Rus “xüsusi nümayəndə” Bakının nəyinə lazımdır?

Rus “xüsusi nümayəndə” Bakının nəyinə lazımdır?

16 Aprel 09:57
180
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Azərbaycan və Ermənistana “xüsusi nümayəndə” təyin etməsi məntiqsiz görünür.

Oxuməni.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli Rusiyanın ATƏT-in Minsk Qrupundakı həmsədri İqor Xovayevi Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin etməsi ilə bağlı danışarkən Axar.az-a açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında artıq birbaşa təmaslar başlayıb:

“Bir neçə gün öncə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında birbaşa telefon danışığı baş tutdu. Bu, vasitəçilər olmadan iki ölkənin baş diplomatları arasında ilk rəsmi əlaqə idi. Eyni zamanda, sülh müqaviləsi və sərhədlərin delimitasiyası ilə bağlı aprelin sonunda yaradılması nəzərdə tutulan komissiyanın tərkibi müəyyənləşməkdədir. Yəni o komissiyada da Azərbaycan və Ermənistan nümayəndələri birbaşa təmasda olacaq və müzakirələr aparacaqlar.

Brüsseldə keçirilən görüşdən sonra iki ölkə arasında sülh danışıqlarında birbaşa ünsiyyətin başladığı müşahidə olunur. Məhz belə bir şəraitdə Rusiyanın Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin etməsinin məntiqi yoxdur. Rusiyadan bu vasitəçini kim xahiş edib? Nə ehtiyac vardı?”

Politoloq bildirib ki, Rusiya hazırda çox ciddi bir konfliktin içərisindədir:

“Rusiya Ukraynada hərbi əməliyyatlar aparır və indi bütün dünya bu konflikti aradan qaldırmağa çalışır. Rusiyanın özünə Ukrayna ilə müharibəni kəsən, bu ölkə ilə münasibətləri normallaşdıran “xüsusi nümayəndələr” lazımdır. Belə bir ölkənin artıq sülh istiqamətində irəliləyən iki ölkəyə heç bir xahiş olmadan “xüsusi nümayəndə” təyin etməsi anlaşılmazdır. O xüsusi nümayəndənin mandatı nə olacaq? Əgər söhbət beynəlxalq missiyadan gedirsə, Rusiya bütün beynəlxalq təşkilatlardan çıxarılıb. Onda bu xüsusi nümayəndənin mandatını kim tanıyacaq?

Halbuki birgə komissiya və birbaşa ünsiyyət Avropa Birliyi Şurasının himayəsindədir. Hər iki tərəf də bu vasitəçilikdən kifayət qədər razıdır, çünki Brüssel görüşündən sonra əhəmiyyətli irəliləyiş görürük. Əksinə, xüsusi nümayəndə əvəzinə Rusiya özünə bağlı olan təbliğatçıları – söhbət Marqarita Simonyan da daxil olmaqla, bir qrup media təmsilçisindən gedir – Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan qanunsuz açıqlamalardan çəkindirsə və prosesə mane olmazsa, Cənubi Qafqazdakı sülhə daha çox yardım etmiş olar”.