Qarabağda asayişi kim qoruyacaq: Azərbaycan, yoxsa erməni polisləri?

Qarabağda asayişi kim qoruyacaq: Azərbaycan, yoxsa erməni polisləri?

15 Aprel 16:36
291
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Azərbaycanla sülh müqaviləsi imzamaq istiqamətində işlərə başlamaq istəyir. Əgər iki ölkə arasında sülh müqaviləsi imzalansa bu, Ermənistanın nəhayət ki, Qarabağı Azərbaycanın ərazisi kimi tanıyacağı demək olacaq. Belə olan halda Qarabağda hazırda yaşayan ermənilər Azərbaycan vətəndaşı olacaqlar. Gələcəkdə bu ərazilərdə hərbi hissələr açılacaq, Azərbaycan əsgəri, dövlət sərhəd xidməti və polis məntəqələri və s. yerləşəcək. Onların da vəzifəsi öz vətəndaşlarımız kimi erməni dilli əhalinin də təhlükəsizliyini qorumaq olacaq. Nəzərə alsaq ki, ermənilərlə 30 ildən artıq müddətdə düşmən kimi yaşamışıq. Bu illər ərzində iki Qarabağ müharibəsi baş verib. Ermənilər bizə Xocalı, Başlıbel və digər soyqırımlar yaşadıblar. Bu hadisələri unutmaq mümkün deyil. Belə olan halda erməni dilli vətəndaşlarımızı qorumaq mənəvi-psixoloji cəhətdən çətinlik yaratmayacaq ki?

Oxuməni.az xəbər verir ki, hərbi ekspert və psixoloq Azad İsazadə bununla bağlı Heürbiand.az-a bildirib ki, bu mühüm və çox çətin məsələdir. Sözsüz ki, buna zaman lazımdır ki, düşmənçilik dostluq olmasa da heç olmasa neytral və sakit yaşayışa çevrilsin:

“Psixoloji cəhətdən belə bir termin var - düşmən obrazını götürmək. Bunun da xüsusi metodikaları var. Amma biz başa düşməliyik ki, bu sifariş dövlət tərəfindən olmalıdır. Vaxtilə hələ 1990-cı illərdə beynəlxalq təşkilatlar bu mövzuyla bağlı xeyli qrantlar təklif edirdilər. Maliyyələşdirməyə də hazır idilər. Azərbaycanda bu layihələrə psixoloqlar qoşulmadı. Bildirdilər ki, biz bunu ancaq dövlət sifarişi kimi qəbul edə bilərik. Burda məsələ onda idi ki, biz düşmən obrazını götürsək və sabah müharibə başlasa insanlar yenə də aciz qalacaq. Ya da əksinə, düşmən obrazını götürməsək amma sülh bağlansa düşmən obrazı mane olacaq”.

Hərbi ekspert qeyd edib ki, hazırda doğurdan da düşmən obrazı simptom kimi aktuallaşıb. Düşmən obrazını Azərbaycan əhalisində deyil ermənidilli əhalinin arasında da götürmək lazım olacaq:

“Bu çətin məsələdi və obyektiv baxsaq inanmıram ki, Qarabağda ermənidilli əhali qalıb Azərbaycan pasportları alsın. Belə insanlar olsa da çox deyillər və böyük kütlə təşkil etməyəcək. Ona görə bu məsələ yəqin ki, gələcəkdə hansısa formada öz həllini tapacaq. Əsasən problemlər bizim mülki əhali vaxilə işğal altında olan ərazilərə qayıdanda yarana bilər. Hələlik, bu proses təzə başlayır”.

Azad İsazadənin dediyinə görə, yəqin ki, bu barədə hansısa mühüm və böyük bir proqram hazırlanmalıdı:

“Çünki söhbət təkcə hərbi hissələrdən getmir. Asayişi qoruyan polis qüvvələrindən gedir. Kimlər olacaq - Azərbaycan, yoxsa erməni polisləri? Erməni polislər olsa deməli Azərbaycan Daxili İşlər Nazirliyinin tərkibində olmalıdırlar. Onlara rütbə, o cümlədən də silah verilməlidir. Yəni bunlar böyük proqramlardır. Məktəb proqramları, səhiyyə sistemi və s. Sözsüz ki, erməni dilli Azərbaycan vətəndaşları yaşayan yerlərdə yəqin ki, onların öz mütəxəssisləri olmalıdır. Çünki əhali olaraq daha da inanacaqlar və bununla da həmin düşmən obrazının yavaş-yavaş aradan götürülməsi prosesinə başlanılmalıdı”.