QMİ fitrə məbləğinə aydınlıq gətirdi: “Restoranda bir stulun qiyməti 15 manatdır...”

QMİ fitrə məbləğinə aydınlıq gətirdi: “Restoranda bir stulun qiyməti 15 manatdır...”

27 Aprel 15:58
131
Bəyəndim (0) Bəyənmədim (0)

"Bir mömin, oruc tutan kimsə Ramazan ayının son günündə fitrə zəkatı çıxarmalı, imkanı yoxdursa, kimsə ona fitrə verməlidir. Fitrənin miqdarının 15 manat olması ilə bağlı çox suallar səsləndirilir. Dinimizin gözəlliyi bundandır ki, biz zamanla, məkanla ayaqlaşırıq. Bu gün yeməkxanaya gedəndə bir stulun qiyməti 10-15 manat arasında dəyişir. Fitrə çıxarılan zaman da əsas yediyimizin zəkatını verməliyik. Biz təkcə un, çörək yemirik, çörəyin yanında düyü, xurma istehlak olunur. Buna görə də imkanlı şəxslər ailə daxilində adam başına 10-15 manat dəyərində Ramazan ayının son günü fitrə zəkatı çıxarmalıdır".

Ramazan ayının sonuncu günü ehtiyacı olan insanlara verilməsi məqsədilə fitrə zəkatı çıxarılır. Adətən, fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına ən azı 3 kiloqram olmaqla hesablanır: buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı. Bu ərzağın qiymətinə uyğun məbləğdə pul da verilə bilər. Ötən günlərdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) adambaşına ortalama olaraq 15 manat məbləğində fitrə zəkatının çıxarılması barədə açıqlama yaydı. Lakin bu fikir ictimaiyyət arasında birmənalı qarşılanmadı. Kimisi məbləği yüksək hesab etdi, kimisi isə bunun az olduğunu bildirdi. Bəs fitrə zəkatının miqdarı nəyə əsasən təyin olunur?

Oxuməni.az xəbər verir ki, mövzu ilə bağlı QMİ-nin nümayəndəsi, imam Bəxtiyar Nəcəfov Teleqraf.com-a bildirib ki, fitrə zəkatının məbləği yaşanılan dövrün xərclərinə, tələbatına əsasən müəyyənləşdirilir. Onun sözlərinə görə, fitrə zəkatının məbləği ortalama olaraq təyin olunur:

"Bir mömin, oruc tutan kimsə Ramazan ayının son günündə fitrə zəkatı çıxarmalı, imkanı yoxdursa, kimsə ona fitrə verməlidir. Fitrənin miqdarının 15 manat olması ilə bağlı çox suallar səsləndirilir. Dinimizin gözəlliyi bundandır ki, biz zamanla, məkanla ayaqlaşırıq. Bu gün yeməkxanaya gedəndə bir stulun qiyməti 10-15 manat arasında dəyişir. Fitrə çıxarılan zaman da əsas yediyimizin zəkatını verməliyik. Biz təkcə un, çörək yemirik, çörəyin yanında düyü, xurma istehlak olunur. Buna görə də imkanlı şəxslər ailə daxilində adam başına 10-15 manat dəyərində Ramazan ayının son günü fitrə zəkatı çıxarmalıdır".

Bəxtiyar Nəcəfov qeyd edib ki, fitrə zəkatı əmlaka görə yox, adam sayına görə çıxarılmalıdır: "Bəzi adamlar adambaşına yox, evinə, maşınına görə fitrə zəkatı çıxarır. Bunlara fitrə zəkatı düşmür. Fitrə zəkatı insanın canı üçündür, ailədə bayram axşamı süfrə arxasına neçə nəfər əyləşibsə, hətta qonaq gəlibsə, bayram axşamı onun da zəkatını ev sahibi çıxarmalıdır.

Fitrə zəkatı ruzimizi imkansızlarla paylaşmaq üçün bir vasitədir. Fitrə zəkatı hər kəsin büdcəsinə görə çıxarılır. Əgər şəxsdə o büdcə yoxdursa, imkan olmadığı təqdirdə onun özünə fitrə zəkatı verilir. QMİ fitrə zəkatı toplamır, ümumiyyətlə, fitrələr məscidlərə verilmir. Hər kəs öz qonşusunda, qohumunda imkanı olmayan şəxslərə fitrə verə bilər. Məscidlərdə fitrə qutuları olmur".

Mövzuya münasibət bildirən ilahiyyatçı Elşad Mirinin sözlərinə görə, bu gün fitrə zəkatının miqdarının buğdanın qiyməti ilə müəyyənləşdirillməsi doğru deyil:

"Fitrə zəkatının miqdarı dövrə görə dəyişir, əvvəllər insanlar buğda alırdı, buğda ilə qidalanırdı. Amma günümüzdə buğda alıb, buğda yeyən, ondan nəsə düzəldən nə qədər insan var? Doğrudur, sələfi əqidədə olan insanlar var və düşünürlər ki, müəyyən qidalar var, onlar mütləq alınmalıdır. Amma ola bilər ki, sənin aldığın qidanı qarşı tərəf istifadə etmirsə, bəyənmirsə, niyə məcbur eyni məhsullardan ona verməlisən? Bu səbəblə bu gün müəyyən məbləğdə vəsaitin verilməsi, həmin ehtiyaclı insanların da ərzaqları alıb, öz istədikləri kimi qeyd etmələri daha məqsədəuyğundur. Bunu nəzərə almaq lazımdır".

Elşad Miri qeyd edib ki, fitrə verən şəxs standart məbləği nəzərə almamalıdır: "Heç kim özündən mütləq qiymət müəyyənləşdirə bilməz. Bu gün hər kəs öz imkanından məlumatlıdır. Kimin nəyə gücü çatdığını, kasıbı nə ilə dolandıra biləcəyini bilir. Ona görə də ailəsinin ortalaması nədirsə, nə qədər vəsaitlə insan qidalana bilirsə, ona uyğun vəsaitlə fitrə verməsi daha yaxşıdır. Gücü çatan fitrə verməlidir ki, kasıb da bayramı keçirə bilsin. Əgər kasıb da fitrə zəkatı çıxaracaqsa, bəs o kimə verməlidir?

Bəziləri deyir ki, gündəlik 2 normanın yeməyi verilməlidir, niyə, biz özümüz gündə 3 dəfə qidalanırıq, Ramazanda 2 dəfə qidalandığımız üçün başqalarını niyə məcbur etməliyik ki, sən də 2 dəfə yemək ye. Bu gün özümüz hansısa restoranda qidalandığımız zaman baxaq nə qədər ödəniş edirik.

Konkret rəqəm bildirmək əvəzinə insanlar könüllərindən qopacaq qədər, öz ailələrinin ortalamasına uyğun olaraq fitrə vermələri daha yaxşıdır. Yoxsa Qafqaz Müsəlmanları İdarəsi nə qədərsə vəsait müəyyənləşdirir? Həmin idarənin əməkdaşlarından soruşun, 15 manata dolana bilirmi? Bir öynə yeməyi 15 manata yeyə bilirmi? Bayramı 15 manata keçirə bilirmi?

Qurani-Kərimin "Maidə" surəsinin 89-cu ayəsində qeyd olunur ki, bir insanın ödəyəcəyi fitrə zəkatı həmin insanın ailəsinin ortalama gəliri ilə əlaqəli olmalıdır. Konkret rəqəm bildirilmir, amma hər kəs özünün konkret xərclərini bilir. Fikrimcə, hamını 15 manat miqdarında fitrə zəkatı çıxarmağa məcbur etmək doğru yanaşma deyil.

Fitrənin məscid qutularına atılmasına ehtiyac yoxdur. Hər kəsin ətrafında tamıdığı, ehtiyacı olan yaxınlarına fitrə zəkatı verməsi daha məqsədəuyğundur".