Ermənistanın Zəngilan təxribatı sülh anlaşmasının pozulması məqsədi ilə edilib

Ermənistanın Zəngilan təxribatı sülh anlaşmasının pozulması məqsədi ilə edilib

25 Aprel 2022 09:47
Bəyəndim (0) Bəyənmədim (0)

Nikol Paşinyanın Ermənsitan-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı mövqeyini və fikirlərini birdən-birə dəyişməsi yeni hadisə deyil. Eyni anda “iki ağanın bir nəkəri” funksiyasını icra etməyə çalışan Ermənistanın baş naziri gah bir ağanın, gah da o birinin diqtəsi altında bir-biri ilə daban-dabana zidd bəyanatlar verməklə hakimiyyətinin və “nə sülh, hə hərb” vəziyyətinin ömrünü uzatmağa çalışır.

Oxuməni.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli qeyd edib.

Politoloq bildirib ki, Brüsseldə keçirilən birinci görüşdən sonra da Nikol Paşinyanın verdiyi bəyanatları hər kəs xatırlayır: "Həmin dövrdə bir çoxları sülh müqaviləsi ilə bağlı razılaşmanın əldə olunacağını, kommunikasiyaların açılacağını gözləyirdi. Amma olmadı, baş nazir birinci ağasısının birbaşa, yaxud dolayısı ilə etdiyi xəbərdarlıqla mövqeyini kəskin şəkildə dəyişdi və yenidən prosesin irəliləməməsi üçün müxtəlif bəhanələr uydurmağa başladı. Brüsseldə keçirilən son görüşdən sonra Nikol Paşinyanın qısa fasilələrlə verdiyi bəyanatlar və bu bəyanatların doğurduğu nəticələr də göz qabağındadır.

Son bir həftə ərzində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanıb baş naziri ilə iki dəfə telefonla danışıb və Brüsseldə əldə olunan razılaşmalarla bağlı sonuncunun fikirlərini öyrənib. Birinci telefon danışığı Nikol Paşinyanın Rusiyaya səfərindən bir gün öncə, aprelin 18-də baş tutub. İkinci təmas isə aprelin 22-də... Və cəmi bir gün sonra Ermənistan dövlət sərhədinin Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən hissəsində təxribat törətməyə cəhd göstərib. Həm də Azərbaycan və Avropa İttifaqı Şurası prezidentlərinin telefon danışığından dərhal sonra...".

Elçin Mirzəbəyli bütün bunların təsadüf olmadığını düşündüyünü qeyd edib:

"Təsadüfdürmü? Düşünürəm ki, yox. Planlaşdırılmış və bilavasitə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və sülh prosesi ilə bağlı Brüsseldə əldə olunmuş razılaşmada nəzərdə tutulmuş addımların qarşısının alınmasına yönəlmiş məqsədyönlü təxribatdır. Brüsseldə əldə edilən razılaşmaya görə, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının iclası keçirilməli və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi məsələləri müzkirə olunmalıydı. Ermənistanın son təxribatı isə belə bir iclasın baş tutmasını şübhə altına alır".