"Həyat yoldaşımla "son zəng"də tanış olmuşuq"

"Həyat yoldaşımla "son zəng"də tanış olmuşuq"

4 Fevral 2012 17:07
Bəyəndim (0) Bəyənmədim (0)
"Çox nadinc idik, qaz borusu ilə Qız qalasına çıxardıq"

Günlər aylara, aylar illərə calanır. Ömürdən illər ötür. Bir soyuq qışı, bir isti yay gününü də yola salacağıq. Bu il də həyatımızda yeni bir xatirə iz qoyacaq. Nə vaxtsa vərəqlənən kitabtək səhifələnəcək, oxunacaq...

Bugünkü qonağımızla da ötənlərə boylandıq. Olub keçənləri bir daha xatırladı. Şirin xatirələrdən danışdı sevimli müğənnimiz, xalq artisti Səməd Səmədov.

- Səməd müəllim, sənətdə nəyi uğur hesab edirsiniz?

- Ən böyük uğur xalqın sevgisidir.

- Bəs nə əcəb toylar kralı bu günədək solo-konsert vermir?

- Bilirsiniz, mən demək olar ki, hər gün el şənliklərində gənclərimizə xeyir-dua verirəm. Hər gün 300-400 adamın qarşısında canlı olaraq dayanmadan mahnılar ifa etməyin özü elə solo-konsertə bərabərdir. Yaxşı bilirsiniz ki, mənim iştirakımla baş tutan məclis çox şən keçir. Hamı qol götürüb doyunca rəqs edir. Bu imici qazanmaq üçünsə çox böyük əziyyətlərdən keçmişəm. İnşAllah, yaxın zamanlarda solo-konsertimizi də həyata keçirəcəyik.

- Neçə il lazım olub bu imici qazanmağa?

- Bəxtim onda gətirib ki, güclü müğənnilərlə işləmişəm. Ruhəngiz Allahverdiyeva, Bəsti Bəkirova, Sevda Əliqızı. Onların hər üçünün ümumi sənət təcrübəsini toplasaq, yüz il edər. Çünki hər biri artıq otuz beş ildir səhnədədir.

- İlk dəfə el şənliyində iştirakınız yadınızdadırmı?

- Yadımdadır ki, musiqiçilər məni ionika ifaçısı kimi toylara dəvət edirdilər və mən mütləq mikrofonu əlimə alıb bir-iki mahnı oxuyurdum. Xoşbəxtəm ki, Azərbaycanın korifey müğənnilərini, o cümlədən İslam Rzayevi, Əlibaba Məmmədovu, Hacıbaba Hüseynovu, Ağaxan Abdullayevi, Alim Qasımovu, Məmmədbağır Bağırzadəni, Zaur Rzayevi, Şəmsi İmanovu, Rəmişi müşayiət etmişəm. Onlardan çox şey öyrənmişəm. Bu sənət məktəbdir və hər bir yaradıcı insan bu məktəbdən dərs almalı, dahi sənətkarlardan qaynaqlanmalıdır.

- O vaxtkı toylarla indikilər arasında nə kimi fərq var? Dəyişiklik görürsünüzmü?

- Artıq otuz ildən çoxdur bu sənətdəyəm. Deməzdim ki, elə də böyük dəyişikliklər olub. Sadəcə, illər ötdükcə bir qədər müasirləşmə gedir. Amma toylarımız elə yenə də əvvəlkitək öz adət-ənənəsini qoruyub saxlayıb. Toylarda yenə istər xalq mahnıları, istər aşıq musiqiləri, istər milli musiqilərimiz və müxtəlif janrlarda mahnılar sifariş olunur. Tamaşaçı zövqü hər zaman olduğu kimi yüksək səviyyədədir. Mən də hamını razı salmağa çalışıram. Təbii ki, ilk növbədə ağsaqqallarımıza, ağbirçəklərimizə söz verilir.

- Otuz ildən çoxdur səhnədə külüng döyməsinə baxmayaraq Səməd müəllim yenə əvvəlkitək yüksək enerji ilə xalqa xoş ovqat bəxş edir. Haradan alırsınız bu enerjini?

- Bəli, mən hər zaman xalqa xoş ovqat bəxş edirəm. Bu ilhamı, bu gücü də elə xalqdan alıram. Sizlərin alqışı, sevgisi, məhəbbətindən yoğurulub yaradıcı ilhamım.

- Tamaşaçıları əyləndirən Səməd müəllim özü necə əylənir?

- Təsəvvür edin ki, nəvələrim yanımda olanda sanki mənəvi rahatlıq duyuram. Neçə gün idi ki, onlar mənim yanımda idilər. Deyə bilərəm ki, gözəl istirahət etdim. Bu yayı ailəmlə birlikdə Azərbaycanın gözəl guşələrini, o cümlədən Lənkəranı, Şəkini gəzdik.

- Səməd müəllim, bəlkə bir az uşaqlığınızdan danışaq?

- Siz məni bir anlıq o illərə qaytardınız. Nədənsə novruz bayramını xatırladım. Maraqlı illər idi. Məhəlləmizin uşaqları ilə birgə tonqal qalayıb ətrafına toplaşardıq. Tonqalın üstündən tullanardıq. Papaq atardıq qapılara. Bizə şəkərbura, paxlava qoyardılar. Amma qulaq falına çıxmamışam.

- İndi necə, artıq populyarlıq qazanmış Səməd müəllimin qapısına papaq atan olurmu?

- Bizim qapımız hər kəsin üzünə açıqdır. Qapımıza papaq atanları boş qaytarmamışıq. Bu, adət-ənənəmizə hörmət deməkdir. Həm də ola bilsin ki, hər hansı imkansızın süfrəsini məhz bizim qoyduğumuz şirniyyatlar bəzəyəcək.

- Səməd müəllim, ötən günlərə qayıtdınız. O illərdə hansı xatirə sizin üçün daha əzizdir və siz onu hər zaman qəlbinizdə qoruyub saxlayırsınız?

- Valideynlərimi itirmişəm. Onlarla bağlı xatirələr unudulmazdır. İçəri şəhərdə yaşayırdıq. Kinoteatra, dənizkənarı bulvara gəzməyə gedərdik. İndi özüm babayam. Nəvələrimi götürüb o yerləri seyrə çıxıram. Xəyalən o günlərə qayıdıram. Onlara Qız qalasını göstərib uşaqlıq xatirələrimi danışıram.

- Bəlkə bizə də söyləyəsiniz?

- Qız qalasına qaz borusu qalxırdı. Təsəvvür edin ki, həmin boru ilə Qız qalasına çıxardıq. Çox nadinc idik. Ona görə də bizi Qız qalasının qapısına yaxın buraxmırdılar. O vaxtlar Bakıya turistlər təşrif buyurarkən ilk olaraq İçəri şəhərə, Qız qalasına gələrdilər. Onlar bizim belə yüksəkliyə qalxdığımızı görüb ciblərimizi xarici pullarla doldurardılar. Aşağı düşüb orada bizi gözləyən digər uşaqlarla pulları bölüşərdik.

- Artıq o şirin çağlar arxada qaldı. İllər ötdü. Həyata marağınız itmədi ki?

- Xeyr, əsla. Hər bir dövrün öz gözəlliyi var. Sadəcə, insan illərini elə yola salmalıdır ki, geriyə dönəndə təəssüf hissi keçirməsin, xatırlanan hər bir xatirə xoş günlərdən xəbər versin. İrəlidə isə yeni sabahlardan daha böyük uğurlar gözləyirəm. Ən böyük arzum hər bir azərbaycanlının yaralı yeri olan işğal altında qalmış torpaqlarımızın tezliklə azad olmasıdır. İstəmirəm ki, nəvələrimizin qarşısında xəcalətli olaq. İndi dəvət aldığımız hər bir konsert Qarabağ torpağında keçirilsin qoy.

- Gənclik illərinin həsrətini çəkirsinizmi?

- Gənclik yaddaşıma sevgi, səadət dolu günlərlə həkk olunub. Amma insan bilir ki, uşaqlıq da, gənclik də ötüb keçəcək. Yəni bu həyatda əbədi heç nə yoxdur. Bəli, Bülbül, Asəf Zeynallı adına musiqi məktəbində təhsil aldığım illəri xoş xatirə kimi xatırlayıram.

- Sizcə yaşamağa dəyərmi?

- Həyat davam edir. Mən optimist ruhlu insanam və gələcəyə nikbin baxıram.

- Əlamətlərə inanırsınızmı?

- Bəziləri deyir ki, qarşımdan qara pişik keçəndə yolumu dəyişirəm, tək səbir gələndə geri qayıdıram, bu gün ayın 13-dürsə planlarımı təxirə salmalıyam və s. Mən belə şeylərə yox, amma göz dəyməsinə inanıram.

- Evdən çıxarkən tez-tez nəyi unudursunuz?

- Həmişə evdən çıxanda ya maşınımın açarını, ya da diskimi unuduram. Elə olmayıb ki, geri qayıtmayım. Qızımla oğlum da deyirlər ki, yarı yoldan qayıtdınsa, güzgüyə bax, sonra evdən çıx. Bu da bir əlamətdir.

- Xarakterinizdə bəyəndiyiniz və bəyənmədiyiniz cəhətlər hansılardır?

- Düzlüyü sevirəm, ədalət carçısıyam. Artıq qırx ilə yaxındır ki, mənim "Qismət" ansamblım eyni tərkibdə fəaliyyət göstərir. Azərbaycanda bunun analoqu yoxdur. Bu da ansamblımızın üzvlərinin dostluqda sədaqətindən xəbər verir. Səbirli, təmkinliyəm. Bəyənmədiyim cəhət odur ki, həddindən artıq mehriban, səmimiyəm. Bu xarakterimdən hərdən istifadə edənlər də tapılır.

- Ömür-gün yoldaşınız İradə xanıma ən böyük hədiyyəniz nə olub?

- Vallah, o gül dəstəsini çox sevir. Mənə elə gəlir ki, qadına da elə ən gözəl hədiyyə budur. Mən ondan hər zaman xoş sözlərimi əsirgəməmişəm.

- İlk tanışlığınızı necə xatırlayırsınız?

- Gözəl xatirədir. Məktəbin son zəngində tanış olmuşuq. Həyat sürprizlərlə doludur. Bu, mənim üçün ən xoş, gözəl sürpriz idi.

- Necə düşünürsünüz, illər ötdükcə məhəbbət adiləşir, yoxsa daha da möhkəmlənir?

- Xeyr, illər ötdükcə məhəbbət daha da möhkəmlənir və bir-birinə böyük hörmət, qarşılıqlı anlaşma yaranır. Xasiyyətlər uyğunlaşır.

- Sizcə insana xoşbəxt olmaq üçün nə lazımdır?

- İnsana xoşbəxt olmaq üçün ilk növbədə cansağlığı lazımdır və onun sevimli işi olmalıdır. Xoşbəxtəm ki, sevdiyim sənətlə məşğulam. Oğlum da yolumu davam etdirmək istəyirdi. Lakin bu yolun çətinlikləri, keşməkeşləri var. Ona görə də mən buna qarşı çıxdım. Bu gün istedadlı müğənnilərimiz çoxdur. Onların hər birinə bu çətin yolda uğurlar arzulayıram.

- Sonda hobbinizi bilmək maraqlı olardı.

- Doğrudan da maraqlı hobbim var. Mən heyvanları çox sevirəm. Həyətimdə dörd itim var. Onlara xüsusi qulluq göstərirəm.

Ağlı-qaralı dünyanın işığına toplaşmışıq hamımız. Xoş günlər sorağıyla yeni sabahlara doğru addımlayırıq. Bu həyat pillələrində kimi qalxır, kimi enir. Xoşbəxt olmaq azdır, xoşbəxtliyə layiq olmaq lazımdır, deyiblər. Otuz ildən çoxdur sənətin çətin yollarını keçən, zərrə-zərrə qazandığı uğurları hələ də əlində saxlayan Səməd müəllim layiq olduğu xoşbəxtliyi əldə edib artıq.

Mətanət Şamilqızı

O.M.