Rusiya MN-dan İrəvana sülhməramlı mesajı – “Bu xəbərdarlıqdır ki...”

Rusiya MN-dan İrəvana sülhməramlı mesajı – “Bu xəbərdarlıqdır ki...”

18 Aprel 2022 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

“Atəşkəsin məhz qanunsuz erməni hərbi birləşmələri tərəfindən pozulduğu şübhə doğurmasa da, Rusiya Müdafiə Nazirliyinin son açıqlamasında reallığın olduğu kimi ifadə olunması Azərbaycan cəmiyyətində təəccüblə qarşılanıb”.

Oxuməni.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert Rusiya MN-ın məlum açıqlamasının bir neçə səbəbinin olduğunu söyləyib:

“İlk dəfədir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında Azərbaycanın sülhməramlıların müvəqqəti məsuliyyət zonasına daxil olan ərazisində atəşkəsin ermənilər tərəfindən pozulduğu bildirilir. Atəşkəsin məhz qanunsuz erməni hərbi birləşmələri tərəfindən pozulduğu şübhə doğurmasa da, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında reallığın olduğu kimi ifadə olunması Azərbaycan cəmiyyətində təəccüblə qarşılanıb. Hər kəs Rusiya Müdafiə Nazirliyinin hansı səbəblərdən obyektiv informasiya yaydığını təxmin etməyə çalışır.

Bəs Rusiya Müdafiə Nazirliyinin həqiqəti olduğu kimi, yaxud qismən ifadə etməsinin səbəbi nədir?

Hesab edirəm ki, bunun bir neçə səbəbi var:

Birincisi, sülhməramlıların müvəqqəti səlahiyyət zonasına daxil olan ərazilərdə qanunsuz hərbi birləşmələrin həyata keçirdikləri davamlı təxribatların qarşısının alınmamasının Azərbaycanda doğurduğu haqlı etirazlarının qarşılığında vəziyyəti qismən də olsa yumşaltmaq;

İkincisi, erməni separatçılarının, həmçinin Marqarita Simonyan kimi təbliğatçı-təxribatçıların guya Rusiyaya dəstək xarakteri daşıyan, əslində isə sülhməramlıların missiyasını tamamilə şübhə altına alan davranışlarını balanslaşdırmaq, bu təxribatlarda Rusiya tərəfinin yer almadığı görüntüsünü yaratmaq;

Üçüncüsü, Nikol Paşinyanın və digərlərinin sülhməramlıların ünvanına səsləndirdikləri ittihamların, eləcə də üçüncü qüvvələrin prosesə cəlb edilməsi istiqamətində atılan addımların qarşılığında Ermənistana xəbərdarlıq etmək istəyir”.

Bununla yanaşı, Elçin Mirzəbəyli hesab edir ki, sözügedən açıqlamanın növbəti addımlar üçün əlverişli fonun yaradılmasına xidmət etdiyi ehtimalını da diqqətdən qaçırmaq lazım deyil.