Bakının şərtini Fransa da QƏBUL ETDİ - Ermənilərin Xankəndi arzuları bitir

Bakının şərtini Fransa da QƏBUL ETDİ - Ermənilərin Xankəndi arzuları bitir

27 Aprel 2022 17:19
Bəyəndim (0) Bəyənmədim (0)

Vətən müharibəsi ilə regiondakı siyasi düzəni, reallığı 180 dərəcə öz xeyirinə dəyişən Azərbaycan bununla eyni zamanda 30 ilə yaxındır ona qarşı olunan haqsızlıqlara cavab verməklə yanaşı, özünə qarşı böyük diqqət, hörmət tələb etməyi də bacardı. Qarabağ münaqişəsinin həlli məsələsində 2020-ci ilin sentyabrına kimi bir daşı-daş üstə qoymayan, problemin sülh yolu ilə həlli istiqamətində ciddi bir addım atmayan dövlətlər, beynəlxalq təşkilatlar bu gün Bakının hava məkanını su yoluna döndəriblər. Əgər 44 günlük müharibəyə kimi Azərbaycanı get-gələ salırdılarsa, bu gün artıq Azərbaycan həmin təşkilat üzvlərinə, dövlətlərə söz sahibi kimi istəyini diqtə etdirməyə başlayıb.

"Turizm diplomatiyası" funksiyasını yerinə yetirməklə missiyasını bununla bitmiş hesab edən ATƏT-in Minsk Qrupunun həmsədr üzvləri indi yaxşı anlayırlar ki, rəsmi Bakı bir daha bu qurumun Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsində hər hansı bir aktiv fəaliyyətinin tərəfdarı deyil. Bakı razı deyilsə, bu o deməkdir ki, Minsk Qrupunun fəaliyyəti sual altına düşmüş olur. Çünki regionda elə bir situasiya yaranıb ki, Azərbaycanın icazəsi olmadan bu qurum hər hansı bir fəaliyyətlə məşğul ola bilməz.

Qarabağda hərbi strateji yüksəkliklərə nəzarəti bərpa etməklə istər Ermənistan rəhbərliyini, istər revanşist qüvvələri, istərsə də uzun illər Azərbaycana boş vədlər verməklə Qarabağın əbədi erməni torpağı olması üçün əlindən gələni əsirgəməyən MQ-nu çıxılmaz vəziyyətə salan rəsmi Bakı "indi siz mənim istəyimə uyğun hərəkət edəcəksiniz" deyir. Bunu son proseslər açıq şəkildə özündə ehtiva edir.

Müharibə bitər-bitməz Prezident İlham Əliyevin Minsk Qrupunun artıq "fəaliyyət" planının dolduğu ilə bağlı mesajları bu gün öz təsdiqini tapmaqdadır. Belə ki, Rusiya XİN başçısı Sergey Lavrovun ermənistanlı həmkarı Ararat Mirzoyanla 9 aprel tarixində Moskva görüşü zamanı "Minsk Qrupu dağıldı" etirafından sonra bu proses daha sürətli hal aldı. Rəsmi Moskva bunu praktiki olaraq Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin etdiyini açıqlamaqla gerçəkləşdirdi. Minsk qrupunda Rusiyadan olan sonuncu həmsədr İqor Xovayevin bundan sonra xüsusi nümayəndə kimi sülh müqaviləsinin hazırlanmasına və münasibətlərin normallaşmasına dəstək verəcəyi bəyan edildi.

Bunun ardınca Misnk Qrupunun həmsədr dövlətlərindən ABŞ Dövlət Departamenti məlumat yaydı ki, Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer artıq həmsədr yox, "Qafqazda danışıqlar üzrə baş müşavir"i təyin edilib.

Son iki gündə istər İqor Xovayevin Bakıda İlham Əliyevlə görüşü, ardınca Endryu Şoferin ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonla birgə Ceyhun Bayramovun qəbulunda olması bir məsələni qabardır: Əgər Vətən müharibəsinə kimi Minsk Qrupunun həmsədrləri (ABŞ, Fransa, Rusiya) bir ad altında birləşərək Azərbaycanı yola verməklə məşğul idilərsə, artıq bu gün regionda öz varlıqlarını Azərbaycana qəbul etdirmək üçün bir-birləri ilə soyuq savaş içindədirlər.

Hadisələr xronologiyası göstərir ki, Prezident İlham Əliyevin dediyi kimi ("Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir. ATƏT, hansı ki, çox yaxşı başa düşür Minsk qrupu artıq yoxdur. Düzdür mən, bir neçə ay bundan əvvəl, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl demişdim, məndən soruşmuşdular ki, Minsk qrupu nə ilə məşğul olacaq? Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə bunlarda fürsət olmadı." - red.) bu qurum heç yubileyini qeyd etməyə imkan tapmayacaq.

Bunu təsdiq edəcək növbəti fakt isə Fransa XİN-in saytında bu vaxta kimi ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri kimi tanınan Bris Rokuefeonun statusunun Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə səfiri kimi qeyd edilməsi məsələsidir. Bir neçə gün öncə İrəvana səfər edərək A.Mirzoyanla görüşən Bris, Bakıya da bu statusda səfər edəcək. Bu isə o deməkdir ki, Minsk Qrupunun üç həmsədrindən biri olan Fransa da digər iki həmsədr kimi Minsk Qrupunun tarixin yaddaşına köçdüyünü, artıq belə bir qurumun defakto mövcud olmadığını təsdiq etmiş oldu.

Bu amil təsdiq edir ki, hər üç dövlət Cənubi Qafqazda mövcudluqlarını qoruyub saxlamaq üçün vaxtilə həmsədr olan diplomatlarını artıq başqa missiya adı altında fərdi şəkildə proseslərə daxil etmək niyyətindədirlər. Vəziyyətin birdən-birə belə hal almaslı isə heç şübhəsiz ki, tamamilə Bakının planlarına daxildir. Beləcə indiyə kimi eyni vəzifəni daşıyaraq Ermənistanın işğalçılıq siyasətinə rəvac verən bu dövlətlər, indən belə Azərbaycanıla Ermənistan arasında imzalanacaq davamlı sülh sazişində "töhfə" vermək üçün bir-biri ilə ciddi bir savaşın içində daxil oldular. Təbii ki, rəsmi Bakıya hansının bu missiyanı aktiv şəkildə icra edəcəyi bir o qədər də maraqlı deyil. Çünki əks fəaliyyətlə məğul olacaq dövlətin regionla bağlı gələcəyi də inanıdırıcı görünmür. Bu, eyni zamanda o deməkdir ki, Rusiya və ABŞ-ın ardınca Fransa da Bakının İrəvana təklif etdiyi 5 maddəlik sülh paketini ən uyğun seçim hesab edir.

İndi MQ-nun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qurum məsələni həll etmək üçün yaradılmayıb. Misnk Qrupu məsələni həll etmək əvəzinə işğalı əbədiləşdirmək üçün yaradılıbmış. Nəzərə alsaq ki, Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qrupları xüsusilə böyük təsir imkanlarına malikdir, o zaman bu təşkilatın obyektivliyi, beynəlxalq hüquq prinsiplər əsasında fəaliyyət göstərdiyi şübhə altına düşürdü. Bu Qrupun defakto dağılması o şübhələrin dağılması deməkdir.

Bəs Minsk Qrupunun həmsdər üzvləri həqiqətənmi bu qurumun son halından məmnundurlar? Təbii ki, xeyr! Amma Bakının regionda diqtəsinin artdığı, Cənubi Qafqazın bir nömrəli açar dövlətinə çevrildiyi faktı Rusiya, ABŞ və Fransanı məcbur qoydu ki, regionla bağlı maraqlarından əllərinin tam üzülməməsi üçün Azərbaycanın maraqlarını, onun istəklərini nəzərə alsınlar.

Bəs Bakı bununla kifayətlənəcəkmi? O da xeyr. Çünki Bakı Ermənistan 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatları ilə üzərinə götürdüyü öhdəlikləri, Brüssel razılaşmalarını yerinə yetirməyənə kimi dayanmaq fikrində deyil. Azərbaycanın məqsədi və məramı gün kimi aydındır: Ermənistan ərazi bütövlüyümüzü tanımalıdır, sülh sazişi imzalanmalıdır. Hadisələrin axarı göstərir ki, Azərbaycan hər ötən gün öz məqsədinə biraz daha da yaxınlaşır. Azərbaycan artıq Qərbi də inandırmağöı bacarıb ki, məqsədinin regionda uzunmüddətli, dayanıqlı sülhün bərqərar olmasıdır. Bu səbəbdən də Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsində çox qərarlı görünür. Bunu Şarl Mişelin istər İrəvana, istərsə də Bakıya etdiyi telefon danışıqları deməyə əsas verir.

Regionda mövcud geosiyasi vəziyyət proseslərin Bakı üçün müsbət nəticəsinin uzaqda olmadığından xəbər verir. 44 günklük müharibənin bitdiyi tarixdən bu günə qədər Qarabağ məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi rəsmi Bakının qarşısında duran başlıca vəzifədir və Şuşada təşkil edilən Dünya Azərbaycanlılarının V Qurultayı da göstərdi ki, belə vacib məqamda rəsmi Bakı bütün gücünü səfərbər etməyi bacarır. İndi Bakının missiyası regionda sülhü təmin etməkdir. Bu gün aparılan siyasət, atılan addımların fövqündə bu məsələ dayanır. Bunun üçün Ermənistan sülhə təhdid imicini dəyişməli, işğalçılıq ritorikasından imtina etməlidir. Milli.az