Bir vaxtlar qibtə etdiyim gəncin acı sonluğu

Bir vaxtlar qibtə etdiyim gəncin acı sonluğu

18 May 2012 14:59
Bəyəndim (0) Bəyənmədim (0)
ETİRAF: O, sirlərini mənə 20 manata satdı

Adi iş günlərindən biri idi. Mən adətim üzrə Nərimanov heykəlindən redaksiyamıza doğru piyada gəlirdim. Birdən kimsə məni arxadan səslədi. Ayaq saxlayıb, geri çevrildim. Diqqətimi qarşımda dayanmış fağır görkəmli oğlana yönəltdim. Düzü, onu tanımasam da, adımı çəkdiyinə görə təəccüblənmişdim. Odur ki, hadisələrin sonrakı inkişafını gözləyirdim. O, gözlərini qırparaq, dodaqlarını yaladı. Sonra var qüvvəsini toplayıb yenidən mənim adımı dilinə gətirdi. Cılız cüssəli bu adamın titrək səslə danışması, yerində durarkən səndələməsi onun kefli olduğundan xəbər verirdi. Mən doğrudan da bu oğlanın kim olduğunu ayırd edə bilmirdim. Nəhayət, o, bir neçə addım irəliləyərək, məni bağrına basdı. Ən yaxın adamı kimi üz-gözümdən öpdü. Daha sonra doluxsunmuş halda məndən pul istədi. Yaxın məsafədən səsini eşitdiyim üçün onu tanıdım. Bu, mənim 9-cu mikrorayondan tanıdığım Kamil (müəyyən səbəblərdən adı öz adına uyğun dəyişdirilib) idi. O, təxminən 10 ilə yaxın olardı ki, buralara köçmüşdü. Düzü, Kamil əvvəllər də narkotikdən istifadə edirdi. Lakin onun bu vəziyyətə düşməsini ağlıma da gətirə bilməzdim. Bir vaxtlar böyük vəzifə sahibinin (onun atası vəzifəsinə görə ilk onluğa düşürdü) oğlu olan, pula pul, maşına maşın deməyən bu oğlan həyatın ən dərin girdabına yuvarlanmışdı. Halbuki, o zamanlar çoxları onun kimi yaşamağa, özünü ona oxşatmağa çalışırdılar, hətta mən özüm də. İndi isə 30 yaşlı Kamil 50 yaşlı kişiyə oxşayırdı. Taleyin keşməkeşli yolları sanki onun üzündən keçirdi. O, son dərəcə dərdli və köməksiz görünürdü. Məndən istədiyi pulun miqdarı da onun acizliyindən xəbər verirdi. Belə ki, bu məbləğ əvvəllər Kamilin bir günə xərclədiyi pulun yanında qəpik-quruşa bənzəyirdi.

- Qurban olum sənə, mənə dörd-beş manat ver. Elə bil ölürəm, yerdən qaldır məni, - deyə Kamil mənə dil tökdükcə daxilən əzab çəkirdi. Sanki onu bu kökə mən salmışdım.

- Neyləyirsən bu pulu?

- Elə bilmə ki, mən bu pulu "nəşə" üçün alıram. Yox, dərmana çatmır. Yəqin bilirsən, atam xəstədir, dərman almalıyam ona.

Kamilin yalan danışdığı onun mənə zillənmiş donuq və mənasız baxışlarından bilinirdi. Bu baxışlar ancaq narkomana aid ola bilərdi. Sözün düzü, əvvəl olsaydı, onu sorğu-suala tutmağa cürət etməzdim. İndi isə hər şey göz qabağında idi.

- Sənin atanın pulu yoxdur bəyəm? Düzünü desən də, verərdim. Niyə yalan danışırsan?

- Onda ver. Atam xəstə-zad deyil. Bir nəfərə borcum var, verməsəm, məni öldürəcəklər.

- Yenə də yalan deyirsən. Bu qədər pula görə adam öldürərlər?

- Qurban olum sənə, mənim başımı ağrıtma. Yaxşısı budur, pulu ver gedim.

- Verməyinə verəcəm. Amma səndən bir xahişim olacaq.

- Əmr elə. Sənin hər əmrini can-başla yerinə yetirməyə hazıram.

- De görüm, mənə müsahibə verməyə razısanmı?

- O nədir elə?

- İntervyu verərsən mənə?

- O nə sözdür, qaqaş? Sənə canım da qurban. Biz həmişə dost olmuşuq. Bilirsən ki, sənin xətrini hamıdan çox istəmişəm, o biri uşaqlardan da.

Əslində, Kamil yenə də səmimi deyildi. Belə ki, o, heç vaxt mənim xətrimi istəməmişdi. Hətta deyərdim ki, prokuror oğlu kimi məni sayıb-seçmirdi də.

- Kamil, səninlə nə zaman görüşə bilərik?

- "Lyuboy" vaxt sənə intervyu verərəm. De görüm, mənə nə qədər hörmət edəcəksən?

- Nə qədər lazımdır?

- 20 manat verərsən, razılaşarıq. İstəyirsən, elə burada danışaq. Səni nə maraqlandırır?

- Qalsın başqa vaxta. Mən indi sənə 5 manat verəcəm. Sabah burada olsan, gələrəm, söhbət edərik.

- Sabaha niyə qalsın? Elə indicə söhbəti xətm edək, qurtarsın. Mən deyim, sən yaz. Hal-hazırda işsizəm. Elə atam da mənim günümdədir. Qəpiyə güllə atırıq. Maşınımı çoxdan satmışam, piyada gəzirəm. Arvad almışdım, oturmadı, getdi. Hansı birini deyim? Bütün işlər zibil kimidir.

- Kamil, qaqaş, camaat bizə baxır, ayıbdır. Bu barədə sonra danışarıq.

- Camaat kimdir? Hamısı öz uşaqlarımızdır. Bizə ona görə baxırlar ki, məni gözləyirlər.

- Get onların yanına. Gözlətmə dostlarını, yaxşı deyil.

- Onda axşam gələrəm sizin işə.

Kamilin son təklifi məni təşvişə saldı. Narkomanın redaksiyamıza dadanmasını istəmədiyim üçün ona qəti etirazımı bildirdim. Amma gözlənilmədən aldığım cavab məni karıxdırdı:

- Sizin iş yerinizi tanıyıram. Axşam saat 10-da olaram orada...

Kamil söz verdiyi kimi, axşam saat 10-da redaksiyamıza gəldi. Düzü, onun gəlişinə o qədər də sevinməmişdim. Əvvəla, ona görə ki, iş yoldaşlarım belə bir tanışım olduğunu təqdir etməyəcəkdilər. İkincisi, hər hansı bir narkomanın bizim redaksiyamıza dadanması müdiriyyət tərəfindən də narazılıqla qarşılanacaqdı. Kamilsə gəlib çıxmışdı. O, heç nə olmayıbmış kimi səliqəli geyimdə içəri daxil olaraq, hər kəslə nəzakətlə salamlaşdı. Bir andaca ürəyim düşdü. Elə bildim ki, həmişə kimi bu dəfə də özünü qaba aparacaq və heç kimi sayıb seçməyəcək. O isə mədəni davranışı ilə məni təəccübləndirdi. Görünür, zaman ona da çəki-düzən vermişdi. Güllə tək yerimdən sıçrayıb, onu qarşıladım. Pərtliyimi süni təbəssüm altında gizlədərək, köhnə tanışımı o biri otağa dəvət etdim. O, təşəkkürünü bildirib, göstərilən istiqamətə yollandı. Kamili bilərəkdən elə bir yerə aparmışdım ki, səsini məndən başqa eşidən olmasın. Daha dəqiq desək, "işçilərə mane olmasın" bəhanəsi ilə onu kompüter otağında yerləşdirib, qapını içəridən bağladım. Redaksiyamıza heç olmasa bir dəfə təşrif buyuranlar bilirlər ki, kompüter otağını böyük zaldan dəhliz ayırır. Deməli, Kamilin "kaprizləri" tutacağı halda yoldaşlarım onun işlədə biləcəyi nalayiq kəlmələri eşitməyəcəkdilər. Onunla üzbəüz əyləşdim. Bütün diqqətimi süzgün gözlərinə zilləyib, bir daha kefini soruşdum. Təşəkkürünü bildirdi. Kamil səhərkinə görə şux görünürdü. İstər sifətinin rəngi, istər iti hərəkətləri və baxışları, istərsə də aydın nitqi onun nisbətən normal olduğundan xəbər verirdi. Görünür, günorta qəbul etdiyi narkotikin təsiri getmişdi. Hələ bu azmış kimi o, məndən utanmağa da başlamışdı. Sanki günahkarmış kimi gözlərini yerə dikib, ara-bir köynəyini düzəltməklə diqqətimi sifətindən yayındırmağa çalışırdı. O an mənə elə gəldi ki, Kamil bayaq qarşımda aciz duruma düşdüyü üçün hələ də xəcalət çəkir. Bəlkə də özünü qınayırdı o? Hər halda ciddi təsir bağışlamaq istəsə də, həyəcanı çöhrəsindəki gərgin ifadədən hiss olunurdu. Doğrusu, ilk əvvəl mən də onun qədər təlaş keçirirdim. Hələ də mübahisə düşəcəyindən ehtiyat etdiyim üçün fikrimi məntiqsiz cümlələrlə ifadə edirdim. Ən yaxşı halda özüm və işim haqda danışmaqla kifayətlənirdim. Lakin söhbətimiz səmimi məcraya yönəldikcə get-gedə məndə özümə və ona qarşı inam yarandı. Tezliklə anlamağa başladım ki, qarşımda dayanan sabiq prokuror oğlundan çox dostluq axtarışında olan bir insandır. Hər halda bunu onun səmimi etirafından hiss etmişdim:

- Günahım məni indi də rahat buraxmır. Özüm cəhənnəmə, neçə-neçə yazığı bədbəxt elədim. Onların arasında elələri var ki, nə vaxtsa pələng kimi oğlanlar olublar, amma bu gün həyatda yoxdurlar. Hamısı o zəhrimarın qurbanı olublar.

- Kamil, sən onları qəsdənmi öyrətmisən, yoxsa belə alınıb?

- Düzünü desəm, narkomanlar özlərini normal adam hesab edirlər. Onlar danlanılmağı sevmirlər. Çünki onlara elə gəlir ki, narkotik də spirtli içki kimi adi bir şeydir. Keflənirsən, səhəri gün ayılırsan. Ona görə də kimsə onları qanayanda bərk hirslənirlər. Narkomanlar çalışırlar ki, çoxları bu yolun yolçusu olsun. Onda heç kim onları qınamaz, yəni narkomaniya adi hal alar.

- Nə üçün üçüncü şəxsin cəmində danışaraq, narkomanlara "onlar" deyirsən? Axı sən özün də narkoman sayılırsan?

- Bax bu yerdə səhvin var. Mən narkoman deyiləm, hərdən bir məzələnirəm, vəssalam. Elə günlər olur ki, pulum olmadığından "mal" almıram. Bütün günü evdə oturub, "çorta" gedirəm. O qızı gözümün qabağına gətirirəm.

- Hansı qızı?

- Bəlkə də sən onu tanımırsan? Amma o biri uşaqlar tanıyırdılar. BDU-da bir oxumuşduq, mən "yurfakt"da idim, o isə "filfakt"da. İki kurs məndən aşığı oxuyurdu, rus sektorunda. Başdan fırlanırdım onunla, amma sonra bir-birimizi sevdik. Ona görə Yasamalın rəisinin oğlunu döyüb maşının baqajına soxmuşdum.

- Hə, o söhbəti eşitmişəm. Deyəsən, sənin "qızına" sataşmışdı.

- Yox, sadəcə söz atmışdı, dalınca düşüb, maşınına oturtmaq istəmişdi. Qız bunu mənə deyəndə bərk hirsləndim. Bir gün oğlanı gözə qoyub, atasının rəis işlədiyi rayonda tutdum. Dostlarının gözü qarşısında o ki var, döydüm. Sonra maşına qoyub, Mərdəkan plyajına apardım.

- Atası bir söz demədi ki?

- Yox, bizim kişidən çəkinirdi. Necə olmasa, vəzifə asılılığı var idi. Həm də oğlunun gözünün odunu almışdım. O gündən sonra harada görürdü, maşınını saxlayıb gəlirdi yanıma. Bir-iki sillə vurub, onu dostlarının yanında alçaldırdım.

- Atan indi də vəzifədədirmi?

- Yox, təqaüdə çıxıb. Onun kim olduğunu yazma. Adını bilsələr, çoxları tanıyacaqlar.

- Bəs o qızla axırınız necə oldu? Eşitdiyimə görə, evlisən.

- Evli olmağına evli idim, amma onunla yox, tamam başqası ilə. Atam bizi məcburən evləndirmişdi. O da imkanlı bir ailənin uşağı idi. Xasiyyətimiz düz gəlmədiyindən boşandıq.

O ki qaldı ilk məhəbbətimə, onu çoxdan itirmişəm.

- Başa düşmədim.

- Uşaqlar danışmayıblar sənə? Bunu hamı bilir ki.

- Yox, Kamil, eşitməmişəm.

- O, mənim nə işlə məşğul olduğumu hiss etmişdi. Bir gün qarşımda şərt qoydu ki, bu işdən birdəfəlik əl çəkim. Ona söz verdim. Düz iki gün özümü saxladım. Amma necəsə oldu, uşaqlar kefimi pozdular, dilxor olub təzədən başladım. Məni hirsləndirən olmasaydı, çoxdan tərgitmişdim. Bir müddət bunu ondan gizlətdim. Ancaq bir gün hər şeyin üstü açıldı. "Lomka" vaxtımda qabağıma çıxdı. İstəmədən onun xətrinə dəydim. Daha doğrusu, əl qaldırım ona. O gün vəziyyətim pisləşmişdi. Nə etdiyimi bilmirdim. Deyilənə görə, onu az qalmışdım öldürəm.

- Bəs sonra peşman olmadınmı?

- Necə yəni olmadın? Əlbəttə oldum. Bir müddət nə üzünə çıxa bildim, nə də zəng etdim. Xəcalətdən az qalırdım yerə girəm. Həm onu aldatdığım üçün, həm də döydüyüm üçün özümü söyürdüm. Amma bir gün o, gözləmədiyim halda mənə zəng vurdu. Onunla danışmağa söz tapmasam da, o, məni sevdiyini və bağışladığını dedi. Həm də qarşımda şərt qoydu ki, tövbə edim, and içim. Birdəfəlik o şeyi tərgitim. Onun yolunda hər şeyə hazır idim.

- Deməli, and içdin. Elədirmi?

- Yox, ehtiyac olmadı. Demək olar ki, o özü bunu məndən istəmədi. Bir müddət o məsələdən uzaq durdum. Ancaq bir gün aramızda mübahisə düşdü. Hirslənib, onun gözü qabağında "hallandım". Təsadüfdən cibimdə hər şey hazır idi. O, mənə dedi ki, əgər bu işi tərgitməsəm, o da başlayacaq. Zarafata salıb, ona da "dərman" vurdum. Qusub özündən getdi. Səhəri ona öyüd nəsihət verməyə çalışdım, o isə yenə də şərtini təkrarladı. O gündən o da mənə qoşuldu.

- Bəs qızın atası ondan şübhələnmirdi?

- Yox, səhər gedib axşam gəlirdi. Deyəsən, zavod müdiri işləyirdi. Anası da əfəlin biri idi. Qızına inanırdı. Bir sözlə, bizə mane olan yox idi. O, evdən pul oğurlayırdı, mənsə hər ikimizə "mal" alırdım. Bir-iki aydan sonra o, məndən də betər oldu. Get-gedə dozaları artırmağa başladı. Bəzən onun nə dediyini başa düşə bilmirdim. Ağzına gələni danışırdı. Nə özümlə bacarırdım, nə də o, sözümə baxırdı. Yazıq pis günə düşmüşdü. Ona baxdıqca dəhşətə gəlirdim. Özümə görə xoflanırdım. Ayrılacağımızdan qorxurdum. Elə də oldu. Bir gün "peredozirovka"dan öldü. Deyilənə görə, hamamlarında iynə vurmuşdu. Başı vannanın tininə dəyib ölmüşdü.

- Sən onun yasına getdinmi?

- Yox, gedə bilməzdim. Məni qınayardılar. Ancaq həmin gün təkliyə çəkilib xeyli ağladım. Bir neçə gün özümə gələ bilmədim. Az qaldım özümü öldürəm. Atama hər şeyi danışdım. Ondan kömək istədim. O, məni Moskvaya müalicəyə göndərdi. Bir müddət müalicə aldım. Qanımı dəyişdilər. Atam tapşırmışdı ki, Bakıya qayıtmayım. Çünki narkoman uşaqlar məni təzədən "kruqa" sala bilərdilər. Dərdimi unutmaq üçün içməyə başladım. Moskvanın ən bahalı əyləncə yerlərinə dadandım. Heç yadımdan çıxmaz, bir gün bardan qayıdıb, hoteldə yatırdım. Birdən qapı açıldı. Milislər içəri doluşub, sorğu-sualsız qollarımı qandalladılar. Ayılanda gördüm ki, qız yoxdur. Milislər mənim yatağımda eşələndilər. Guya yastığımın altından heroin tapdılar. Başa düşdüm ki, qız "torbamı tikib". Məni milis idarəsinə apardılar. Xeyli əziyyət verdilər. Boynuma qoymağa çalışdılar ki, narkomanam.

Məni idarənin həyətində saatlarla turnikdən asırdılar, mən isə narkoman olmadığımı deyirdim. Axırda yaxamdan əl çəkdilər. Daha doğrusu, atam xəbər tutub Moskvaya gəldi. Şəhərin prokuroru ilə görüşüb, məni buraxdırdı. Onlar köhnə Sovet prokurorluq sistemindən bir-birini yaxşı tanıyırdılar.

- Qayıdandan sonra narkotikə qurşanmadın ki?

- Əvvəlcə yox. Atam mənim üzərimdə nəzarət qoymuşdu. Hər yerdə məni izləyirdilər. Narkoman uşaqlar qorxularından mənə yaxın düşmürdülər. Atam təqaüdə çıxdıqdan sonra vəziyyət dəyişdi. Hər şey əvvəlki qaydasına düşdü. İndi həmişəki kimi olmasa da, arabir uşaqlara qoşuluram. Neyləyim axı? Dərdim böyükdür, vicdanımla təkbətək qalmışam.

YERİ GƏLMİŞKƏN:

Kamilin başına gələn hadisələri Natiq Qocamana danışdıqdan sonra o, "Özümü axtarıram" adlı əsərində həmin hadisələrin bir qismindən istifadə edib.

SON SÖZ ƏVƏZİ

Kamillə xeyli söhbət etdim. Dəqiq bildiyim hadisələri tam təfərrüatı ilə sizlərə çatdırdım. O hadisələri ki, mənim köhnə tanışlarım da təsdiq edə bilərlər. Şübhə ilə yanaşdıqlarım məqamları isə qələmə almadım. Necə olmasa, qarşımda dayanan stajlı narkoman idi. Və o, verdiyi müsahibəni mənə 20 manata satmışdı. Məncə, sonuncu fakt müəllifin son sözünü əvəz edə bilər.

Mayıl İsmayılov (Nostalji - 2008-ci il)

O.M.