““Tərtər işi”nin təşkilatçısı Nəcməddin Sadıkovdur, həbs edilməlidir”

““Tərtər işi”nin təşkilatçısı Nəcməddin Sadıkovdur, həbs edilməlidir”

20 Aprel 2022 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

““Tərtər işi”nin təşkilatçısı və başında duranı keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkov, icraçısı isə birbaşa onun bacısı oğlu general-mayor Ramil Əsgərov olub”.

Oxuməni.az xəbər verir ki, bu sözləri hərbi jurnalist, Birinci Qarabağ müharibəsinin qazisi Rey Kərimoğlu Yenisabah.az-a açıqlamasında deyib.

O, ötən gün Baş Prokurorluq tərəfindən “Tərtər işi” ilə bağlı yayılan açıqlamalara münasibət bildirib. Xatırladaq ki, “Tərtər işi” ilə əlaqədar olaraq Baş Prokurorluq tərəfindən 397 nəfər şəxs zərərçəkmiş qismində müəyyən edilib, 7 nəfər hərbçi isə istintaqa cəlb olunub.

Öz növbəsində R. Kərimoğlu əlavə edib: “Bu işdə də məsuliyyət daşıyan Müdafiə naziri Zakir Həsənovdur. Bu üç adamla bağlı tədbir görülməlidir, çünki bütün bu işlərin başında duran onlardır.

Ümid edirəm ki, iş şəffaf və obyektiv istintaq aparılsa, o zaman Zakir Həsənov, Nəcməddin Sadıkov və onun bacısı oğlu Ramil Əsgərov həbs edilməli və məsuliyyətə cəlb olunmalıdırlar.

Xatırlayırsınızsa, Nəcməddin Sadıkovun bacısı oğlu Ramil Əsgərov Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi olub, bir-başa tapşırıqları o verib. Burada olmayan adamlar indi müəyyən söhbətlər danışa bilərlər, amma bir daha qeyd edirəm, bir-başa məsuliyyət Zakir Həsənov, Nəcməddin Sadıkov və Ramil Əsgərovun üzərindədir. İstintaq bu üç nəfərdən başlamalıdır, sonra da kim hansı formada iştirak edibsə, o formada da cəzalarını almalıdırlar”.

“Nə qədər ki, Nəcməddin Sadıkov və onun saxta general-mayor rütbəsi almış bacısı oğlu Ramil Əsgərov həbs edilməyib, nə qədər ki, Zakir Həsənov vəzifəsindən kənarlaşdırılmayıb, onda heç bir obyektiv istintaqdan söhbət gedə bilməz!

O ki qaldı Hikmət Həsənov barəsində səsləndirilən fikirlərə, mən nə Hikmət Həsənov, nə Mais Bərxudarov, nə də digərləri ilə bağlı heç nə deyə bilmərəm.

Deyə biləcəyim odur ki, bu işin təşkilatçısı da, icraçısı da və buna məsuliyyət daşıyan da yuxarıda adlarını sadaladığım üç nəfərdir. Onların vaxtında bu hadisələr baş verib. Başqaları haqqında heç bir məlumatım yoxdur. Doğrudur, onlar haqqında da deyilir, amma konkret məsələ budur.

Anlayın, Nəcməddin həbs olunmalıdır, bu adam düşməndir, xaindir, vəssalam!”, - deyə müsahibimiz fikirlərini tamamlayıb.