Simonyan və “Sputnik”i Bakıya qarşı…

Simonyan və “Sputnik”i Bakıya qarşı…

16 Aprel 2022 08:43
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni əsilli jurnalist Marqarita Simonyanın Teleqram kanalında etdiyi paylaşım geniş müzakirələrə səbəb olub.

Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinin “Rusiyaya birləşdirilməsi” kimi təxribatçı kampaniya aparan və ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan Marqarita Simonyanın rəhbərlik etdiyi media orqanlarının necə fəaliyyət göstərdiyi də hər kəsə bəllidir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, media rəhbəri jurnalistikanın qanunlarına sadiq, obyektiv və ədalətli olmalıdır:

“Simonyan ilk dəfə deyil ki, öz fəaliyyətində Azərbaycanın əleyhinə çıxış edir. “Sputnik”in reallığı nə qədər əks etdirdiyini 44 günlük müharibə zamanı da müşahidə etdik. Onlar artıq jurnalist deyil, siyasətçidirlər. “Sputnik”in Azərbaycandakı fəaliyyəti isə müzakirə olunmalıdır”.

Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə belə media qurumlarının Azərbaycanda fəaliyyətinin dayandırılmasının tərəfdarıdır:

“Bunu həmişə demişəm və yenə deyirəm, Azərbaycanda belə qurumun fəaliyyəti məqsədəuyğun deyil. Sadəcə dövlətlərarası müqaviləyə əsasən, onlar burada fəaliyyət göstərir. Düşünürəm ki, bir azdan onların da növbəsi çatacaq. Bundan əvvəlki rəhbərlik yarı erməni idi, indi isə tam ermənidir. O, separatçının böyüyüdür, rus kəşfiyyatının adamıdır. Onun burda heç bir işi olmamalıdır”.

Professor Qulu Məhərrəmli bildirib ki, Simonyanın verdiyi bəyanatlar Rusiya mətbuatını və siyasi elitasının fikrini ifadə etmir:

“Simonyanın milli mənsubiyyəti bəllidir. Onun birtərəfli çıxışı və Rusiyanın siyasi dairlərini bu mövqeyə şərik qoşması biabırçı haldır. “Sputnik”ə xəbərdarlıq olunmalıdır ki, rəhbərliyi bu cür bəyanatları davam etdirsə, Azərbaycan tərəfi bununla bağlı qərar qəbul edəcək. Media qurumunun rəhbərisənsə, siyasi mövqeyini açıq, sərt şəkildə bildirə bilməzsən. Jurnalist fəaliyyətini dayandır, sonra get müstəqil şəxs kimi ağlına gələni danış. Simonyan bu cəfəngiyyata görə məsuliyyət daşıyır. Qurumun təsisçiləri düşünməlidir ki, bir etnik ermənini, üstəgəl subyektiv fikirləri ilə Azərbaycan ictimaiyyətində narahatlıq yaradan fərdi “Sputnik”in başında saxlamağa dəyər, ya yox?”

Dosent Mübariz Əhmədov qeyd edib ki, qatı ermənipərəst jurnalistin rəhbərlik etdiyi media orqanından heç bir obyektiv münasibət gözləmək olmaz:

“Onu “Sputnik” kimi böyük portalın rəhbərliyindən uzaqlaşdırmaq lazımdır. Belə təfəkkürdə olan, Azərbaycanın əleyhinə gedən şəxsin rəhbərlik etdiyi medianın Azərbaycanla əlaqəsi tamamilə kəsilməlidir. Ümumiyyətlə, hər bir media qurumu qərəzli mövqedən uzaq olmalıdır. Simonyanın özü və rəhbərlik etdiyi “Sputnik” qərəzli mövqe tutur, qeyri-obyektivdir”.