Buzdux dağının strateji əhəmiyyəti haqda maraqlı faktlar

Buzdux dağının strateji əhəmiyyəti haqda maraqlı faktlar

8 Avqust 09:43
301
Bəyəndim (0) Bəyənmədim (0)

“Murovdağ silsiləsinə aid yüksəkliklərdən biri olan Buzdux (Buzluq) dağı Kəlbəcər, keçmiş Ağdərə və Goranboy rayonlarını birləşdirir. Mənbəyini Buzdux dağının ətəyindən - Murovdağ silsiləsinin Şimal yamacından götürən Buzluq çayı da məhz həmin dağın adı ilə eyniləşdirilib. Buzluq çayı Goranboy rayonunun Buzluq kəndinin ortasından keçməklə Kürəkçaya qovuşur”.

Oxuməni.az xəbər verir ki, bunu araşdırmaçı-jurnalist Elxan Salahov sosial şəbəkə hesabında paylaşıb. Bildirək ki, Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Hazırda zirvədə Azərbaycan bayrağı dalğalanır. E. Salahov sözügedən dağın əhəmiyyəti haqda yazıb:

Buzdux dağının bir tərəfi Kəlbəcərə, digər tərəfi Goranboya baxır. Kəlbəcərin məşhur Ağdaban və Çayqovuşan kəndləri də Buzdux dağının ətəyində yerləşir.

Erməni quldurları 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə mərhum Aşıq Şəmşirin yurdu olan Ağdaban və Çayqovuşan kəndlərinə soxularaq evləri yandırmış, kütləvi qətliam törətmişdilər - 32 şəhid, 5 girov, 2 itkin, 12 yaralı (Qətliamın ertəsi günü Ağdabanın müdafiəsinə göndərilən 712 saylı (o zaman 809) taborun əsgərləri arasında mən də vardım).

1993-cü ildə də ermənilər Kəlbəcərin işğalına məhz bu istiqamətdən başlamışdı. Çapardan ( İmarət Qərvənd inzibati ərazi vahidi) Ağdabana hücum edən erməni-rus hərbi birləşmələri martın 27-də kəndi işğal etməklə Kəlbəcərə doğru əlverişli mövqelər əldə edə bilmişdi. Düşmənin Ağdərə istiqamətindən Kəlbəcərin giriş qapısına yiyələnməsi rayonun bütünlüklə işğalını şərtləndirən mühüm amil oldu...

2020-ci il 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər rayonu bütünlüklə, o cümlədən Murovdağ silsiləsinin Ağdərə istiqamətində yerləşən Ağdaban və Çayqovuşan kəndləri, ətraf ərazilər Azərbaycan ordusunun nəzarətinə keçməli olduğu halda, bu torpaqlar Rusiya sülhməramlılarının patrul zonasına aid edilib. Belə ki, 2020-ci il sentyabrın 27-nə aid xəritədə inzibati-hüquqi cəhətdən Kəlbəcərin ərazisinə aid olan Buzdux (2374 m) dağ yüksəklikləri, eləcə də Ağdaban kəndi yaxınlığındakı Şaban yurdu Rusiya hərbçilərinin patrul marşrutuna daxil olunub. Patrul marşrutu Kəlbəcər rayonunun Qozlukörpü, İmarət Qərvənd (Çapar kəndi də daxil) kəndləri, Buzdux yüksəkliyi və Ağdaban kəndi yaxınlığındakı Şaban yurdundan keçirdi...

Ordumuz Buzdux dağı və ətraf yüksəklikləri azad etməklə həm də hərbi-strateji əhəmiyyətli Ağdaban, Çayqovuşan, Vəngli, Narıştar kəndləri, habelə "Sərsəng" su anbarına viziual nəzarət etmək imkanı qazanıb.

Bu məqamda Azərbaycan Ordusunun avqustun 3-də keçirdiyi uğurlu "Qisas" əməliyyatında adı keçən Yuxarı Oratağ və Heyvalı kəndləri (hər ikisi keçmiş Ağdərə rayonuna aid yaşayış məntəqələridir) barədə bir qeydi də xatırlatmaq yerinə düşər. Ermənilərin "Drmbon" adlandırdığı Heyvalı hələ 1992-1993-cü illərdə gizli quldur yuvaları, "Vern Oratag" dedikləri Yuxarı Oratağ isə hərbi əsirlərin ən ağır işgəncələrə məruz qaldıqları ünvan kimi çox məşhurdur...

Bu qisası yerdə qoymayan Ordumuza şükür!”.