Bu gün Televiziya və Radio İşçiləri Günüdür
Bu gün radio və televiziya işçilərinin peşə bayramı günüdür.
1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb. Həmin vaxtdan bu tarix radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb.
Azərbaycan televiziyası yaranandan sonra 6 noyabr tarixi təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.
Polad bloklardan yığılmış 180 metrlik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı il fevralın 14-də ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxıb.
1957-ci il iyunun 28-də ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib. 1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyalar, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiya və studiya qurulub. 1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçid baş tutub.

Qeyd etdiyimiz kimi Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi[1].
Ilk dövrdə Bakı studiyası indiki Istiqlaliyyət küçəsi, 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş Ismailliyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərirdi.
Şəhər yayım şəbəkəsinin mərkəzi məntəqəsi sayılan birinci otaqda bütün divar boyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu. Ikinci otaq studiyaya giriş idi. Efirə çıxmaq üçün dəvət olunanlar burada öz növbəsini gözləyirdilər. Ondan sol tərəfdə kiçik bir kabinə var idi. Bu kabinədən studiyanın içərisini görmək və nəzarət etmək üçün balaca bir pəncərə açılmışdı. Pəncərənin qarşısında adi çemodanın içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər tərəfdən isə nəqledici xətti birləşdirirdi.
Üçüncü otaqda döşəməsinə türkmən xalıları salınmış, divarları tünd yaşıl məxmərlə örtülmüş studiya yerləşirdi. Otağın yuxarı tərəfində mizin üstündə kub şəklində bir mikrofon var idi. Studiyanın ortasında "Steinway" royalı qoyulmuş, divarlar boyu stullar düzülmüşdü.
Studiyanın giriş otağından soldakı kiçik otaqda müdir, hesabdar və yazı makinasında işləyən katibə otururdular. Həmin yerdəki B-4 tipli radioqəbuledici aparatın vasitəsilə müdir radio verilişlərinin texniki keyfiyyətini yoxlayırdı.
Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik Institutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya Imanzadə olurlar.
1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilir. Raya Imanzadə ilə Azərbaycan Dövlət Gənclər Teatrının əməkdaşı Ənvər Həsənov 1928-ci ildə radioda diktor kimi fəaliyyətə başlayırlar. Bu dövrdə məşhur şair Hüseyn Natiq (o, II Dünya müharibəsində həlak olmuşdur), Səməd Səmədov (sonralar Buzovna qəsəbəsində birləşmiş xəstəxanada həkim kimi fəaliyyət göstərdi), hərbçi Əsgər Mövsümzadə, əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, şairə Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışırlar.
Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Muxtar Əliyev, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdilər. Necə deyərlər Azərbaycan Radiosu ötən illər ərzində ölkəmizin ictimai-mədəni, siyası həyatında önəmli rol oynadı və bu gün də bu şərəfli vəzifəi uğurla həyata keçirməkdədi.
Oxuməni qəzeti və Oxuməni.az saytı adından radio və televiziya işçilərini peşə bayramı münasibətilə təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq.





















.jpg)






































































