının sağ və sol sahillərində bir sıra otellər, restoranlar, uşaqlar üçün əyləncə və istirahət mərkəzləri, parklar istifadəyə verilmişdir.
Kürün sahili həm də bulvar park kimi fəaliyyət göstərir. İnsanlar boş vaxtlarını burada çox səmərəli keçirirlər. Burada diqqətimi cəlb edən suda sürətlə hərəkət edən kiçik motorlu katerlər oldu. Belə ki, bu katerlərdə nəzərdə tutulduğundan artıq sayda sərnişinlər əyləşmişdilər. Onlardan çoxu da azyaşlı məktəb uşaqları idi. Katerlər bir-biri ilə yarışır və həddindən artıq sürətlə hərəkət edirdilər. Ən təhlükəlisi də o idi ki, nə sərnişinlərdə, nə də katerləri idarə edənlərin heç birində qoruyucu jilet yox idi. Bəs görəsən Fövqəladə Hallar Nazirliyi hara baxır? Mütləq şəkildə gərək bədbəxt hadisə baş versin...
Vəziyyəti daha düzgün qiymətləndirmək üçün həmin ərazini bir xeyli gəzdim. Ətrafda təhlükəsizliklə bağlı nə bir xəbərdarlıq lövhəsi, nə də bir nəzarətçi görə bilmədim. Ümumiyyətlə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhəri üzrə bu sahəyə baxan qurumları buradakı özbaşınalığı görmürlərmi?

Nəzərinizə çatdırım ki, keçən ilin iyul ayında oxşar hadisə nəticəsində Şamaxı rayonu Qızmeydan kəndi ərazisində mənbəyi çay suyundan götürülərək yaradılmış süni göldə çimərkən iki nəfər boğularaq dünyasını dəyişmişdi. Hələ o zaman adiyyatı qurumlar bildirmişdilər ki, bura biznes məqsədi ilə yaradılsa da, fəaliyyəti qanunsuzdur. Bu gün bu məqaləni qələmə almaqla adiyyatı qurumlara bildirirəm ki, işinizi vaxtında etibarlı şəkildə görün ki, prezidentin sosial və iqdisadi siyasətinə kölgə salmayasınız...
Emin Axund



























































































