“İslam dini sərt qadağaların əleyhinədir” - İlahiyyatçı-deputat

“İslam dini sərt qadağaların əleyhinədir” - İlahiyyatçı-deputat

2 Aprel 2022 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son gününə təsadüf edir. Artıq QMİ Qazılar Şurası bununla bağlı mövqeyini açqılayıb. Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Oxuməni.az xəbər verir ki, fitrə zəkatının miqdarı daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına ən azı 3 kq olmaqla hesablanır: Buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı. Ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verılə bilər.

Ramazan ayında hər zaman müzakirə olunan məsələlərdən biri fitrə zəkatının məbləğidir. Bu istiqamətdə müzakirələrin indidən start götürdüyünü söyləmək olar.
İmkansız adamların da fitrə verməsi məcburidirmi?
Milli Məclisin deputatı, ilahiyyatçı-alim Ceyhun Məmmədov Yenisabah.az-a açıqlamasında deyib ki, din sərt məhdudiyyətlərin, qadağaların əleyhinədir:

“Ümumiyyətlə, din hər bir məsələdə çətinləşdirmənin, sərt məhdudiyyətlərinin, qadağaların əleyhinədir. Fitrə daha çox insanın imkanından asılıdır. Əgər bir insanın imkanı yüksəkdirsə, onun düyü və xurma ilə fitrə çıxarması mümkündür”.

Deputat qeyd edib ki, bahalı qidanın olması şərt deyil:

“Qayda yoxdur ki, burada mütləq xurma və ya bahalı qida olmalıdır. Dində göstərilib ki, arpa, düyü, xurma ola bilər. Bu da daha çox insanların imkanlarından asılıdır. İnsanın imkanı varsa, o nəinki 3 kq, hətta daha çox verə bilər. Din vətəndaşla Allah arasında ünsiyyət vasitəsidir. Hər bir insan öz vicdanına, insafına uyğun olaraq addım atmalıdır. İslam dini fikir ayrılığının, qarşıdurmanın əleyhinədir. Bu məsələdə çalışmalıyıq ki, diqqətli olaq”.

C.Məmmədovun sözlərinə görə, öz ehtiyaclarını təmin edə bilməyən şəxsin fitrə çıxarması vacib deyil:

“Orucluq ayının sonunda hər bir imkanı olan şəxs fitrə çıxarmalıdır. Bir insanın imkanı yoxdursa, öz ehtiyaclarını təmin edə bilmirsə, onun fitrə çıxarması vacib deyil”.