Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanı nə gözləyir?

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanı nə gözləyir?

8 Aprel 09:40
441
Bəyəndim (0) Bəyənmədim (0)

ReAL-ın icra katibi Natiq Cəfərli: “Elmira Axundova peşəkar diplomat deyil, dəyişdirilməlidir”.

AMİP lideri Etibar Məmmədov :

“Ukraynadakı səfirliyimiz kifayət qədər gücləndirilməlidir ki, müharibə dövrünün tələblərinə cavab versin. Bu səfir orada yaşayan soydaşlarımız və Ukrayna ilə münasibətlərin lazımi səviyyəyə qaldırılması üçün tələblərə cavab verən bir səfir olmalıdır. İndiki səfir isə bu tələblərə cavab vermir”.

Artiq Kiyevdə yaranan sabitlikdən sonra xarici ölkə səfirlərinin Kiyevə geri qayıtması prosesi başlayıb. Azərbaycanın da bu ölkədəki səfirliyinin və səfir Elmira Axundovanın fəaliyyətin bərpa olunmasının vaxtı çatıb.

Bildiyimiz kimi, səfirimizin müharibə dönəmindəki fəaliyyəti ictimaiyyətdə narazılıqla qarşılanıb və bu barədə Elmira Axundova da bəzi fikirləri ilə müzakirə obyektinə çevrilib.

Oxuməni.az xəbər verir ki, məsələ ilə bağlı tanınmış millət vəkilləri və siyasətçilər Bizim.Media-ya öz münasibətlərini açıqlayıb.

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Kiyevdəki səfirimizin fəaliyyətinə hər hansı bir kölgə salan ifadə işlətmək istəmədiyini deyb:

“Azərbaycan da yəqin ki, Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edəcək. Ancaq oradakı səfirimiz nə günah işlədib ki, dəyişdirilsin? Müharibə dövründə səfir olmaq çətindir. O, dövlətin siyasətini doğru-düzgün balanslaşdırmağı bacarmalıdır. Bu mənada, Ukraynadakı səfirimiz ciddi nöqsanlara yol verməyib. Sadəcə olaraq, zamanında Ukraynadan insanlarımızın köçürülməsində bəzi yanlışlıqlar ola bilər. Amma onu da başa düşmək olar ki, çoxsaylı soydaşlarımızı kordinasiya edib çıxarmaq çətin məsələ idi”.

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də Kiyevdəki səfirimizin dəyişdirilməsinə lüzum görmür:

“Düşünürəm ki, səfirlik Kiyevə qayıtsa, indiki səfir də öz fəaliyyətini davam etdirəcək. Hazırda bu istiqamətdə hansısa bir fövqəladə hadisə görmürəm. Müharibənin öz qanunları var. Azərbaycan səfirliyi də digər ölkə səfirliklərilə birgə Kiyevin təhlükəli anlarında ölkəni tərk edib. İndi bəziləri Kiyevə qayıdır. Azərbaycan səfirliyi də qayıdacaq. Bu istiqamətdə qərar vermək Prezidentin səlahiyyətindədir”.

ReAL-ın icra katibi Natiq Cəfərlinin münasibəti isə konkretdir: “Elmira Axundova peşəkar diplomat deyil, dəyişdirilməlidir”. O, bildirib ki, vəziyyət getdikcə daha da yaxşılaşarsa, yəqin ki, Azərbaycanın Kiyevdəki səfirliyi də öz fəaliyyətini bərpa edəcək:

“Ölkəmizin Ukraynadakı səfirinin fəaliyyətilə bağlı ciddi iradlar irəli sürülüb. Xüsusən də, Ukraynadan azərbaycanlıların təxliyəsi məsələsində müəyyən problemlər, sual və iradlar səsləndi.

Ukraynada səfir fəaliyyəti yaxın zamanlarda vacib önəmə malik olacaq. Ona görə də vacib geosiyasi əhmiyyəti və dünyanın diqqət mərkəzində olan Ukrayna kimi bir ölkədə daha təcrübəli və proseslərə çevik reaksiya verəcək şəxs səfir olmalıdır”.

“Elmira Axundova səfir olaraq müharibə dövrünün tələblərinə cavab vermir”.

Bu mənada AMİP lideri Etibar Məmmədov da onun geri çağırılmasının vacib olduğu qənaətindədir:

“Ukraynadakı səfirliyimiz kifayət qədər gücləndirilməlidir ki, müharibə dövrünün tələblərinə cavab versin. Bu səfir orada yaşayan soydaşlarımız və Ukrayna ilə münasibətlərin lazımi səviyyəyə qaldırılması üçün tələblərə cavab verən bir səfir olmalıdır. İndiki səfir isə bu tələblərə cavab vermir”.