Bakıda Rusiyanın “Sputnik” agentliyinin bağlanmasına çağırışlar güclənir

Bakıda Rusiyanın “Sputnik” agentliyinin bağlanmasına çağırışlar güclənir

26 Aprel 2022 18:01
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada Azərbaycan saytlarının bloklanmasına cavab olaraq Azərbaycan hakimiyyəti Rusiyanın "Sputnik" İnformasiya Agentliyinin Bakıdakı nümayəndəliyinin fəaliyyətini qadağan etməlidir.

Oxuməni.az xəbər verir ki, belə çağırışla çərşənbə axşamı Milli Məclisin deputatı Vahid Əhmədov çıxış edib.

Onun sözlərinə görə, bu yaxınlarda Bakı nümayəndəliyinin rəhbəri vəzifəsinə Rusiya xüsusi xidmət orqanının zabiti təyin edilib. Bundan öncə o, Abxaziya və Cənubi Osetiyada xidmət edib.

Deputat Medianın İnkişafı Agentliyini və Mətbuat Şurasını Azərbaycanda “Sputnik”in fəaliyyətinin qadağan edilməsi üçün tədbirlər görməyə çağırıb.

Öz növbəsində, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov bildirib ki, Əhmədovun fikrini dəstəkləyir. "Bu agentlik müntəzəm olaraq obyektivliyi və balansı pozur. Odur ki, bu agentliyin Azərbaycanda gələcək fəaliyyəti barədə düşünməyə dəyər", - o, Turan agentliyinə bildirib.

Xatırladaq ki, bundan öncə “Roskomnadzor” Azərbaycan saytları Haqqın.az, Oxu.az, Minval.az, Baku.WS Rusiya ərazisində bloklayıb.

“Sputnik”in nəşrlərinə gəlincə, orada müntəzəm olaraq ermənipərəst materiallar dərc olunur, həmçinin Ukraynaya qarşı müharibənin təbliğatı aparılır.

Azərbaycanda bu Agentlik 2015-ci ildən fəaliyyət göstərir. Turan.az