“Kişi işləmirsə, qadın onu niyə saxlamalıdır?!” - “Gedib küçə süpürsün...”

“Kişi işləmirsə, qadın onu niyə saxlamalıdır?!” - “Gedib küçə süpürsün...”

21 Yanvar 2023 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

“Ailə – kiçik bir dövlətdir”. Bu ifadə nə vaxt deyilib, dəqiq bilən yoxdur, amma mahiyyəti hər zaman, bütün məqamlarda dəyişməzdir. Son illər isə “ocaq” kimi formalaşan ailələrin çox vaxt heç nədən soyuduğunun, dağıldığının şahidi oluruq. Bu məsələdə isə çox vaxt maddiyyat başda gələn səbəblərdən biri olur. Bəzən ailədə işsiz qalan kişiyə qadının yardım etməsi cəmiyyətdə “arvad hesabına yaşayır” kimi qarşılanır.

Bəs bu yanaşma nə dərəcədə doğrudur?

Oxuməni.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Mehriban Xanlarova çətin məqamlarda qadının ərinə, ailəsinə maddi baxımdan yardım etməsinin vacib olduğunu deyib:

“Əgər 2 nəfər ailə qurubsa və nikaha daxil olanda “pis günündə, yaxşı günündə yanındayam” bir-birinə vədini, dar məqamda bir-birlərini atmayacaqlarına qərar veribsə, yerdə qalan bəhanədir.

Kişidir, ola bilər ki, müəyyən səbəblərdən bir müddət işsiz qalsın. Hazırda bir çox müəssisələrdə ixtisarlar olunur, insanlar işsiz qalır. Kişi həmişə işləyəndə yaxşı olur, 3 gün, 5 gün işləməyəndə pis adama çevrilir?! Bu, düzgün yanaşma deyil. Həmin vaxt qadın ailəyə dəstək olmalıdır. Ona görə hər zaman deyirəm ki, gənc qızların ata evindən çıxmamış mütləq işi olmalıdır ki, sabah gedib həm ərinə möhtac olmasın, həm də bu cür situasiyalarda ailəyə dəstək olsun.

Gənc cütlüklər mütləq bir-birlərinə arxa-dayaq olmalıdırlar. Ola bilər ki, ərin bir neçə ay işsiz qalsın, pul qazana bilməsin, bu zaman ona kömək edə bilərsən. Yad adama etmirsən ki, öz ailən, ev-eşiyin üçün edirsən”.

Aktrisa bundan sui-istifadə edən kişilərin də olduğunu vurğulayaraq onları sərt tənqid edib:

“Ər 1 il, yaxud daha çox işləməyib, arvadın boynunda oturacaqsa, “əşşi, arvadım işləyir, mənə də baxsın” düşünəcəksə, bunu birmənalı şəkildə qəbul etmək olmaz, mən də bunu qəbul etmirəm. Ola bilər ki, 3 ay, 5 ay, 6 ay iş tapmayasan, buna görə ailə dağıtmazlar, amma kişi illərlə iş tapmaq istəmirsə, bu qəbuledilməzdir. Təkcə qadının işləməyi ilə ailə dolandırmaq olmaz, qadın işləyib evin bazarlığını edə bilər, ancaq övladlar varsa, başqa məsələ.

Kişi illərlə iş tapmayacaqsa, qadın onu niyə saxlamalıdır ki?! Elə gedər özünü, balasını saxlayar. Həm də kişiyə istənilən işdə çalışmaq ayıb deyil. Kişi gedib küçə də süpürər, daş da daşıyar, 5 manat da olsa, evinə gətirər ki, ailədə söz-söhbət yaranmasın”.