
Kemal Cenk İçden:"Çox məsuliyyətli insanam"
İnsan ağlı və kamalı ilə digərlərindən seçilə bilir. Ağıl hər kəsə verilsə də, kamala çatmaq hər adamın qisməti olmur. Bunun üçün xeyirlə şərin əbədi mübarizəsində düzgün mövqe seçmək, başqa sözlə desək, cəngavərlik tələb olunur. Cəngavər insan isə hər zaman səmimi və içdən olur.
"Şəlalə" rubrikasının bugünkü qonağı populyar televiziya layihələrinin müəllifi Kemal Cenk İçdendir.
- Özünüz haqda məlumat verərdiniz...
- 14 .03. 1966-cı ildə Almaniyada anadan olmuşam. İstanbul Universitetinin alman dili və ədəbiyyatı fakültəsini bitirmişəm. Alman dilini mükəmməl bilirəm. Universiteti bitirdikdən sonra peşəkar futbolla məşğul olmağa başlamışam. İki övladım var.
- Hazırda harada çalışırsınız?
- On beş ildir Azərbaycandayam, buranı çox sevirəm. Space TV- də çalışıram. Bir çox layihələrin rəhbəriyəm. Sənətimi çox sevirəm. Gördüyüm işlərimin nəticəsi göz qabağındadır. Tamaşaçı marağına səbəb olan televiziya proqramlarını uğurla davam etdirirəm, hər saniyə yeniliklər axtarıram.
- Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?
- İlk növbədə dünya görüşün geniş olmalıdır. Hər gün işdən sonra boş vaxtımda bir-iki film izləyirəm. Xarici şou-bizneslə bağlı məlumatları öyrənməkdən ötrü internet saytlarından xəbərləri, televiziya proqramlarını izləyirəm. Mümkün olduğu qədər KİV-dən baş verən yenilikləri öyrənirəm.
- Sizin üçün şou-biznes nədir?
- Əyləncəli bir həyatdır.
- Həyatda səhviniz nədə olub?
- Həmişə ürəyimin yumşaqlığından istifadə edirlər.
- Ən çox sevdiyiniz mahnı hansıdır?
- Ürəyimə yatan bütün mahnılara qulaq asıram. Ən çox Nisə Qasımovanın "Məni satdın nəfsinə" mahnısını sevirəm.
- Cenk bəy, bir müddət Aygün Kazımovanın yeni sevgilisi kimi bir çox saytlarda sizin barənizdə şayiə yayıldı. Buna səbəb nə idi?
- (Gülür) Yəqin yazanlar yalan xəbərləri çox sevdikləri üçün belə yazmışdılar.
- Sizcə, gözlər qəlbin aynasıdır?
- Bəli. Həmişə axtarışdayam. Bir çox gənclərə də bacardığım qədər dəstək oluram.
- Sizcə, bu gün səhnədə olan müğənnilər arasında keyfiyyət fərqi böyükdür?
- Vallah, deyə bilmərəm. Mənim hamıya münasibətim normaldır.
- Həyatda kimdən qorxursunuz?
- Allahdan çox qorxuram.
- Bu sənətə həyatda nələri qurban vermisiniz?
- Sənətə həyatımı qurban vermişəm.
- Müsbət və mənfi cəhətiniz nədir?
- Məni tanıyanlar bilir.
- Bəs həyatda ürəkdən nə vaxt ağlamısınız ?
- Anamın rəhmətə getdiyi gün.
- Həyatda nələrə nail olmaq istəyirsiniz?
- Bir çox yeniliklər etmək istəyirəm layihələrimlə. Sənətə yeni addım atan gənclərə kömək olmağa çalışıram. Gözəl bir ad buraxmaq istəyirəm, yardım edən bir şəxs kimi.
- Qalmaqal nə deməkdir sizin üçün?
- Reklam üçün boş-boş şeylərdir qalmaqal.
- Ən böyük arzunuz nədir?
- Təmiz bir adla yaşamaq.
- Özünüzə rəqib gördüyünüz prodakşn varmı?
- (Gülür). Güclü kim varsa, onu özümə rəqib görürəm.
- Məsələn, kimlərin adını çəkə bilərsiniz?
- Hamısı mənim üçün güclü rəqibdir. Mən də çalışıram yeniliklər edim, layihələrim sevilsin ki, verilişlərimiz baxımlı olsun.
- Sevdiyiniz insana duyğularınızı necə isbat edərdiniz?
- Çoxdan isbat etmişəm, dünya şirinləri də uşaqlarım var.
- Dostluq nə deməkdir?
- Yaşanması vacib olan münasibətdir.
- Siz təhlükəli insansınız?
- Allah qorusun.
- Qısqancsınızmı?
- Yeri gələndə, yerinə görə.
- Xoşbəxtsinizmi?
- Çox şükür Allaha!
- Bu yaxınlarda Nadir Qafarzadə: "Mən Azərbaycanlıyam, türk deyiləm" ifadəsini işlətdi. Bir türk kimi bu ifadəni necə qarşıladınız?
- Çox normal qarşıladım, onun şəxsi fikridir.
- Qadın həyatda nə qədər sevə bilər?
- Ölümünə qədər.
- Əsl kişi necə olmalıdır?
- Centlmen, sadiq, dürüst olmalıdır.
- Xəyanət nə deməkdir?
- Yaşanmayan gərgin şeydir?
- Özünüzü tənqid etmisiniz?
- Çox etmişəm .
- Sizi ən çox nə narahat edir?
- Çox məsuliyyətli insanam. Ona görə də özümə vaxt ayıra bilmirəm.
- Sizcə, qadın həyatda nə istəyir?
- Sədaqət.
- Ailə insana niyə lazımdır?
- Ailəsiz bir insan düşünmürəm.
- Reytinqi TV-də necə qoruyub saxlayırsınız?
- Əlimdən gəldiyi qədər qoruyuram.
- Həyatda zərbə almısınız?
- Çox almışam.
- Kimə bənzəmək istəyərdiniz?
- Məni kim başa düşür, ona.
- Niyə deyirlər, "kişilər ağlamaz"?
- Yalan olan yerdə kişilər də ağlayar.
- Həyatda sizi aldadıblar?
- Çox aldadıblar.
- Pul sizin üçün nə deməkdir?
- Əl çirkidir, yuyursan , çıxıb gedir.
- Sizi nə əsəbiləşdirə bilər?
- Yalan xəbərlər və şayiələr.
- İndiyə kimi TV- də hansı verilişləri ərsəyə gətirmisiniz?
- Bu vaxta qədər bir çox televiziya kanallarında bir-birindən fərqli layihələrlə tamaşaçıların görüşünə gəlmişik. bu sırada "Azəri Star" müsabiqəsinin ilk buraxılışlarını, "Nar Star", "Pop Star", "Kim nə bacarır?", "Arıqlamaq istəyirəm", "Yay festivalı", "Sehrli çıraq" tele-şousunu hazırlamışıq. Hazırda da "Bermud üçbucağı" adlı yeni tok-şou efirdə gedir, hamı tərəfindən də sevilir. "Bermud üçbucağı"nda bu dəfə Aygün Kazımova qalib gəldi, biz də onu səmimi qəlbdən təbrik edirik.
- Şəlalə sizin üçün nə deməkdir?
- Şəlalə daxili gözəlliyin zahiri təzahürüdür. Təbiət gözəl olduğu kimi onun hər parçası füsunkardır.
Şəlalə təbiətin əsrarəngiz zəkasının və kamalının bir nümunəsidir. O, çayların axarında yaransa da, zirvələrdən axdıqca daşdan-daşa, qayadan-qayaya çırpılaraq bir növ cəngə qalxır. Bu zaman onun sularının şırıltısı səmimi, içdən olan bir insanın üsyanına, kükrəməsinə bənzəyir...
Şəlalə Nəriman
O.M.