Musiqi qəlblərdən qəlblərə birbaşa körpüdür

Musiqi qəlblərdən qəlblərə birbaşa körpüdür

23 May 2012 16:46
Bəyəndim (0) Bəyənmədim (0)
Körpü tikintisində qaynaqçı işləyən tarzən nə vaxtsa musiqi aləminə qayıtmağı düşünür

Dünya maddi nemətlərlə doludur. Lakin bu nemətlərdən zövq almaq üçün insan mənəvi cəhətdən zəngin olmalıdır. Bu gün sizlərə təqdim edəcəyim adam ixtisasca inşaatçıdır. Özünün dediyinə görə, bu sənət onun üçün hobbidir, yəni sevimli məşğuliyyətdir. O, tarzənlikdə özünü daha uğurlu sənətkar sayır. Beləliklə, tanış olun - Sahib Məmmədov. Həyatda yalnız mənəvi dəyərlərə önəm verən bu insan maddiyyatın ötəri olduğuna əmindir.

- Sahib, sizi iş başında yaxaladıq. Gördüyümüz kimi, dincinizi musiqi zümzümə etməklə alırsınız.

- Elədir. Mən nə siqaret çəkirəm, nə də passiv dincəlməyə üstünlük verirəm. Mənim üçün ən böyük istirahət musiqidir. Təbii ki, burada tar çalmaq və ya musiqiyə qulaq asmaq qeyri-mümkündür. Ona görə də mən özüm oxumağa üstünlük verirəm.

- Sizin bu məşğuliyyətiniz yoldaşlarınıza mane olmur ki?

- Əksinə, çox vaxt onlar məndən bunu xahiş edirlər. İş vaxtı səs-küy olsa da, yanımdakı adamlar musiqi dinləmək istəyirlər. İnandırıcı səslənməsə də, oxuduğum mahnıları əsasən yoldaşlarım sifariş verirlər.

- Bəzən elə anlar olurmu ki, siz onların xahişini yerə salmaq məcburiyyətində qalırsınız? Məsələn, mahnının musiqisini və ya sözlərini bilmədikdə.

- Əlbəttə olur. Mən estrada mahnılarını ifa etmirəm. Daha doğrusu, bu mahnılardan zövq ala bilmirəm. Ona görə də xalq mahnıları, muğamlar, təsniflər oxuyuram.

- Sizdə bu istedad haradandır?

- Mən əvvəllər peşəkar tarzən olmuşam. Musiqi məktəbində tar fənni üzrə dərs demişəm. Lakin müəllimliklə heç bir şeyə nail ola bilmədiyim üçün usta olmuşam.

- Belə çıxır ki, məcburiyyət qarşısında qalıb, inşaatçı peşəni seçmisiniz?

- Mən belə deməzdim. İnsan gərək öz işini elə görsün ki, başqaları bundan zövq ala bilsin. Hər bir iş incəlik, incəsənət tələb edir. Ona görə də mən bu işimi də sevə-sevə icra edirəm. Bakıda ucalacaq körpüləri təsəvvür etdikcə lazımlı işlə məşğul olduğumu anlayıram. Mən ixtisasca qaynaqçıyam. Dəmirləri bir-birinə caladıqca insan qəlblərini birləşdirdiyimi dərk edirəm.

- Olduqca romantik adamsınız. Siz cansız bir dəmiri insan qəlbinə bənzətməyə necə cəsarət etdiniz?

- Sualınızın mənasını anladım. Bu, kiçik bir bənzətmə idi. Belə baxanda insan qəlbi də dəmir kimi möhkəm və dözümlü olmalıdır. İnsanı necə tərbiyə edirsən, elə də olur. Dəmiri də necə döyürsənsə, əyrisənsə, istədiyin şəkli alır. Əlbəttə, bu bir zarafatdır. İnsan qəlbini vurmaq, əymək insafsızlıq olardı. Yəqin ki, hisslərimə qapılıb, sualınıza şairanə tərzdə cavab vermək istədim, ancaq alınmadı.

- Ümumiyyətlə, şerlə aranız necədir? Şairlik edirsinizmi?

- Xeyr, etmirəm. Mən dahi şairlərin əsərlərindən zövq almaqla kifayətlənirəm. Həmin əsərlər şəxsən məni mənəvi saflığa, gözəlliyə səsləyir. Elə ona görə də hər bir işdə gözəllik axtarıram.

- Tapa bilirsinizmi bu gözəlliyi?

- Haradasa tapıram. İnkişafı gördükcə, ölkəmizdəki uğurların şahidi olduqca gələcəyə inamım daha da artır.

- Gələcək demişkən, bir neçə ildən sonra özünüzü necə görürsünüz?

- Mən özümü yenidən musiqi məktəbində görürəm. Əminəm ki, bir neçə ildən sonra müəllimlik peşəsinə, elmə, incəsənətə rəğbət daha da artacaq.

- Bəs qaynaqçılıq peşəsi nə olacaq?

- Qoy körpülər ucalsın, insanlar arasında gediş-gəliş artsın, bax onda hər şey qaydasında olacaq. Bundan sonra mən qəlbdən-qəlbə körpülər yaratmağa başlayacam, yəni həyatımı musiqiyə həsr edəcəm. O ki qaldı qaynaqçılıq peşəsinə, lazım olduqca onu da işlədəcəm.

SON SÖZ ƏVƏZİ:

Biz hər bir şeyi öz gözlərimizlə görürük. Atalar demişkən, gözlər qəlbin aynasıdır. Əgər nəyisə gözəl görə bilmiriksə, deməli, qəlbən çirkinik. Sahib isə gələcəyə nikbin baxır, çünki hər bir şeydə gözəllik axtarır. Bunu dərk etdikcə, anladım ki, qəlblərdən qəlblərə körpü salınırsa, gec-tez hər şey gözəlləşəcək.

Mayıl İsmayılov

O.M.