
Sülhməramlıların komandanı niyə tez-tez dəyişir: Bu məsələdə erməni barmağı...
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağdakı sülhməramlı kontingentə general-mayor Andrey Volkov rəhbərlik edəcək.
Oxuməni.az xəbər verir ki, general-mayor Volkov Qarabağdakı sülhməramlılara general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi vaxtlarda - 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi kontingentin komandir müavini olub. Hazırda Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin qoşun hissəsinin rəisidir. Bu barədə Modern.az-a danışan hərbi ekspert Şair Ramaldanov bildirib ki, sülhməramlılar Rusiya Müdafiə Nazirliyinə tabedir və dəyişiklik onların daxili işidir:
“Burada dəyişmələr müxtəlif səbəblərdən ola bilər. Əslində komandanın dəyişməsi sülhməramlıların fəaliyyətinə heç bir təsir etmir. Çünki onların fəaliyyəti Azərbaycan dövləti ilə qərarlaşdırılır. İki dövlət arasında razılaşmalar əsasında fəaliyyətlərini tənzimləyirlər. Ona görə də kimin gəlməsindən asılı olmayaraq, məqsəd missiyanı yerinə yetirməkdir. Prezident də onların fəaliyyətini yüksək qiymətləndirib. Ona görə Azərbaycanın ziddinə hərəkət edəcəklərini düşünmürəm. Kim gəlsə də, öz vəzifəsini həyata keçirir”.
Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Rusiyanın sülhməramlı qüvvələri Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilib. Bu, son bir il 2 ay ərzində 4-cü komandan dəyişikliyidir. Belə ki, Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokov yerinə yetirib. Daha sonra bu vəzifəyə Gennadi Anaşkin təyin olunub.