Rusiyanın Azərbaycandan narazılığının səbəbi bilindi

Rusiyanın Azərbaycandan narazılığının səbəbi bilindi

1 Aprel 2022 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin (Roskomnadzor) ölkəmizin bır sıra KİV-lərini bloklaması ilə əlaqədar açıqlaması diqqət çəkib.

Oxuməni.az xəbər verir ki, mətbuata açıqlamasında səfir deyib: "Azərbaycan mediasında Rusiyanın mövqeyini və rəhbərliyini qərəzli tənqid edən materialların çoxluğu bizi təəccübləndirir. Dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətini yerli mediada tüğyan edən anti-Rusiya isterikasına cəlb etməli olduq. Ümid edirik ki, bu proses dayandırılacaq", - deyə səfir bildirib. Beləliklə, Rusiyanın Azərbaycandan narazılığının səbəbi üzə çıxıb. Səfir etiraf edib ki, "dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətini yerli mediada tüğyan edən anti-Rusiya isteriyasına cəlb etməli olublar". Bəs bu narazılıq haqlıdırmı? Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirdi ki, Rusiya səfirinin açıqlamasında "Azərbaycan KİV-i Rusiyaya qarşı isterika ilə doludur" deməsi, eyni zamanda Azərbaycan hökumətindən bu isterikanın qarşısını almaq haqqında təmənnada bulunması anlaşılmazdır: "Azərbaycan demokratik hüquqi dövlətdir və KİV-in fəaliyyəti azaddır. Yəni hakimiyyətin KİV qurumlarına "filan məsələni yaz, filan məsələni yazma" deməsi praktikası yoxdur. KİV-də hansı mövzulara həssas yanaşılmalıdır, yaxud da hansı mövzularda yayınmaq olmaz kimi məsələlər qanunla müəyyənləşir. Azərbaycan müvafiq dövlət strukturları da yalnız qanuna müvafiq olan mövzular sahəsində KİV-ə tövsiyələr verə bilirlər, çağırışlar edirlər. Amma qanunla qadağan olunmayan məsələlərdə KİV sərbəstdir, azaddır. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti yalnız dövlətin rəsmi təsisçisi olduğu media orqanlarında məsələlərə yön verə bilər. Diqqət etdikdə görəcəyik ki, rəsmi KİV-də Rusiyaya qarşı heç bir isterika yoxdur, əksinə, kifayət qədər loyal münasibət göstərilir". M.Ələsgərlinin sözlərinə görə, məsələnin üçüncü tərəfi ondan ibarətdir ki, Azərbaycan dövlətinin və hakimiyyətinin Rusiyaya münasibəti bəllidir: "Bu, dövlətlərarası müqavilələrdə, ən son olaraq fevral ayında imzalanmış müttəfiqlik bəyannaməsində öz əksini tapıb. Azərbaycan bir qonşu dövlət olaraq Rusiyaya xoş münasibət göstərib və göstərir. Amma biz Rusiya tərəfindən eyni münasibəti görürükmü? Təbii ki, yox. Odur ki, cənab səfir yəqin ki, öz ölkəsinə bu məsələlərlə bağlı vəziyyəti çatdırmalıdır. Məsələnin dördüncü tərəfi odur ki, əvvəla, Azərbaycan mediasında Rusiyaya qarşı xüsusi bir isterika və nifrət çıxışları yoxdur. Azərbaycan mediası, sadəcə olaraq, Rusiyanın KİV-ində və Xarici işlər Nazirliyinin, Müdafiə Nazirliyinin açıqlamalarında Azərbaycana qarşı olan anormal fikirlərə reaksiya verir". "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev isə bildirdi ki, burada bir həssas məqam var ki, mütləq nəzərə almaq lazımdır: "Təəssüf ki, Rusiya siyasiləri bu incəliyin mahiyyətinə varmadan Azərbaycanın yerli mediası haqqında natamam fikirlər yürüdür və nəticədə düzgün olmayan qərarlar qəbul edilir. Hər bir kəs bilməlidir ki, daxili auditoriya qarşısında təkcə iqtidar, onun təmsilçiləri, siyasilər yox, həm də yerli KİV-lər, informasiya resursları hesabatlıdırlar. KİV-lər reallığa uyğun olaraq daxili auditoriyanın ictimai-siyasi emosiyalarını təmin etməyə, ümumi ictimai fikri ifadə etməyə çalışır. Əslində elə belə də olmalıdır. Əks təqdirdə, yerli KİV-lər ictimai simalarını itirə, ictimai qınağa məruz qala bilər. İctimai gözləntiləri nəzərə almayan KİV kimə lazımdır?! Bu günlər bir sınaq mərhələsidir. Və yerli KİV-lər çox düzgün olaraq ictimai etimad mövzusunda həssas davranırlar. Rusiya siyasiləri Azərbaycan KİV-lərində, özlərinin dediyi kimi, "tüğyan edən anti-Rusiya isteriyası"nı görmək istəmirlərsə, ciddi düşünməlidirlər". Yeni Müsavat