Araik Moskvanı niyə "su yolu"na döndərib?

Araik Moskvanı niyə "su yolu"na döndərib?

15 Aprel 2022 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

“Araik Arutyunyanın əlindən Ermənistan tutqacı çıxdığına görə Moskvaya üz tutub”.

Oxuməni.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın son çıxışından sonra separatçı lideri Araik Arutyunyanın Moskvaya səfər planlaşdırması məsələsinə münasibət bildirib:

“Qarabağdakı bütün proseslərin müəllifi, təbii ki, Rusiyadır. O cümlədən separatçı rejimin də ilhamvericisi odur.

Ermənistan artıq müstəqil siyasət yürütməyə cəhd edir. Paşinyan son çıxışında bildirib ki, taleyimizi özümüz müəyyənləşdirməli, lazım olan cavabları özümüz tapmalıyıq. O, həmçinin, belə bir ifadə də işlədib: “Ermənistan dövlətdir, tövlə deyil”. Yəni İrəvan müstəqil davranış nümayiş etdirməyə cəhd edir.

Paşinyanın özü söyləyib ki, Azərbaycanın 5 əsas şərtini, - mən buna "Bakı prinsipləri" deyirəm, - qəbul etmişik. Hesab edirəm ki, bu, çox ciddi bir məsələdir. Çünki burada Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsi var”.

MDHP sədri erməni rəsmilərin açıqlamalarına istinad gətirərək bildirib ki, hələ 1991-ci ildə Ermənistan MDB-yə daxil olanda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb:

“Azərbaycana qarşı iddialar artıq birmənalı şəkildə aradan qalxırsa, sülh müqaviləsi imzalanırsa, Rusiyanın ayağı bölgədən kəsiləcək. Ona görə də, Rusiya problemin qalmasında maraqlıdır. Bölgədə baş verən bütün insidentlərin müəllifi də Rusiyadır.

Araik Arutyunyan da başa düşür ki, Ermənistan Azərbaycanla münasibətləri sahmana salmağa çalışır. O anlayır ki, parazit, separatçı və bəzi məsələlərdə maşa kimi istifadə olunan rejiminin sonu çatıb. Buna görə də, nicatını Rusiyada axtarır.

Xatırlayırsınıza, bri ara bəyanat da vermişdilər ki, Rusiyaya birləşmək haqqında referendum keçirə bilərik. Bütün bunlar göstərir ki, Araik artıq Ermənistanın nə qərar verdiyini başa düşür və məsləhətləşmələri Moskva ilə edir, təlimatları oradan alır, onlara sığınmağa çalışır”.

“Arada belə bir fikir də bildiriblər ki, Qarabağda Rusiya sülhməramlıların sayı artırılmalı və onlar bölgədə qeyri-müəyyən müddətə qalmalıdır, çünki təhlükəsizliyimizin təminatı budur. Amma Paşinyan tam fərqli mövqedən çıxış edir. Araik Arutyunyanın əlindən Ermənistan tutqacı çıxdığına görə Moksvaya üz tutub. Amma bunun heç bir əhəmiyyəti olmayacaq. Ya Qarabağdakı erməni əsilli azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul etməli (əli qana batmış cinayətkarlar və terrorçular istisna olmaqla), ya da Azərbaycan istənilən formada öz yurisdiksiyasında olan ərazidə suverenliyini bərpa etməlidir”, - deyə eks-deputat yekunlaşdırıb.