Tarixən nə Laçında, nə Zabuxda, nə də Laçın başqa kəndlərində erməni yaşamayıb

Tarixən nə Laçında, nə Zabuxda, nə də Laçın başqa kəndlərində erməni yaşamayıb

11 Avqust 06:18
176
Bəyəndim (0) Bəyənmədim (0)

“Mən həmin ermənilərə Azərbaycan vətəndaşlığı verilməsinə inanmıram”.

Oxuməni.az xəbər verir ki, bu sözləri Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Yenisabah.az-a açıqlamasında deyib. O, “Hraparak” nəşrinin ortaya atdığı “Zabux və Laçında yaşayan ermənilərə Azərbaycan vətəndaşlıq verə bilər” iddiasına münasibət bildirib.

Xatırladaq ki, erməni mətbuatı onu da əlavə edib ki, kənd sakinlərinin bəziləri artıq köçüb getsələr də, bəziləri kənddə qalmağa davam edirlər.

Öz növbəsində, E. Məmmədov deyib ki, bu, sadəcə ermənilərin xam xəyallarıdır:

“Əvvəla onu qeyd edim ki, tarixən nə Laçında, nə Zabuxda, nə də Laçın başqa kəndlərində erməni yaşamayıb. Bu gün qeyri-qanuni yolla işğal dövründə orada məskunlaşdırılmış ermənilər Ermənistan və Yaxın Şərqdən köçürülüb, oraya yığılmış ermənilərdir. Bunu özləri yaxşı bilir.

Həmçinin, Laçın rayonu Azərbaycan ərazisidir və o rayonun sakinləri var. Laçın rayonu işğaldan azad olunub və yerdə qalan əraziləri də düşmənlərdən təmizlənəcək. Laçının rayon mərkəzinin və kəndlərinin yerli sakinləri öz yurd-yuvalarına qayıdıb yaşamalıdır. Amma Livandan, Suriyadan və digər yerlərdən gətirilən ermənilərin həmin ərazilərdə qalıb Azərbaycan vətəndaşlığı alması məsələsi ermənilərin xam xəyallarıdır və bu, heç vaxt olmayacaq”.

Vitali Balasanyanla bağlı məlum xəbəri şərh edən millət vəkili bildirib ki, bu xəbər böyük şayiədən başqa bir şey deyil:

“O ki qaldı guya Vitali Balasanyanın bizim hərbçilərlə Zabuxa gəlməsinə və yerli sakinlərlə görüşməsinə, bu, yalandır. Çünki erməni mətbuatı dezinformasiya ilə məşğuldur. Həmin o Vitali Balasanyan deyilən şəxs Əsgəran ermənisi olub. O, 1988-ci ildən etibarən Əsgərandakı erməni quldur dəstələrinə rəhbərlik edib və Xocalı soyqırımının törədilməsində iştirak edən canilərdən biri olub. O, qatildir, cinayətkardır və hərbi canidir. Belə olan halda o, Azərbaycan hərbçiləriylə birlikdə necə oraya səfər edə bilər?! Vitali Balasanyan Azərbaycan qanunlarına əsasən axtarışa verilib. Bunlar hamısı erməni mətbuatının dezinformasiyasıdır və Azərbaycan ictimaiyyətini çaşdırmaq üçün buraxılan şayiələrdir”.

“Vətəndaşlıq verilməsi məsələsinə gəldikdə isə mətbuatda uzun zamandır dərc olunur ki, filan erməni müraciət edib ki, vətəndaşlıq alsın bizdən və s. 1988-ci ilə qədər Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilər olub. Sonradan da onların tör-töküntüləri yaşayıb oralarda. Əgər Qarabağda yaşamış ermənilər yenidən Azərbaycan qanunlarına tabe olub, baş əyib, qanunlarımızı qəbul edib vətəndaşlıq almaq istəsələr, dövlətimiz yəqin ki, bunu qəbul edəcək. Amma bir şərtlə: Onlar məlum hadisələr zamanı xalqımıza qarşı cinayət törətməyiblərsə, sıradan sakinlər olubsa, bu gün də pərdəarxası biclikləri olmayıb, doğrudan da Azərbaycan vətəndaşı olmaq istəyirlərsə, buna baxılar. Ancaq kənardan köçürülüb gətirilən ermənilərin vətəndaşlığından qətiyyən söhbət gedə bilməz”, - deyə müsahibimiz yekunlaşdırıb.