Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının Özbəkistanda nəzərdə tutulan konserti ləğv olunub

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının Özbəkistanda nəzərdə tutulan konserti ləğv olunub

14 Sentyabr 2022 16:40
Bəyəndim (4) Bəyənmədim (0)

Ermənistanın Azərbaycana qarşı təcavüzü və təxribatı nəticəsində 50 nəfər əsgərimizin şəhid olması ilə bağlı Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının Özbəkistanda nəzərdə tutulan konserti ləğv olunub.

Bu barədə Oxuməni.az-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov məlumat verib. Məlumatda deyilir:

"Ermənistanın Azərbaycanla sərhəddə həyata keçirdiyi təxribat nəticəsində Azərbaycan əsgərlərinin şəhid olması xəbəri ilə əlaqədar olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu ölkədə planlaşdırdıqları bütün konsert proqramlarını və tədbirlərini ləğv edib. Bununla əlaqədar Azərbaycan Mədəniyət Mərkəzi bildirir ki, Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının Özbəkistanda planlaşdırdıqları konsert proqramları ləğv olunubdur. Onların Özbəkistanda 3 konsert proqramı nəzərdə tutulmuşdu. Hər iki Xalq artistinin Özbəkistanın Daşkənd şəhərindəki Bekdəmir rayonunda böyük mədəniyyət sarayında konsert proqramı, daha sonra Özbəkistanda keçiriləcək Azərbaycan kinosu günlərinin açılış mərasimində konsert proqramı və Daşkənd şəhərində keçiriləcək digər konsert proqramı ləğv edilib. Hazırda Daşkənddə olan Gülyaz və Gülyanaq Məmmədova bacıları Azərbaycan kinosu günlərində iştirak edəcəklər. Lakin hər iki xanəndə şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə bu konsert proqramlarının ləğv olunmasına qərar vermişlər. Azərbaycan Mədəniyyət Mərkəzi bir daha Ermənistan tərəfinin həyata keçirdiyi təxribatlar nəticəsində şəhid olan əsgərlərimizin yaxınlarına, əzizlərinə, o cümlədən bütün xalqımıza dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin"

Öz növbəsində Xalq artisti Gülyaz Məmmədova Oxuməni.az-a açıqlamasında deyib ki, bacım Gülyanaqla birlikdə Özbəkistanda konsertimiz əvvəlcədən nəzərdə tutulmuşdu: "Lakin biz Bakıdan Daşkəndə gələndən sonra Ermənistanın təxribatı nəticəsində iki ölkə sərhədində baş verən toqquşmalarda 50 əsgərimiz şəhid oldu. Ona görə də şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq Azərbaycan Mədəniyyət Mərkəsi ilə birlikdə qarşılıqlı razılaşmaya əsasən konsert proqramlarımızı ləğv etdik. Çünki biz belə bir vəziyyətdə konsert verə bilməzdik. Allah şəhidlərimizə rəhmət eləsin. Biz hər ikimiz onların ruhu qarşısında baş əyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Ruhları şad, məkanları cənnət olsun".

Xatırladaq ki, Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları Özbəkistanda çox sevilirlər. Bu yaxınlarda Özbəkistanla Azərbaycan arasında mədəni sahədə əlaqələrin daha da genişləndirilməsinə verdiyi töhfəyə görə prezident Şavkat Mirziyoyevin sərəncamı ilə Gülyanaq Məmmədova Özbəkistanın Xalq artisti fəxri adına layiq görülüb.

Bununla da Gülyanaq Məmmədova SSRİ dövründə Özbəkistan SSR-in Xalq artisti fəxri adı verilən Zeynəb Xanlarovadan sonra belə bir yüksək ada layiq görülən ikinci məşhur azərbaycanlı xanəndə olub.

Əziz Mustafa