Pul əl çirkidirsə, qırçı Cəbrayıl ən zəngin adamdır

Pul əl çirkidirsə, qırçı Cəbrayıl ən zəngin adamdır

30 Mart 2012 19:04
Bəyəndim (0) Bəyənmədim (0)
Sadə insanlardan öyrəniləsi çox şey var

Mən onunla "qul bazarı"nda tanış olmuşdum, qara fəhlələrin arasında. Cəbrayıl yaxşı usta olmaqla bərabər, həm də maraqlı həmsöhbət idi. O, işini icra edərkən xatirələrini də mənimlə bölüşməkdən çəkinmirdi. Beləcə, bir insanın keçdiyi keşməkeşli həyat yolu məndə maraq oyatdı və eşitdiklərimi qələmə almaq qərarına gəldim.

Daha çox qırçı Cərbayıl adı ilə tanınan Cəbrayıl Abbasov 1990-cı ildən bu sənətdədir. Özünün dediyinə görə, dolanışığı pis deyil. Dəbdəbəli yaşamasa da, qazandığı pullarla ailəsini dolandıra bilir.

- Cəbrayıl, o dünyadakı qır qazanından qorxmursan ki?

- (Gülərək) Yox. Bu sənətdə olduğum üçün məni qırçı götürəcəklər.

- Deməli, insanları yandırmaqdan çəkinmirsən. Buna qəddarlıq demək olarmı?

- Məncə, yox. Adam həyatda özünü yandırmasa, qır qazanına düşməz. Sonradan yanıb tökülməmək üçün düzgün yaşamaq lazımdır.

- Düzgün yaşamaq deyəndə nəyi nəzərdə tutursan?

- Heç kim balalarına haram tikə yedizdirməməlidir. Adamın iki əli, iki ayağı, bircə mədəsi var. Əl-ayağın halal zəhmətlə qazandığını yesən, bəs edər.

- Axı gözlər də, qulaqlar da iki dənədir. Yəni gözlərin gördüyünü, qulaqların eşitdiyini nəfs tələb edə bilər.

- Deyirlər, pul əl çirkidir. Mənim əlim bütün günü çirkli olur. Deməli, hamıdan varlıyam. Bu, bir zarafatdır. Hamının nəfsi var. "Böyük Buluşma" verilişində deyildiyi kimi, nəfs at kimidir. Vaxtında cilovlanmasa, adamı daşa-divara çırpar. Şəxsən mən öz nəfsimi qoruyuram. Nə spirtli içki içmirəm, nə də siqaret çəkmirəm.

- Siqaret çəkməyə nə ehtiyac var? Onsuz da qırın tüstüsünü iyləyirsən də.

- Onu düz dediniz. Bu sənətin bir mənfi cəhəti var, o da tüstüdür. Bəzən evə gedəndə ürəyim bulanır, başım hərlənir.

- Elə olan halda vəziyyətdən necə çıxırsan?

- Yoldaşım tibb bacısıdır. Dərmanlarımı verir, vəziyyətim düzəlir.

- Cəbrayıl, səncə, dərman içə-içə bu sənəti davam etdirməyin mənası varmı?

- Hərə bir işlə məşğul olmalıdır. Mən də bu sənəti babamdan öyrənmişəm. Təzə başlayanda çox çətin idi. İndi isə alışmışam. Aldığım pulun halal olduğunu başa düşdükcə sənətimi daha da çox sevirəm.

- Məlum məsələdir ki, evini qırladan adamlar əsasən imkansızlar olurlar. Məsələn, bugünkü müştərin də qoca nənədir. Məncə, onun sənə verəcəyi pul çox ola bilməz.

- Mən qiymət danışmıram. İmkanı yoxdursa, heç pul da almaram ondan. Türklər demişkən, kiminin parası, kiminin duası.

- İncimə, amma səmimiyyətinə tamlıqla inana bilmirəm. Axı sən də materiala pul verirsən.

- Bəzən elə olur ki, imkanlı adamın qohumunun evində çalışıram. Onda pulumu artıqlaması ilə verirlər.

- Heç elə olubmu ki, evə pulsuz gedəsən?

- Yox. Bizim camaat başa düşən camaatdır. İmkanları daxilində zəhmətimə qiymət verirlər, kimi az, kimi çox. Əsas odur ki, hər evdə sizin kimi bir dost qazanıram.

- Dostdan söz düşmüşkən, dostların çoxdurmu?

- Bir nəfərdir. Onunla türmədə tanış olmuşam. Qardaş kimiyik.

- Demək, türmədə də yatmısan. Nə üstündə?

- İnşaat Mühəndisləri institutunda oxuyurdum. Qrupumuzda bir nəfər mərakeşli var idi. Pis oğlan deyildi, amma şorgöz idi. Bir gün onun qaldığı evə getmişdim. Ondan paltar alacaqdım. İçəri girəndə gördüm ki, qrup qızımız onun yataq otağından çıxır.

- Bəlkə qız da sənin kimi nə isə almağa gəlmişdi?

- Yox, mən hər şeyi başa düşdüm. Nasir mənim istədiyim qızı yoldan çıxarmışdı. Hirsimdən nə edəcəyimi bilmədim. Oramızda mübahisə düşdü. Bıçaqladım onu.

- Öldümü?

- Yaxşı ki, ölmədi. Yoxsa cəzam ağır ola bilərdi. Həm də vicdan əzabı çəkəcəkdim. Sağaldı, vətəninə qayıtdı.

- Bəs qızın axırı necə oldu?

- Bir neçə dəfə məhkəmədə yanıma gəlib, məndən üzr istədi. İnandırmağa çalışdı ki, onu səhv başa düşmüşəm. İnanmadım ona, çünki gördüyümü görmüşdüm. Eşitdiyimə görə, hələ ərə getməyib. Guya məni sevdiyi üçün yolumu gözləyir.

- Nə bilirsən, bəlkə həqiqətən də yolunu gözləyir?

- Qoy gözləməsin. Mənim halal ailəm, iki övladım var. Yeddi ilimi türmələrdə çürütmüş bir qız mənə lazım deyil.

- Deməli, türməyə düşməsəydin, onun sənə qovuşmağa ümidi olardı?

- Yox. Mən ailəmi, balalarımı hər şeydən çox sevirəm, canımdan da artıq. Kiminləsə əylənmək, vaxt keçirmək təbiətimə uyğun deyil.

- Belə çıxır ki, şeytana uyduğun vaxtlar olmayıb?

- Yox desəm, yalan olar. Qarşılaşdığım bir hadisəyə qədər çox olub.

- Hansı hadisədir elə?

- Bir gün qrup yoldaşlarımla restorana getmişdim. Doyunca əyləndik. Mən araq içməsəm də, onlar sərxoş olana qədər vurdular. Sonra yoldaşlardan biri qızlardan söz saldı. Dedi ki, tanışları var. İstənilən vaxt bura çağıra bilər. Dostlarım sərxoş olduqlarından onu qızışdırdılar. Biri daha çox canfəşanlıq edirdi. Elə onun təkidi ilə həmin adam telefon axtarmağa getdi. Axı o vaxtlar mobil telefonlar yox idi. Təxminən yarım saatdan sonra dostumuz geri qayıtdı. Dedi ki, avtomatdan qızlara zəng vurub. Ancaq onlar gələ bilməyəcəklərini deyiblər. Çünki valideynləri evdədir.

- Burada qeyri-adi nə var ki?

- Ardına qulaq asın. Uşaqlar həmin oğlanı lağa qoymağa başladılar, əsasən də bayaq canfəşanlıq göstərən yoldaşımız. Oğlanı yalançı, boşboğaz olmaqda ittiham etdilər. Elə vəziyyət yarandı ki, həmin dostumuz yenidən zəng vurmağa getdi. Qayıdanda bizə söz verdi ki, qızların biri mütləq gələcək. Bundan sonra biz bir qədər sakitləşdik. Söhbətin mövzusu istər-istəməz dəyişdi. Dostumuz qızın çox gözəl olduğunu deyib, onun barəsində verdiyimiz sualları cavablandırmağa başladı. Məlum oldu ki, o, qızı cəmi bir dəfə görüb. Həmin qız onun gəzdiyi qızın ən yaxın rəfiqəsidir. Məclisin sonuna qədər qızın kiminlə gedəcəyi barəsində danışdıq. Püşk atdıq.

- Başa düşmədim. Bəlkə qız heç kimlə getmək istəməyəcəkdi? Siz onun yerinə niyə qərar çıxarırdınız?

- Cavanlıq idi. Qızlarla əylənməkdən başqa bizi heç nə maraqlandırmırdı. Həm də oğlan demişdi ki, qız yüngül təbiətlidir. Onun üçün fərqi yoxdur kiminlə getsin, təki kef olsun. Nə isə, məclisin sonunda qız gəlib çıxdı. Dostumuz onu qarşılayıb, məclisə gətirdi. Birdən o biri dostumuzun kefi pozuldu. O, başını aşağı salıb susdu. Səbəbini soruşduqda, ağlaya-ağlaya çıxıb getdi. Qız da onun dalınca qaçdı. Biz çaş-baş qaldıq. Axı bayaqdan bəri ən çox canfəşanlıq edən o idi. Dostumuzu qızışdıran da o olmuşdu. Hamımız onların dalınca getdik. Restoranın həyətində uşaqlardan biri ağlayan oğlanı tutub saxlaya bildi. Çox söz-söhbətdən sonra məlum oldu ki, gələn qız onun xalası qızıdır. Sən demə, onun əxlaqsız olduğunu ailədə heç kim bilmirmiş. Həmin qız Bakıda tələbə olduğundan kirayədə qalırmış və valideynlərindən xəbərsiz belə işlərlə məşğul olurmuş. Hamımız şoka düşdük. Dostumuzu sakitləşdirməyə çalışdıq. O isə qızı çağıran oğlanın üstünə düşüb, onu vuraq istədi. Güc-bəla ilə onların arasına keçdik. Bu dəfə bizi söyməyə başladı.

- Qəribədir, axı o, ilk növbədə öz xalası qızı ilə haqq-hesab çürütməli idi? Niyə qohumu ilə məsələni ayırd etməmiş sizin üstünüzə düşürdü?

- Bilmirəm. Yəqin özünü təmizə çıxarmağa çalışırdı. Ya da təqsiri bizdə görürdü. Uzun sözün qısası, söhbət böyüdü. Rayondan qızın valideynləri gəldilər. Hamımızı bir-bir sorğu-suala tutdular. Başımız çox ağrıdı. Qızı məclisə çağıran oğlanı milislər çək-çevirə saldılar. Az qaldılar tutsunlar. Bir təhər canını qurtara bildi.

- Bəs sizin dostluğunuz axırı necə oldu?

- Bir qıza görə hamımızın arası dəydi. Bir-birimizə düşmən kəsildik.

- Düşmən niyə? Axı söhbət bir nəfərin xalası qızından gedirdi?

- Ona görə ki, uşaqlar təqsiri bir-birinin üstünə atırdılar. Hamı yaxasını qırağa çəkib deyirdi ki, guya o biri uşaqlar namussuz iş görüblər.

- Aradan uzun illər keçib. Geriyə boylandıqda, püxtələşmiş bir insan kimi ən böyük təqsiri kimdə görürsən?

- Əslində, hamımızın günahı eyni idi. Əsasən də qızın xalası oğlunun. Axı dostumuzu ələ salan, qızışdıran da o olmuşdu. Məncə, həm də ona görə pərt olmuşdu ki, qız gələnə qədər artıq-əksik danışmışdı. Püşkü udduğu üçün qız barəsində ağzına gələni deyirdi. Bu hadisə mənim üçün böyük bir dərs oldu. Bir müddət özümə gələ bilmədim.

- Bəs "bir müddət" adlandırdığın zaman kəsiyi ötdükdən sonra nə etdin?

- Bilirəm nəyi nəzərdə tutursunuz. Xeyr, mən özümə söz vermişdim ki, bir daha haram yola düşməyim. O hadisədən heç yarım il keçməmiş türməyə düşdüm. Bildiyiniz kimi, adam bıçaqlamışdım. Türmədən çıxdım, dərhal ailə qurdum. İndi isə elə şeylərə nə həvəsim var, nə də vaxtım.

- Cəbrayıl, düzünü desəm, həmsöhbət kimi olduqca maraqlı adamsan. Ancaq səmimiyyətinə tamlıqla inanmamaqda sərbəstəm. Çünki biz jurnalistlər hər iki tərəfin mövqeyini dinləmədikcə fikir yürüdə bilmərik.

- Mən o adamların adlarını çəkə bilmərəm, çox ayıb olar. Həm də aradan xeyli müddət keçib. Hamının ailəsi var. Bildiyimə görə, həmin qız da ərdədir, ailə-uşaq sahibidir. Kiminsə rahatlığını pozmağa heç kəsin ixtiyarı yoxdur.

- Ad çəkmədən başına gələn hadisələri nəql etdin. Bunu mütləq həqiqət kimi qəbul etmək üçün nə deyə bilərsən?

- Məni tanıyanlar bilirlər ki, yalanla aram yoxdur. Qoy heç kəs məni qınamasın. Özüm barədə danışmaqda məqsədim kiminsə yaralarını təzələmək deyil. Sadəcə, qəzetinizi cavanlar oxuduğu üçün onlara düzgün yolun haradan keçdiyini göstərmək istəyirəm. İnsan səhv edə bilər, ancaq bu səhvləri başa düşüb vaxtında nəticə çıxarsa, haram işlərdən uzaq olar.

- Başqa sözlə desək, sən təcrübəli bir qırçı kimi qır qazanına düşməməyin yollarını göstərirsən.

- Elədir. Adam halal yaşamalıdır ki, ona "halal olsun!" desinlər.

SON SÖZ ƏVƏZİ:

Dini rəvayətlərə görə, cahil insan o dünyada qır qazanında yanmalı olacaq, yəni həyatda elədiyi günahları qədər alışıb-yanacaq. Kamillərsə cənnət adlanan əbədi məkanda hüzur içərisində yaşayacaqlar. İndi özünüz deyin, yanmaq yaxşıdır, yoxsa hüzur içərisində yaşamaq?..

Mayıl İsmayılov

O.M.