"Mən həyat yoldaşıma həmişə azadlıq vermişəm"

"Mən həyat yoldaşıma həmişə azadlıq vermişəm"

23 Dekabr 2011 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
"Yaşlı ər-arvad görəndə deyirəm, kaş mən də həyat yoldaşımla bir yerdə olum, qocalığımız bir yerdə olsun"

"Həyat bir quşdur" desək, insan onun qanadıdır. Ərlə arvad birləşdikdə, həyat quşu göylərdə pərvaz etməyə başlayır. Ən yüksək zirvələri fəth edərək, xoşbəxtlik günəşinə doğru irəliləyir. Lakin bəzən günəşin parlaq şüaları gözləri elə qamaşdırır ki, quş yolunu itirir və qanadlarından biri zədələnərək qopur. O, göylərdən yerə doğru yuvarlanır və bir daha göylərə qalxa bilmir. Cövlan edən quşlara altdan yuxarı baxmaqla kifayətlənir.

Həyatı həm də ona görə quşa bənzətmək olar ki, o, bir göz qırpımında uçub gedir. Biz bunu istəsək də, istəməsək də.

Bugünkü qonağım Sabir Əhmədovdur.

- Özünüz haqda məlumat verərdiniz?

- 1980-ci ildə Bakıda anadan olmuşam. Əslən bir tərəfim Füzulidən, bir tərəfim Naxçıvandandır. Konservatoriyanı bitirmişəm. Moskvada Hüquq fakültəsini, həmçinin estrada və caz dərsləri almışam. Ailədə iki qardaşıq. Bir qızım var iki yaşında.

- Necə oldu ki, müğənni oldunuz?

- Uşaqlıqdan musiqiyə həvəsim olub. On bir yaşından bu sənətdəyəm. Cavanşir Məmmədovla toylara getmişəm.

- Qalmaqal sənin üçün nə deməkdir?

- Qalmaqala boş söhbət kimi baxıram. Düzdü, mən qalmaqaldan həmişə qaçmışam, kişiyə yaraşmır qalmaqal etmək. Mən qorxmuram ki, kimsə məni qalmaqala salar. Bircə Allahdan qorxuram.

- Bəs pul sənin üçün nə deməkdir?

- Pul mənim üçün o, deməkdir ki, bu gün özümə yemək, paltar almaq, ürəyim istəyən şeylərə nail olmaq üçün pul lazımdır. Belə baxanda böyük rol oynamır.

- Sizin üçün sevgi nə deməkdir?

- Sevgi çox böyük, müdrik şeydir. Həyatda da əsl sevgini həyat yoldaşımda tapmışam.

- Bəs əsl sevgini həyat yoldaşınızda tapmışdınızsa, ayrılmağınıza səbəb nə oldu?

- Bilirsən, biz ayrılmış kimiyik, amma bütün günü, hər dəqiqə danışırıq, sadəcə, bəzi səbəblər var ki, biz bir yerdə ola bilmirik. Tez-tez gedirəm Moskvaya, qızım üçün çox darıxıram. Həyatdır da.

- Həyat yoldaşınızla ayrılığa səbəb nə oldu?

- Diqqət göstərə bilmirdim həyat yoldaşıma. Təsəvvür edin, gecə saat 4-də kimsə zəng edirdi ki, bu tədbirə gəlməlisən. Gecələr tədbirlərdə, məclislərdə olurdum, gündüzlər yatırdım. Çox narazılığa səbəb oldu. Bu sənətdə çətindir ailə saxlamaq. Həyat yoldaşım istəyirdi ki, mən də atam kimi vaxtlı-vaxtında evdə olum, onlara diqqət ayırım. O da məndə alınmadı. Həm də yoldaşım Moskvada oxuyurdu, gedib-gəlmək tez-tez alınmırdı. Bir də görürdün ki, qastrollarda olurdum. Ailəmə qarşı çox soyuqluq edirdim. İndi də istəyirəm ailəmlə barışım, İnşAllah görək də.

- Ümid var buna?

- Əlbəttə var, mən də istəyirəm işlərimi elə qurum ki, həyat yoldaşım onlara qarşı diqqətimi, nəvazişimi görsün. Biznesim var, ömrümü bu sənətə bağlamayacam ki, həmişə el şənliklərində oxuyum.

- Bəs birdən həyat yoldaşınız sizi qəbul etmədi? O halda yenidən ailə qurmaq istəyərsiniz?

- Çalışıram övladım atasız böyüməsin. İşıq yeri var barışmağa. Çünki hər gün qayınatamla, qayınanamla danışıram. Əgər mənimlə barışmaq istəməsə, danışmaz, uzaq qalar. Mən də istəyirəm bəzi dəyişikliklər olsun, ailəmin yanında olum. Ən böyük arzumdur ailəmlə barışım. İnanın, qızım mənə oxşayır. Hər saniyə məni görür. Yoldaşım barışmaq istəməsə, ola bilər ki, haçansa ailə qurum. Əgər bir yerdə olmayacağıqsa, həyatımı tək başa vurmayacağam ki, cavanam. Təbii o da öz həyatını qurar. Hazırda istəyirəm barışam, həyat yoldaşımı çox istəyirəm. Bunu Allah bilər gələcəkdə necə olacaq.

- Qısqanc insansınız?

- Həddindən çox qısqancam.

- Bəs həddindən artıq qısqanc olan Sabirin həyat yoldaşı Moskvada, özüsə Bakıda. Buna necə dözürsünüz?

- Mən onu qısqansam da, bir-birimizə inamımız çox olub. Qaldı, mən həyat yoldaşıma həmişə azadlıq vermişəm. Bir də hələ o, məni qısqandıracaq elə bir hərəkətə yol verməyib.

- Əvvəllər həyat yoldaşınız da müğənni olmaq istəyirdi. Sabir bunu necə qarşıladı?

- Çox gözəl qarşıladım. İstəyirdim ki, müğənni olsun, sadəcə, elə iş var ki, onu bu fikirdən yayındırdı. İş adamıdır, sənətini sevir. Mən razı idim, gələcəkdə övladım da müğənni, yaxud rejissor olsa, mən razı olaram. Çünki mənim valideynlərim azad seçim verib. Şükürlər olsun ki, mənim heç nəyə ehtiyacım yoxdur. Sadəcə, işlərimi qurub ailəmin yanında olmaq istəyirəm.

- Ürəkdən haçan ağlamısınız?

- İlk dəfə qızım dünyaya gələndə sevincimdən ağlamışam. Atalıq hissini duydum.

- Kumiriniz kimdir bu sənətdə?

- Heç kim. Qoy desinlər Sabirə oxşamaq istəyirik.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Şəlalə, var varlı toyu, var kasıb toyu. Varlı toylarında əlbəttə, qiyməti yüksək deyirsən. Belə 6 000 manata gedirəm. Məsələn, müştəriyə başa salıram ki, 6 000 manatı nəyə verirsən. Ansamblımda qara zurna, saz, iki müğənni var. Çalışıram həmişə məndən razı qalsınlar.

- Deyəsən, rəqəmi xeyli şişirtdiniz axı?

- Kasıb toylar olanda başa düşürəm ki, istəyirlər məni görsünlər, nəzərə alıb qiymətdə razılığa gəlirəm.

- Sabir özündən niyə razıdır?

- Düzdür, razıyam. Paxıl insan deyiləm ki. Allah hamını arzusuna çatdırsın, məni də. Gözü tox insanam. Amma şou-biznesdə paxıl insanlar çoxdur, görürlər adi bir bahalı telefon almışam, həmin an paxıllıq hissi ilə baxırlar. Mən isə fikir vermirəm.

- Gözə-nəfsə inanırsınız?

- Çox inanıram. O vaxt mahnılarım çıxanda, bütün günü efirlərdə olanda başıma gəlməyən oyun qalmamışdı. Nəfsdən, gözdən çox qorxuram.

- Həyatda necə insansınız?

- İstədiyim hər nə varsa, nail olmuşam, amma çox əsəbi insanam. Çalışıram bir az da olsa əsəblərimi düzəldim.

- Kimdən halallıq almaq istəyərdiniz?

- Atamdan, anamdan, həyat yoldaşımdan.

- Sizi həyatda aldadan olub?

- Vaxtı ilə çox adama inanmışam, aldanmışam. Alverdə də məni aldadıblar. Bugünkü gün məni aldatmaq artıq çətin olar. Heç kimə aldanmıram.

- Şou-biznes nədir sizin üçün?

- Biznes maliyyə, şou nəsə maraqlı bir şey yaratmaqdır. Dedi-qodunun özü şoudur. Şou-biznesdə təzə mahnılar yaradasan, ancaq onunla gündəmdə olasan. O vaxt Rəşid Behbudov, Müslim Maqomayev xalq mahnıları oxuyurdular, Səviyyəli müğənni kimi hamının qəlbində qalıblar. Hazırda şou-biznesdə bu səviyyədə oxuyan müğənni mən tanımıram. Heç kim də özünə titul yarada bilməz. Hamını xalq sevir, xalq qiymət verir. Yoxsa gündəlik pul buraxıb gündəmdə qalıb sinələrinə döyməsinlər ki, mən birinciyəm. Şou-biznesin özü bir çirkabdır. Özümü görmürəm şou-biznesdə.

- Sizi həyatda nə qıcıqlandıra bilər?

- Çox istədiyim insan qəlbimə dəyəndə

- Həyatda hansı səhvləriniz olub?

- Həmişə başım bəlalı olub. Bir-iki səhvlərim olub ki, başıma gəlməyən oyun qalmayıb. İstəmərəm bu gündən sonra səhvim olsun.

- Sabir bir az da «Qolubka» mahnısından danışın. Necə oldu ki, erməni mahnısını ifa etdiniz?

- İlk dəfə sizə açıqlama verəcəm. Bu mahnıya görə Abbas Bağırov mənə irad bildirmişdi. Bir az söhbətimiz oldu, hazırda münasibətimiz yaxşıdır. Moskvada olanda bir gün bir "muzıkant" mənə disk verdi. Dedilər ki, bunu sənə bir bəstəkar göndərib. Mahnılara qulaq as, hansını istəyirsən, ifa et. Diskdə heç bir ad yazılmamışdı ki, erməni mahnısıdır. Qulaq asdım mahnıların hamısına, bir «Qolubka»nı seçdim. Özlüyümdə də fikirləşdim, bu mahnı ilə gündəmdə olacam. O fikirlə ifa etdim. Hər yerdə sevildi. Bütün toylarda, internetdə mahnı birinci oldu. Sonra bildim ki, bu mahnını mənə diskdə erməni verib. Özü Tacikistanda yaşayır, azərbaycanca təmiz danışır. Hər yerdə «Qolubka»nı Azərbaycan mahnısı kimi təqdim edirlər, bununla da fəxr edirəm. Düz yoldayam. Əyri işim yoxdur. Erməni çıxıb bizim mahnıları mənimsəyir. Qoy indi peşman olsunlar ki, bu gün «Qolubka» mahnısı Azərbaycan adı ilə səslənir. Özü də «Qolubka» mahnısında erməni sözü yoxdur. Otuz iki ölkədə oxudum mahnını, heç kim deyə bilməz ki, erməni mahnısıdır.

- Sabir, mənə çox maraqlıdır, bəzi-bəzi həmkarlarınızın ermənilərlə şəkilləri var. Sabirin necə, hansısa erməni ilə şəkli varmı?

- Rusiyada bütün tanınmışlarla şəklim var. Erməni ilə yoxdur. Tədbir olur ki, ermənilər qürurla gəlib azərbaycanlının yanında şəkil çəkdirirlər. Özləri yaxınlaşıb hansısa bizim müğənnilərlə şəkil çəkdirir. Min musiqiçi var, şəkil çəkdirirlər, sonradan bilirsən ki, bu erməni idi. Onlar utansın ki, gəlib yaxınlaşıb şəkil çəkdirirlər.

- Kişi sözü nədir?

- Çox çətin sözdür. Əsl kişi elə kişi kimi olmalıdır. Şou-biznesdə adamlar var, silikon etdirirlər, min cür hərəkətdən çıxırlar. Kişi şəxsiyyət olmalıdır. Ədalət Şükürov, İlqar Muradov kimi şəxsiyyət olmalıdır, yoxsa... Ədalət mənim böyük qardaşımdır, sadə insandır. Böyük-kiçik yeri biləndir. Ədalət sırğa taxmır, əsl kişi obrazı ondadır. Bəzi həmkarlar var ki, kişi kimi hərəkət etmir.

- Kimləri nəzərdə tutursunuz?

- Heç kimin adını çəkməyəcəm. Düzdür, çox çirkablıqdır, qorxmuram, sözümü də deyirəm, mavilər var. Mən də eşidirəm, görürəm, Allah o dünyada paylarını verəcək. İstəmərəm adım hansısa mavi ilə hallansın, mənim müsahibəmdə. Hamı bilir də kimdir, mənim nəyimə lazımdır?

- İnsanın malik olduğu ən pis xüsusiyyətlərdən biri həsəddir. Nəyəsə həsəd aparmısınız?

- Həyatda qocalara həsəd aparıram. Yaşlı ər-arvad görəndə deyirəm, kaş mən də həyat yoldaşımla bir yerdə olum, qocalığımız bir yerdə olsun.

- Ötən günlərə dönmək istərdiniz?

- Məktəb illərimə dönmək istərdim ki, heç vaxt səhv buraxmayım.

- Naxışınız gətirib?

- Hə, özü də çox.

- Niyə bu gün gündəmdə yoxsunuz?

- Birincisi, mənə reklam lazım deyil. Məni ürəyi istəyənlər məclislərinə çağırır, bütün tədbirlərdə oxuyuram. Başqaları kimi efirə çıxıb, ən bomba mənəm, deyib 3 000 manata fonoqrama oxumuram ki, gündəmdə olum. Sözümü deyirəm. Çörəyimi qazanıram, mənim üçün belə xoşdur.

- Deyirlər, buzlu su içməsəniz, oxumursunuz. Niyə?

- Mən çoxdandır ki, buzlu su içib oxuyuram. Belə öyrənmişəm. Axı canlı ifadır. Allahım verib bu səsi. Allah da ala bilər. Buzlu su içəndə səsim açılır.

- Xəyanətə münasibətiniz necədir?

- Həyat yoldaşımla ailə qurnada ona ilk sözüm bu oldu, ya mənimsən, ya da heç kimin. O da razılaşdı.

Bugünkü həmsöhbətim əsasən nakam sevgisindən, ailəsindən danışmağa üstünlük verdi. Bu, onun ürəyinin səsi idi. Mən nədənsə onu qanadsız quşa bənzətdim. Bəlkə elə ona görədir ki, o, sənət aləmində göylərə pərvaz edə bilmir?..

Şəlalə Nəriman

O.M.