
Zorik:"Mən də heç kimi bəyənmirəm"
Fikrimcə, onun təqdimata ehtiyacı yoxdur. Çünki qeyri-adi zahiri görkəmi, ekstra-ordinar hərəkətləri onu bir çoxlarından fərqləndirir. Bu fərqliliyi duymaq üçün həmsöhbətimin müsahibədə səsləndirdiyi fikirlərlə tanış olmaq kifayətdir...
- Özün haqda məlumat verərdin. Zöhrab kimdir?
- Bakı şəhərində anadan olmuşam. 1984-cü ildə 132 №-li məktəbi bitirmişəm. Sonra incəsənət universitetinə daxil olmuşam. Oranı da fərqlənmə diplomu ilə bitirmişəm. Əslim Sisyandandır. Özü də ki, bəy nəslindənəm. Bəziləri kimi alaq otu deyiləm. Atam tərəf Sisyan, anam tərəf isə Şuşalıdır. Dünya şöhrətli Lətif Kərimovun nəvəsiyəm.
- Necə oldu ki, bu sənəti seçdin?
- Mən sənəti seçmədim, sənət məni seçdi və məndən əl çəkmədi.
- Qalmaqal nə deməkdir sənin üçün?
- Bir insan çıxır qalmaqal etmək üçün mənim adımı çəkir, ağzına gələni danışır. Mən də təbii ki, çıxıb cavab verirəm, olur qalmaqal.
- Şou-biznes əhli səni niyə bəyənmir?
- Bilirəm ki, məni bir çoxları bəyənmir, amma mən də heç kimi bəyənmirəm. Çünki kimdənsə bir dənədirsə məndən heç yoxdur.
- Səncə, şou-əhli səndən qorxurmu?
- Bilirsən niyə çoxları məndən qorxur? Onların iç üzlərini açıram, bəzilərinin kiminlə harada neçəyə olduqlarını bilirəm: Ad çəkməyəcəm. Mənə kim söz atırsa, çıxıb efir vasitəsilə sözümü deyirəm. Ona görə qorxurlar bir çoxları.
- Ən yaxın həmdəmin kimdir?
- Ən yaxın həmdəmim dostum, canım, ürəyim Natəvan Həbibidir. Amma çox istədiyim insanlar var: Nazənin, Rəqsanə, Kamilə Babayeva, Elza Seyidcahan, stilist Anar Ağakişiyev.
- Bəzi üzdəniraqlar şou-biznesə üz tuturlar. Səbəb nədir? Ümumiyyətlə, şou-biznesdə üzdəniraqlar var?
- Üzdəniraq deyəndə bilmirəm kimləri nəzərdə tutursunuz. Hamımızı Allah yaradıb. Şou-biznesdə normal tərbiyəli insanlar da var. Yerini bilməyən insanlar isə bambılıdır. İnanın, şou-biznesdə bambılı insanlar çoxdur.
- Sənə nə düşmüşdü ki, bir çox Türkiyəyə gedib konsert verən müğənniləri ittiham edirdin? Deyəndə ki, onlar öz pulları ilə zalı doldururdular, kimi nəzərdə tuturdun?
- Bəyəm hansı orada konsert verib zalı doldurur ki? Mən Türkiyədə olanda hər şeyi dedilər. Yenə ad çəkmək istəmirəm, tamaşaçılar yaxşı bilir. Konsert verməyə nə var ki, biletləri öz cibindən alırsan, sonra deyirsən ki, konsert verdim, gəldim. Tamaşaçını aldatmaq olmaz. Onların yalandan danışmaqları mənə pis təsir edir.
- Ağlayırsan heç?
- Demək olar ki, tez-tez ağlayıram. Səbəb də insanların ikiüzlü olmasıdır.
- Bir müddət əvvəl evlənməyin haqda məlumat yayıldı. Niyə evlənmədin? Səbəb nə oldu?
- Hələ hazır deyiləm evlənməyə. Amma həmin xanımla münasibətim öz yerindədir.
- Bəs bəzi məlumatlar gəzir ki, Zorikin sevgilisi qız yox, oğlandır.
- Xəstə insanlar mənim haqımda nə gəldi danışırlar. Bakıda kimsə zirvəyə çatanda ya deyirlər ki, ermənidir, ya da deyirlər ki, əks cinsin nümayəndəsidir.
- Xatunla münasibətin necədir, nəyi bölə bilmirsiniz?
- Xatunun nəyi var ki, bir nəyi də mənimlə bölsün, bir səsindən başqa. Hamı məni düzgün danışan kimi tanıyır. Xatunın səsi gözəldir, amma bu heç nə demək deyil. Hamı bilir ki, Natəvan haqda kimsə söz deyəndə əsəbiləşirəm. Bu xanım müsahibələrində deyir ki, Natəvan ulduz deyil, heç vaxt da ulduz olmayacaq.
- Bəs kimdir ulduz, özünə rəqib kimi görürsən?
- Rəqib heç kimi görmürəm. Amma bəyənirəm Samir Fərzəlibəyovun işlərini, bir də Fuad Əlişovun işlərini bəyənirəm.
- Gözlər qəlbin aynasıdır?
- Yox, gözlər qəlbin aynası deyil, razı deyiləm.
- Geyimin, saçın bir çoxları tərəfindən yaxşı qarşılanmır. Bu, səni narahat etmir ki?
- Yox, əsla narahat etmir. Mənə belə çox rahatdır. Qalanları mənim saçımı, geyimimi bəyənmirsə, mənə heç maraqlı deyil. Onları adam yerinə qoymuram.
- Həyatdan nə istəyirsən?
- Zöhrab doğulan kimi həyatdan istədiyini alıb. Heç nəyə ehtiyacım yoxdur. Hər şeyim var, bir şeydən başqa, o da "samolyotum" yoxdur.
- Deyirlər, uşaqlar valideynlərdən çox zəmanəyə bənzəyir. Sən kimə bənzəmisən?
- Mən elə özümə bənzəyirəm. Bəyəm məndən var? Kaş elə hamı mənim kimi ağıllı olardı.
- Qısqanc insansan?
- Çox qısqancam. Adi evdə valideynlərimi o biri qardaşlarıma qısqanıram.
- Həyatda kimdən qorxursan?
- Mən həyatda heç kimdən qorxmuram. Amma məndən çoxları qorxur. Bilirlər ki, istədiyim insanı məhv etməyə gücüm var, istər mənəvi, istərsə də belə...
- Bu yaxınlarda xəbər yayıldı ki, Zöhrabı Neftçilər metrosunun yanında döyüblər. Həqiqətən döyülübsən?
- Mən bilmirəm Neftçilər harada yerləşir. Çünki Mərkəzdə yaşayıram. Elə şey olubsa da, burda ayıb nə var ki, amma məni heç kim döyə bilməz. Çünki adamın 50 başı olmalıdır mənə əl qaldırsın. Çünki onun səhərisi həmin adamı nəsilliklə yox edə bilərəm.
- Sənin üçün məhəbbət nə deməkdir?
- Məhəbbət bir göldür, biz isə onun içində üzən qazlarıq.
- Xanım sənin üçün nə deməkdir?
- Xanım mənim üçün anamdır.
- Axşam yatanda nə fikirləşirsən?
- Fikirləşirəm, görəsən, niyə mənim varlığım çoxlarına imkan vermir yaşamağa? Çünki məndən yoxdur və hamı istəyir mənim elədiklərimi təkrarlasın. Bunun da çox şahidi olmuşam.
- Kliplərdən başqa qazanc yerin varmı?
- Əlbəttə, mənim bütün xərclədiyimi ailə üzvlərim ödəyir. Çox xoşbəxtəm, valideynlərimlə birgə yaşayıram, heç nəyə ehtiyacım yoxdur.
- Şəlalə nə deməkdir sənin üçün?
- Şəlalə mənim üçün bir dərya deməkdir. Hamıdan çox maraqlı suallar verdi, ən əsası, çox intellektual və ağıllı suallarla qarşıma gəldi.
- Sənətə nələri qurban vermisən?
- Heç nə qurban verməmişəm, vermək də fikrim yoxdur, dəyməz.
- Kumirin kimdir?
- Luk Bessopi. Çox xoşlayıram onun kinolarını. Bakıda isə mən hamıya kumirəm, hamı mənə pərəstiş edir.
- Şou-biznesdə №1 kimi görürsən?
- №1 hamı bilir ki, Natadır. Ondan o yanı yoxdur.
- Özünü tənqid etmisən?
- Heç vaxt, çünki mən ideal insanam.
- Samir Bağırovla münasibətin necədir?
- Küsməmişəm. Sadəcə yüz ildir ki, onu görmürəm. Heç özüm də bilmirəm necədir. Bir şey bilirəm, çox gözəl insandır.
- Sirr deyilsə, klipi neçəyə çəkirsən?
- Beş mindən on minə qədər çəkirəm.
- Prodüser Təranə ilə münasibət nə yerdədir?
- Münasibətim normaldır. Allah şəfasını versin.
Bu gün müsahibə tamamilə fərqli ola bilərdi. Lakin müəyyən səbəblərdən səslənən bəzi kəskin fikirləri işıqlandırmadım. Həmsöhbətim şou aləmində fərqli insan olsa da, mən fərqlənmək istəmədim. Ən azı ona görə ki, mən şou əhli deyiləm, qələm əhliyəm...
Şəlalə Nəriman
O.M.