Kəlbəcərdəki vəhşilik Laçında da təkrarlanacaq? - “Rus əsgərləri aktivlik göstərməlidir”

Kəlbəcərdəki vəhşilik Laçında da təkrarlanacaq? - “Rus əsgərləri aktivlik göstərməlidir”

8 Avqust 16:09
174
Bəyəndim (0) Bəyənmədim (0)

“Bu gün Laçın şəhəri və digər yaşayış məskənlərindəki evlərin yandırılmaması, təbiətə qarşı vəhşiliyin törədilməməsi və s. üçün ən optimal variant sülhməramlıların müdaxiləsidir”.

Oxuməni.az xəbər verir ki, bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenisabah.az-a açıqlamasında deyib.

O, ermənilərin Laçın və Zabuxdan köçərkən, Kəlbəcərdə olduğu kimi, ərazidə törədə biləcəkləri ekoloji fəlakətin qarşısının alınması üçün görülməli olan tədbirlərdən söz açıb:

“Ermənilərin sentyabrın 1-ə qədər Laçın və digər ərazilərdən çıxması barədə məlumat var, amma 10 noyabr 2020-ci il tarixli bəyanatda konkret möhlət qoyulmayıb. Amma bəyanatın həyata keçirilməsi ilə bağlı müzakirələr daim aparılıb.

Əslində, tarix boyu azərbaycanlılara məxsus olan, lakin ermənilərin 30 ilə yaxın müddətdə qanunsuz yaşadıqları yerlərə, hətta meşələrə və təbiətə qarşı olan münasibətlərinin şahidi olmuşuq. Onların xisləti budur.

Ermənistan hakimiyyəti də köçlə bağlı həmin insanlara müraciət edib. Əgər evlərini tərk edirlərsə, Ermənistan dövləti həmin şəxsləri haradasa evlərlə təmin etməlidir. Bir şərtlə ki tərk etdikləri evləri yandırmasalar.

Əgər bu gün həmin ərazilər Azərbaycanın nəzarəti altında deyilsə, bu məsələdə sülhməramlıların rolu ortada olmalıdır. Sülhməramlılar Azərbaycan tərəfinin tələblərinə riayət etməli, məqsəd sülhün və təhlükəsizliyin təmin edilməsidirsə, həmin ərazilər Azərbaycanın nəzarətinə təhvil verilənə qədər bu missiya da yerinə yetirməlidirlər. Sonra Azərbaycan özü həmin ərazilərdə lazımi tədbirləri görəcək”.

“Rus əsgərləri aktivlik göstərməlidir. Evlərin boşaldılması zamanı onlar çalışmalıdırlar ki, Ermənistan tərəfinin Kəlbəcərdə törətdiyi vəhşiliklər bir daha təkrarlanmasın. Çünki hələlik bəzi işlərə müdaxilə edə bilmirik”, - deyə müsahibimiz əlavə edib.