"Həyatımdan 2008-2009-cu illəri silmək istərdim"

"Həyatımdan 2008-2009-cu illəri silmək istərdim"

29 Mart 2012 21:34
Bəyəndim (0) Bəyənmədim (0)
Səkkiz ildir namaz qıldığını deyən müğənni artıq xoşbəxt olduğunu bildirir

Ən əziz bayramımız olan "Novruz"u yenicə qeyd etdiyimiz üçün bu dəfə müsahibəyə bayramın əsas atributu olan tonqalla giriş vermək qərarına gəldim.

Şou biznes aləmi bir tonqaldır. Bu tonqalda yüksək sənətə malik olan ifaçıları köklü ağac budağına bənzətmək olar, çünki ətrafa işıq saçırlar və bəxş etdikləri alovun istisi ilə çoxsaylı dinləyicilərin qəlbinə hərarət gətirə bilirlər. Bəzən odun içərisində hələ püxtələşməmiş yaş taxta parçalarını da görmək olur ki, onlar sadəcə tüstü buraxırlar. Nə qədər qəribə sələnsə də, cırt-çırtla gözə kül üfürənlər də tapılır. Sənəti olmayan ifaçılar isə tezliklə yanıb külə dönürlər, yəni unudulurlar. Odu külək şaxələndirdiyi kimi, şou biznesi də qalmaqallar yaddaşlara həkk edir.

Bugünkü müsahibim şou-biznes aləmində alovlanan, ifası ilə sevənlərinin qəlbinə hərarət gətirən, tüstüsü ilə düşmənlərinin gözünü çıxaran, rəqiblərini yandırıb yaxan, sənət yolunda alışıb yanan, gənc müğənni Kərimdir.

- Özün haqda məlumat verərdin?

- 1980-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslim Dağlıdır. Mədəni Maarif Texnikumunu bitirmişəm. "Xalq Çalğı Alətləri" ansamblının rəhbəri olmuşam. İnşaAllah bu il sənədlərimi İncəsənət Universitetinə verəcəm.

- Necə oldu ki, bu sənəti seçdin?

- Mən musiqi məktəbinə qarmon ifaçısı kimi daxil olmuşam, musiqinin sirlərini öyrənmişəm. Bir gün uşaqlarla yığılıb zümzümə edirdik, müəllimim səsimi eşidən kimi dedi ki, səsinin qiymətini bil. Ondan sonra bu sənətə gəldim. On ildir professional səhnədəyəm. 1995-96-cı illərdən toylarda oxuyuram.

- Ailənizdə musiqiçi olubmu?

- Nənəm Şölə xanım otuz beş il qadın toylarında nağara çalıb. Firuzə İbadova, Nazpəri Dostəliyeva yaxşı tanıyırlar nənəmi. Çox hörmətli, tanınmış musiqiçi olub. Xalam pianoçu olub. Anam da qarmonla məşğul olub, amma bağçada müəllimə işləyir. Musiqi bizə irsən keçib.

- Rəqibin kimdir bu sənətdə?

- Özümə rəqib görmürəm. Hamı məni yaxşı ifaçı kimi tanıyır. Hamı da bu sənətdə yaxşı mənada mənim üçün rəqibdir.

- İnsanın mövqeyini nə sarsıda bilər?

- Bilirsiniz mən heç vaxt aciz olmamışam. Aciz olmaq insanın mövqeyini sarsıda bilər. Aciz insan tez sınır, bezir. İstədiyi kimi inkişaf etmir. Mən isə nə istəyirəmsə ona nail oluram. Məni heç nə sarsıda bilməz.

- Özünü necə adam hesab edirsən?

- Mənim əsil adım Ağakərimdir. Allaha qurban olum, Allahın mərhəmətli, səxavətli adıdır. Səkkiz ildir namaz qılıram. Özümü bununla reklam eləmək istəmirəm. Mənim bütün dostlarım bilir ki, mən necə səmimi, kişi kimi insanam. Onlar deyə bilər mən necə insanam.

- Sevmək çətindir, yoxsa sevilmək?

- Sevilmək çox çətindir. İnanın, yüz sifət görürsən. Sevirsən, başına bəla gəlir. Mən yıxılmışam. Bilirsən sevmək necə olur? Məncə hərtərəfli olmalıdır sevgi. Şükür Allaha, günün bu günü sevilirəm, sevirəm.

- Sevdiyin insana sevgini necə isbat edərsən?

- Mən çox romantik insanam. Bir də gördün ki, yatdım, durdum, iki bilet aldım, həyat yoldaşımla xarici ölkəyə getdim.

- Kərim, həyat yoldaşın Təranə xanım qısqanc insandır?

- Dəhşət qısqanır. Mənə fanatlarım zəng edəndə menecerim danışır. İnan, bir də görürsən ki, söz-söhbət olur. Hələ həyatımda belə şey görməmişəm. Sosial şəbəkələrdə çox vaxt fanatlarım dostluqdan nəsə yazanda, dərhal bilir.

- Bəs sən necə, qısqancsan?

- Məndə qısqanclıq normaldır, əkizlər bürcündənəm. Sevib-sevilmək çətindir. Öyrəşmə var, ayrılırsan, dəli olursan. Şükür Allahın bu gününə ki, həyat yoldaşımı sevirəm, sevilirəm. Məni qısqananda da bir kəlmə deyirəm: "evimin xanımı sənsən, bunu bil".

- Kərimin qız fanatları çoxdur?

- Mən "Toy olsun" verilişinə evlənmək üçün çıxmışdım. İki gün oldum orada, artıq əmin oldum ki, üç min səkkiz yüz qız mənim üçün talib çıxıb, mənimlə ailə qurmaq istəyir. Çox qızlar efirə anası ilə gəlmişdi. İlk dəfə sizə deyirəm, mən onda yeddi ay idi nişanlı idim, sadəcə, nişanlımla aramda bir az söz-söhbət olmuşdu, mən də onu qısqandırmaq üçün efirə çıxıb evlənmək istədiyimi bildirdim. Yoldaşım da gördü ki, evlənmək istəyən qız çoxdur mənimlə, mən isə onu seçdim, onunla ailə qurdum. Günün bu günü mənim nazımla oynayır, ayağımı yerə qoyanda tez başmağımı gətirir. Qulluğumda durur. Bax, özü də qulaq asır sizinlə danışığımıza. Həyatımda belə dəli kimi sevgi görməmişəm. Baş əyirəm yoldaşımın qarşısında.

- Bir çox sənət dostlarınız var ki, onlarla qucaqlaşıb şəkillər çəkdirirsiniz. Sonrası necə olur?

- Əvvəllər subay olanda öpüb-qucaqlayıb şəkil çəkdirirdim. Sizə bir söz deyim, beş-altı gün bundan qabaq qısqanclıq üstündə evdə olan şəkillərin hamısını cırıb atdı. Mən də təbii ki, güldüm.

- 8 martda həyat yoldaşına nə hədiyyə etdin?

- Ətir aldım, qızıl boyunbağı klonu ilə birlikdə ona hədiyyə etdim. Bir də həyat yoldaşım və baldızımla restoranların birində şam yeməyi yedik.

- Həyat yoldaşın işləyir?

- Ali savadlıdır, amma işləmir, evinin xanımıdır, heç istəmirəm işləsin. İnşaAllah, körpəmiz olar, ondan sonra özüm işə düzəldərəm, işləyər. Hələ fikirləşmirəm bu barədə.

- Kərim, məndə olan məlumata görə, ata olacaqsan. Bu barədə nə deyə bilərsən?

- Düzdür. İnanın ki, gözdən, nəfsdən qorxuram. İki dəfə bu barədə açıqlama olub. Müəyyən səbəbə görə uşaq tələf olub. İnşaAllah, oğlum olacaq. Ata olmaq qismət olsa, birinci sizə deyəcəm.

- Deməli, nəfsə, nəzərə inanırsan?

- Mənim başıma nə gəlirsə, elə nəfsdən, nəzərdən gəlir. Tez-tez başım ağrıyır, evdə duz çevirirlər, üzərlik də olur.

- Özün necə uşaq olmusan?

- Şirin, toppuş uşaq olmuşam. Hamı gəlib yanaqlarımdan çimdik tuturmuş. Babamın adını qoyublar mənə. Anamın xasiyyəti çox ağır olub, qapalı mühitdə saxlayıb bizi. Atam isə bizi ərköyün böyütmək istəyirdi.

- Şəlalə nə deməkdir sənin üçün?

- Gözəllikdir. Oturub baxırsan, fikrini dağıdırsan. İnanın, insanın ruhu sakitləşir onun şırıltısından. Bir də sizin kimi dostum var - Şəlalə.

- Xəyanətə münasibətin necədir?

- Çox pis, sevmirəm xəyanəti, bağışlaya da bilmirəm. Əvvəllər xəyanət çox olub. Şükür, bu günlərdə artıq xəyanət sözü məndən uzaqdır. Xoşbəxt yaşayıram.

- Müğənni olmasaydın, hansı sənəti seçərdin?

- Çox gözəl saç ustası olardım. Mən artıq üç-dörd ildir saçımı özüm düzəldirəm, kəsməyi isə xalam oğlu kəsir. Bir gün xalam oğlu saçımı yudu, dedi, düzəlt, mən də düzəltdim. Şoka düşdü, dedi, hər adam bacarmaz bunu.

- Bildiyimiz kimi, ATV kanalında "Canlı səs" verilişi gedir. Səmimi de, kiminlə duelə çıxmaq istəyərdin?

- Veriliş başlamamışdan qabaq mənə dəvət gəlib. Toylara görə bir az uzanır. Təbii ki, mən də iştirak edəcəm, Azərbaycanda şok olacaq. Yəni çox yadda qalacaq. Mənim üçün fərqi yoxdur, hamı rəqibdir, sənət dostlarımdır. Görürəm çox təkid edirsən, ad çəkəcəm. Ramalla istəyərdim duetim olsun.

- Özünü tənqid edirsən?

- Çox etmişəm. "Axı niyə belə elədim?" deyə fikirləşmişəm. Özünütənqid nəticəsində çox gülməyi yığışdırmışam. Əvvəlki Kərim deyiləm.

- Şou-biznesin qanunlarını kim yazır?

- Şou-biznesdə hərə özü üçün oxuyur, hərə də özü üçün məktəbdir, özü üçün qanun qoyur. Kim var ki, qanun da qoysun? Şəxsən mənə heç kimin qanunu maraqlı deyil.

- Qadın həyatda neçə dəfə sevə bilər?

- Həyat yoldaşım yanımdadır. Deyir, qadın bir dəfə sevə bilər.

- Bəs kişi neçə dəfə sevə bilər?

- Hər yaşın öz sevgi vaxtı var. Bir-iki dəfə sevmək olar. Mən özümə arxayınam, həyat yoldaşımı sevmişəm, axıracan da sevəcəm.

- Yaşlı sənətkarlar cavan müğənniləri niyə bəyənmirlər?

- Bilirsiniz, o vaxt qayda-qanun başqa cür olub. İndiki cavanlar isə istəniləni geyinir, zəmanə adamlarıdır. İndi çox gözəl oxuyan gənclər var. Elə yaşlı sənətkarlar tanıyıram, min oyundan çıxır. Yaşlı xanəndə var ki, Youtube-da videosu yerləşdirilib, kürəyini masaj etdirir. Özlərinə baxsınlar, sonra cavanları bəyənməsinlər. Şəxsən özümü vidli-stilli müğənni bilirəm. Mən elə bir insanam ki, mehribanlıq elə, yıxıl mənim üçün, ölüm sənin üçün.

- Kərim haçan təhlükəli ola bilər?

- Ayağımı kim tapdalasa, onu parçalayaram. Öldürmərəm, çünki qanun var, gülə-gülə məhv edərəm.

- Bəs niyə deyirlər ki, Kərimin yanından küləklə keçsək, səhər polis bölməsinə gedib şikayət edəcək?

- Düzdür, mənim kiminsə küləyindən xoşum gəlmədisə, gedirəm polis bölməsinə, şikayət edirəm. Qoy məhkəmə baxsın, qanunla. Şükür Allaha ki, yaxşı dostlarım var, heç kimdən qorxmuram.

- Həyatdan nəyi silmək istərdin?

- 2008-2009-cu illəri silmək istərdim.

- Ürəkdən haçan ağlamısan?

- Qardaşım vəfat edəndə.

- Qalmaqal nə deməkdir?

- Nüfuzdan düşməkdir, anti-reklamdır. İnanın, xalq özü də qalmaqala baxmaq istəmir. Sənət göstərmək lazımdır. Tarkandan, Maykl Ceksondan nələr yazırlar. Bunların sənətindən yazmaq lazımdır, şəxsi həyatlarından yox. Şəxsən mənim haqqımda kim nə deyir, vecimə almıram.

- Mənfi, müsbət cəhətlərin hansılardır?

- Mənfi cəhətim, tez əsəbiləşirəm, diqqətsizliyi sevmirəm. müsbət cəhətim, şirin damarımı tut, çıx otur başımda.

- Kərim özünü toy müğənnisi kimi görürsən? Sirr deyilsə, toylara neçəyə gedirsən?

- Mən efir müğənnisiyəm. Qaldı toylara, xalqımızın xeyir işidir. Biz də toylardan qazanırıq, toylara ansamblımla 5 000 manata gedirəm. Bu ay bir az toyum azdır, buna da min şükür.

- Kərim, maşınınla bağlı məhkəmə işin necə oldu?

- İşim Banditizm və Terrorizmlə Mübarizə İdarəsində idi. Artıq veriblər, Nəsimi rayonundadır. Şərəf və ləyaqətim alçaldığına görə, mülkü məsələmlə bağlı iş də Xətai məhkəməsindədir. İnşaAllah haqq-ədalət öz yerini tapacaq.

- Deyirlər, tez-tez fala baxdırmağa gedirsən?

- Qoy desinlər, nə deyirlər desinlər, reaksiya vermirəm. Hələ çox sözlər deyəcəklər. Üzümə ki deyə bilmirlər.

- Səmimi ol, qeyri-rəsmi yaşadığın insan olubmu həyatda?

- Düzünü deyim, olub. Birinci dəfə sizdə açıqlama verirəm. Birinci xanımla bir il münasibətim olub. İkinci ilə də iki il bir yerdə olmuşam. Üçüncü ilə də beş il qeyri-rəsmi yaşamışam. Sonra ailə qurdum onunla. Bir il altı ay yaşadıq. Lənət olsun o günlərə. Belə də yazın, çox xahiş edirəm.

- Kərim Nazimlə nəyi bölə bilmir? Niyə özünə mikrofon almırsan?

- Mikrofonla bağlı həmin hadisə "Kral" şadlıq sarayında baş verib. Mən elə bir müğənni tanımıram, qoşanağara çalan Nazimi tanıyıram. Onu ifaçı kimi qəbul etmirəm, danışmaq da istəmirəm. Sadəcə səbir edirəm. Belə də yaz getsin. Şou-biznesə ilk dəfə gələndə hansı mahnı ilə, aranjemanla, boğazlarla gəlib? Mən isə ilk təhsilimi musiqi ilə başlamışam. Qırx beş yaşında nağaranı atıb səhnəyə gəlməmişəm. İlk dəfə sizə deyirəm, o, olan yerlərdə mən yoxam. Elə olur, bir neçə toylarımı otkaz etmişəm. Sadəcə, bir toy var idi, tanınmış seçilən bir insanın məclisi idi. Onda da o, mikrofonu verməsə də, mənə səs rejissoru çox gözəl mikrofon verdi, oxudum, keçdim. Kərimin mikrofona ehtiyacı yoxdur. Qorxmasın, Kərimdə xəstəlik yoxdur ki, mikrofondan ona xəstəlik keçər. Çox gülünc insandır. Mən bütün sənətkarlarla öpüşüb-görüşürəm. İstəmirəm onun səviyyəsinə düşüm, hər şey tərbiyədən irəli gəlir. Atam yaşındadır, durub mənimlə özünü reklam edir ki, gündəmə gəlsin. O, olan məclislərə, efirlərə mən getmirəm. Getsin qoşanağarasını çalsın, musiqi duyumu yoxdur. Onun heç bir mahnısını bilmirəm, bilmək də istəmirəm. Hələ səbir edirəm, açılsam, pis olacam, bütün günü adımı çəkir. Kimin mahnıları ilə gəlib, göz qabağındadır. Çox maraqsız insandır.

- Özünü şou biznesin ulduzu hesab edirsən?

- Heç kim mənim yanımda deyə bilməz ki, ulduzam. Çünki heç kim ulduz deyil. Deyəndə də deyirəm, sizin başınıza hava gəlib. Elə müğənni var, şou-biznesə çoxlu pul xərcləyir, tanınmır, amma deyir: "ulduzam". Heç vaxt ola bilməz. Dahi sənətkarlar heç vaxt deməyiblər ki, biz ulduzuq.

Ulduz göylərdə olur. Gecənin qaranlığına az-çox işıq saçmağa çalışır. Tonqal isə yerdə yanır və işığı göylərədək ucalır. Əsas odur ki, hər kəsin evində bayram tonqalının işığı və hərarəti gur olsun. Onun üzərindən atlanaraq problemlərimizi köhnə ildə qoyaq. Başqa sözlə desək, heç zaman evlərimizin ocağı sönməsin.

Şəlalə kənarında yenidən görüşənədək...

Şəlalə Nəriman

O.M.