“Fəxri ad alan müğənnilərdən gözəl səsim var”

“Fəxri ad alan müğənnilərdən gözəl səsim var”

15 May 2012 14:13
Bəyəndim (0) Bəyənmədim (0)
T.Muradova:“Məni təsirləndirən odur ki, Rübabə də xalq artistidir, mənim tanımadığım müğənni də, çox gülünc görünür”

Bir vaxtlar səsi, avazı ilə hər kəsin qəlbində iz salmış Rübabə Muradovanın yadigarı olan Tahirə Muradovanı aradıq axtardıq. Belə bir sənət fədaisinin bacısı nədən görünmür? Niyə yoxdur? Niyə könül nəğmələri susub? Elə bu və digər sualları ünvanladıq unudulmuş müğənniyə.

- İncəsənət inkişaf edir, mənim isə adımı çəkən yoxdur. Bəli, sözün əsl mənasında unudulmuşam. Heç yada salan yoxdur ki, Tahirə adlı da bir müğənni var. Axı mən Rübabə, Mahruq kimi böyük sənətkarların bacısıyam. Rübaba kimi sənətkar təkcə Azərbaycanda deyil, heç dünya üzündə olmayıb, olmayacaq da. Heç olmasa onun xətri üçün yada salsınlar məni. Efirlərdə kim gəldi çıxış edir, səsi olan da, olmayan da oxuyur. Ürəyimdə o qədər sözüm var ki. Sanki nəğmələrimi də susdurmağa çalışırlar. Amma bu mümkün deyil. Düzdür, bəzən ruhdan düşürəm. Mən heç kimdən pis oxumuram. İndi bəzi oxuyanları görəndə düşünürəm ki, incəsənətimiz niyə bu hala düşüb? Əməkdar, xalq artisti adına bir çoxları layiq görüldü. Mən niyə diqqətdən kənarda qaldım? Dünya əzəldən belədir. Alan kim, satan kim. Mənəviyyatı, istedadı pulla almaq olmaz. Bu gün çox biabırçı bir vəziyyət yaranıb. Müğənnilərin çoxu şou göstərməklə populyarlıq qazanır. Mən illərdir sənətdə külüng döyürəm. Hər zaman qocalar, uşaq evlərində, əlillər üçün, əsgərlərimiz qarşısında konsertlər verirəm. Yeni il gecəsi Daxili Qoşunların əsgərləri qarşısında möhtəşəm konsert proqramı ilə çıxış etdim. Düşünmədim ki, bayram gününü evimdə keçirim. Bunu özümə borc hesab edirəm. Mənim üçün maddiyyatdan öncə mənəviyyatdır. Bəs nədən fəxri ada layiq görülmədim? Fəxri ad alan müğənnilər arasında elələri var ki, mən heç onları tanımıram. Məni təsirləndirən odur ki, Rübabə də xalq artistidir, mənim tanımadığım müğənni də. Çox gülünc görünür. İnanın ki, bunu görən ziyalılar da, adi tamaşaçılar da gileylənir. Oxuyanların sayı günü-gündən artmaqdadır. Sənətkar axtarın, oxuyan yox! Bu gün müğənni bolluğu baş alıb gedir.

- Sizcə belə olan halda incəsənətimiz məhvə doğru getmir ki?

- Əlbəttə, məhvə doğru gedir. İndi sənətkarın qiyməti itib. Əvvəllər küçədə hər hansı sənətkarı görəndə hamı ona böyük rəğbətlə baxırdı. Şövkət Ələkbərovanı görmək böyük xoşbəxtlikdi. Şövkət xanım Rübabə ilə çox yaxın dost idilər. Şövkət xanım üzümdən öpəndə sevincimdən bilmirdim nə edim. Belə hörmət vardı. Fəxr edirdik bu cür sənətkarlarla. İndi hamı xalq artistidir.

- Tahirə Muradova doğrudanmı unudulub?

- Çoxdan unudulmuşam. Sağ olsunlar dost tanışlarım ki, məni el şənliklərinə dəvət edirlər.

- Tahirə xanımın unudulmağı Rübaba Muradovanın unudulmağı deyil ki?

- Rübabəyə dəyər verənlər yəqin ki, məni yada salarlar. Rübabə əvəzedilməz idi. Səsimlə sübut edərəm ki, bir çox fəxri ad alan müğənnilərdən gözəl səsim var. Əks təqdirdə, qoy məni incəsənət aləmindən silsinlər.

- Bu gün şou-biznes aləmində baş verən hərc-mərcliklər təbii ki, sizə də öz təsirini göstərməyə bilməz...

- Baş verənlər məni çox təsirləndirir. Kimi qalmaqalla, kimi soyunmaqla, kimi şou göstərməklə gündəmdə qalmağa çalışır. Mən bütün bunlardan uzağam. Heç vaxt tamaşaçımı aldatmamışam. Sadəcə, son vaxtlar bu kimi hallara qarşı laqeyd olmağa çalışıram. Çünki xəstəlikdən qorxuram. Maddi imkanım da yoxdur ki, xəstələnəndə özümü müalicə edim. Həssas insanam, hər şeyi ürəyimə salıb canıma qəsd edə bilərəm. Hər gün Allahıma üz tuturam. Ondan arzularımın qəbul olunmasını diləyirəm.

- Sizcə niyə unudulmusunuz?

- Çünki efirlər kommersiya sistemi ilə işləyir. Mənim isə imkanım yoxdur. Amma unutmayaq ki, bu dünyada hər şey pulla alınıb satılmır. Demirəm ki, hər gün efirlərdə görünüm. Hər halda Rübabəni yada salmaq üçün mən varam.

- Rübabə xanımın repertuarına müraciət edirsiniz?

- Bəli, "Heydər babaya salam", "Dəşti", "Dilkəş" təsnifi və s. ifa etmişəm. Amma onun ifa etdiyi muğamları oxumamışam. Buna risk etmərəm. Rübabənin "Hümayun"u oxumağa cürətim çatmaz. Kimsə də oxusa, Rübabə kimi alınmayacaq.

- Rübaba xanım haqqında tamaşaçı nəyi bilmir? Hansı sirli, maraqlı məqamlar var ki, onları danışa bilərsiniz?

- Təbii ki, mənim Rübabə haqqında bildiklərimi heç kim bilmir. Onun haqqında hərə bir cür, öz bildiyi kimi danışır. Əsl həqiqəti isə mən bilirəm. O dünyasını dəyişəndən sonra İrana getdim. Dayım arvadı ilə görüşdüm. Mən Azərbaycanda dünyaya gəlsəm də, Rübabə İranda doğulub. Onun ölümündən sonra Ərdəbilə gedib evimizi tapdım. Bir çox məqamları öyrəndim. Bacım vəsiyyət etmişdi ki, onu Ərdəbildə dəfn etsinlər. Lakin yollar bağlı olduğundan Bakıdakı qəbiristanlıqda torpağa tapşırdıq. Onunla bağlı olduqca maraqlı məlumatlarım var. Hansı ki, bu məlumatları öyrənməklə tamaşaçı Rübabə Muradovanı daha yaxından tanıya bilər. Bu kiçik bir səhifəyə sığan söhbət deyil...

- Tənhalığa çəkiləndə hansı mahnını zümzümə edirsiniz?

- "Ayrılıq", "İntizar" mahnılarını...

- Yaradıcılıq yenilikləriniz varmı, yoxsa?!

- Yeni mahnılarım var. Sadəcə, özüm üçün evdə oxuyuram. Heç olmasa onlar mənə daxili rahatlıq verir. Bircə söz deyə bilərəm ki, mən bu sənətlə yaşayıram. Sənətim mənə yeni həyat verir. Amma təəssüf ki, son zamanlar özümə tez-tez qapanıram.

Bəli, vaxtilə mahnıları ilə ürəkləri fəth edən Rübabə xanımın bacısı indi tənhalığa çəkilərək ayrılığın dadını daha çox duymağa başlayıb. Nə qədər təsirli və təəssüflü olsa da, bu, acı həqiqətdir. Bu acı həqiqətin içində ayrılıq və intizar var. Səmimi bir insanla, qəlbi sənətlə döyünən bir sənətkarla üz-üzə əyləşmişəm. Qəlbində nisgil, baxışlarında qəm, kədər... "Unudulmuşam" deyir. Bu dünyamı etibarsızdır, bizmi?! Çətin sualdır. Axı niyə vaxtında, zamanında qiymət vermirik bir-birimizə? Niyə ölümündən sonra gözəl xatirələr danışırıq? Niyələr, bəlkələr fikirlərimizi dolaşdırsa da, reallıqdan qaçmaq mümkün deyil. Reallıq isə budur, Tahirə Muradova doğrudan da unudulub. İnsanlara sağlığında qiymət verənlərə tuturam üzümü: "Rübabə xanımın ruhunu şad etmək istəyirsinizsə, eynilə onun oxşarı olan, bir az qəribsəmiş, bir az nisgilli, gözləri intizarda qalan Tahirə xanımı yad edin!

Mətanət Şamilqızı (Nostalji-2011)

O.M.