Tariximizin şərəf və qürur zirvəsi: Göynük qartalları Birinci Qarabağ Müharibəsində

Tariximizin şərəf və qürur zirvəsi: Göynük qartalları Birinci Qarabağ Müharibəsində

27 İyul 2022 20:56
Bəyəndim (2) Bəyənmədim (0)

Bırınci Qarabağ savaşında qəhrəmanlıq göstərərək düşmənlə qeyri-bərabər döyüşə girən və bu zaman şirin canlarından keçən, yaralanan soydaşlarımızın xatirəsi heç zaman unudulmur və unudulmayacaq. Çünki onların qəhrəmanlığı İkinci Qarabağ savaşında düşmən üzərində qələbə çalınmasında özünəməxsus bir rol oynadı. Bu baxımdan istedadlı qələm sahibləri yazıçı jurnalistlər Şahin Aydəmir və Osman Məmmədovun qələmə aldıqları Göynük qartalları Birinci Qarabağ Müharibəsində kitabı doğma Azərbaycanımızın tarixində igidlikləri ilə şərəfli bir iz buraxan göynüklülər və ətraf ərazilərin qəhrəman oğulları barəsində qələmə alınan tarixi bir salnamədir desək səhv etmərik. İstedadlı qələm dostlarım Şahin Aydəmir və Osman Məmmədov bununla da düşmən üzərində qələbəmizdə önəmli bir iz buraxan igidlərimizi əbədi yaşadaraq gələcək nəsilləri yeni qələbələrə ruhlandıracaqlar. Bu müstəvidə də ötən gün tanınmış jurnalistlər Şahin Aydəmir və Osman Məmmədovun qələmə aldıqları Göynük qartalları Birinci Qarabağ Müharibəsində kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda İcra hakimiyyəti, Hərbi Komissarlıq nümayəndələri, ziyalılar, mədəniyyət işçiləri, eləcə də kitabın əhatə etdiyi bölgələrin Birinci Qarabağ Müharibəsi şahidləri, qazilər, şəhid ailələri iştirak edib. Tədbirdə vətənpərvərlik ruhunda şeirlər səsləndirilmiş, çıxışlar edilmiş, və sonda Şəki-KBTL-nin şagirdi, bir neçə müsabiqənin qalibi İlkin Lətifov tarda Qarabağ şikəstəsini ifa edib. Mərasimi dəyərli söz ustası Musa Həşmov aparıb. Şeirləri məlahətli səsi ilə qiraətçilər Şəfəq Xəlilova və Dilbər Yaqubova səsləndirmişlər. Tədbirdə səsləndirilən şeirlər Zaur İlhamoğlu və Aqşin İbrahimxəlilova məxsus olub.

Birinci Qarabağ müharibəsi iştirakçısı Fazil Hüseynəliyev tədbirdə çıxış edərək bu cür kitabların yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda böyüməsidə oynayacaq rola diqqəti cəlb edərək müəlliflərə minnətdarlıq etdi. Şəhid qardaşı Fərrux Məmmədov çıxışında dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan razılığını bildirdi. Tədbirdə icra hakimiyyətinin şöbə müdiri Tural Məmmədov, YAP rayon təşkilatının sədri Daşqın Mikayılov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti Şəki şöbəsinin əməkdaşları də iştirak edirdilər Digər çıxışçılar Baş Şabalıd tam orta məktəbinin direktoru Səlim Səlimov, Qumux kənd tam orta məktəbinin direktoru Vüqar Cumayev də kitabın dəyərini yüksək qiymətləndirdilər. Qeyd edildi ki, vətən uğrunda döyüşlərdə şirin canlarından keçənlərin, qazi olanların xatirəsi Şahin Aydəmir və Osman Məmmədovun qələmə aldıqları Göynük qartalları Birinci Qarabağ Müharibəsində kitabı ilə əbədiyyyətə qədər yaşayacaq və onlar gələcək nəsilləri özlərinin simasında yeni qələbələrə ruhlandıracaqlar. Biz də öz növbəmizdə hər iki müəllifə yeni zəfərlərimizi qələmə almaqlarını arzulayırıq.

Əziz Mustafa, yazıçı-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü

--