Onlara inanmaq olar? – Bu ermənilər niyə Azərbaycan vətəndaşı olmaq istəyir?

Onlara inanmaq olar? – Bu ermənilər niyə Azərbaycan vətəndaşı olmaq istəyir?

8 Avqust 13:12
192
Bəyəndim (0) Bəyənmədim (0)

“Əvvəla onu deyim ki, baş verən hadisə təbii ki, çox pozitiv bir hadisədir. Xüsusən, əgər Azərbaycan ərazisində yaşayan erməniəsilli azərbaycanlıların müraciətləri kütləvi xarakter alacaqsa, bu, o deməkdir ki, artıq burada yerli əhalinin özü separatçı rejimi rədd edərək bunların “fəaliyyətlərini” qəbul etmirlər”.

Oxuməni.az xəbər verir ki, bu sözləri Milli Məclisinin sabiq deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenisabah.az-a açıqlamasındadeyib.

Siyasətçi son günlər sosial şəbəkələrin erməni seqmentində geniş yayılan erməniəsilli şəxslərin Azərbaycan vətəndaşlığı istəmələri ilə bağlı olan video müraciətlərə münasibət bildirib.

F. Quliyev qeyd edib ki, ölkəmizin bu məsələdə qoyduğu bir yol xəritəsi var:

“Biz həmişə demişik ki, əgər burada yaşayan erməniəsilli azərbaycanlılar Azərbaycan Konstitusiyasını qəbul edib, Azərbaycan qanunlarına əməl edəcəksə, digər vətəndaşlardan fərqli olmayan həyat tərzini keçirəcəklər.

Əlbəttə, burada filtrizasiya çox önəmli bir məsələdir. Azərbaycan əsgərinə güllə atmayan, Xocalı soyqırımında iştirak etməyən və s. amillər nəzərə alınmalıdır və burada söhbət dinc əhalidən gedir. Amma necə ki Azərbaycanda digər etnoslar qanun pozuntuları ediblərsə və nə zaman olursa-olsun bu, müəyyənləşəndə cəzalarını çəkirlər, eləcə də erməniəsilli azərbaycanlılara da şamil olunacaq və istisna yoxdur. Əgər gələcəkdə müəyyənləşərsə ki, onların cinayətləri olub və bunu gizlədiblər, əlbəttə ki, buna cavab verəcəklər. Yəni onlara təkcə hüquqlar yox, həm də məsuliyyət verilir”.

MDHP sədri vurğulayıb ki, o, Ermənistan vətəndaşı olan ermənilərin Azərbaycanda yaşamaq istəyi ilə bağlı olan müraciətinə fərqli baxır:

“Başqa ölkənin vətəndaşı müraciət edəndə ona ölkə vətəndaşlığının verilməsi Prezidentin müstəsna hüquqlarından biridir. Belə olan halda da bu, artıq ciddi şəkildə araşdırılmalıdır və kütləvi xarakter ala bilməz. Amma tək-tək hallar olarsa və indiyə qədər ki, fəaliyyətində doğrudan da sülh istəyən, eləcə də Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etmiş ermənilər varsa, bu, ola bilər. Belələri də var idi və uzun müddət öz mövqelərini ifadə ediblər. Onlar haqqında da, bəli, fərqli düşüncələr ola bilər. Amma yenə deyirəm, Qarabağda yaşayan erməniəsilli azərbaycanlıların müraciətlərinə isə fərqli baxılmalıdır və yuxarıda sadaladığım proseslər Azərbaycan dövləti tərəfindən hər zaman bəyan olunub”.

Partiya sədri hesab edir ki, filtrizasiya prosesi detallarına qədər araşdırılacaq:

“Amma çox ciddi cinayət törətməyənlər varsa və təhrik olunub rejim tərəfindən girov şəklində istifadə olunubsa, onlar haqqında fərqli qərarlar qəbul oluna bilər.

Mən həmişə Avronest Parlament Assambleyasında məsələ qaldırırdım ki, keçmiş Dağlıq Qarabağda yaşayan erməniəsilli azərbaycanlılar işğalçı erməni ordusunun girovuna çevriliblər. Yəni ora işğal olunub, onların hüquqları əllərindən alınıb və onlar üçün xüsusi bir rejim qurulub. Bu separatçı rejim ola bilər ki, bəzi adamları bir sıra məsələlərdə təhrik etsin. Məsələn, səngər qazmağa məcbuetmə, zorla silah-sursat daşıtdırma və s. Bunlar fərdi qaydada aydınlaşdırıla bilər.

Bir də var ki fəal şəkildə döyüşlərdə iştirak edib, soyqırımında əli var və s. Bu, fərqli bir şeydir. Amma prinsipcə yanaşma bu olmalıdır ki, orada yaşamış olan dinc əhalinin Azərbaycanın digər vətəndaşlarından fərqli olmayaraq, yaşaması mümkündür. Amma törədilən cinayətlərin araşdırılması məsələsinə artıq hüquq-mühafizə orqanları baxacaq. Kiçik cinayət törədənlərə kiçik, böyük cinayət törədənlərə də böyük cəza verilə və sonrakı halda vətəndaşlığı qəbul oluna bilər”.