"Qadının zahiri gözəlliyi olmalıdır ki, kişiləri cəlb etsin"

"Qadının zahiri gözəlliyi olmalıdır ki, kişiləri cəlb etsin"

28 Oktyabr 2011 17:45
Bəyəndim (0) Bəyənmədim (0)
"Rəqsanəni bəyənmirəm, nə də ondan qorxan var"

Saf suları daşdan-daşa çırpıldıqca şəlalə sanki rəqs edir. Ecazkar musiqi sədaları altında yallı rəqsini xatırladan mənzərə yaranır. Bu isə yüksək zirvələrdən ucsuz-bucaqsız okeanlara qədər təbiətin vəhdətini və saflığını simvolizə edir.

"Şəlalə" rubrikası da adına uyğun olaraq tanınmış simalarla oxucular arasında təmas yaradır. Eynən yallı rəqsində olduğu kimi, məşhurlarla oxucular eyni ünvanda virtual olaraq görüşürlər. Rubrikamızın bugünkü qonağı müğənni, rəqqasə Sevda Sanəliyevadır.

- Özünüz haqda məlumat verərdiniz.

- Yaşımı deməyəcəm, əslim Qubadlıdandır. İncəsənət gimnaziyasının Aktyorluq-rejissorluq, Fortepiano fakültələrini bitirmişəm. On ildir bu sənətdəyəm.

- Sevda, necə oldu ki, rəqqasəlik sənətindən uzaqlaşıb müğənni oldunuz?

- Uşaq vaxtından bənövşə ansamblında oxumuşam, yeddi-səkkiz yaşım var idi. Əslində, mənim rəqqasəlik sənətində müəlliməm olmayıb. Özüm öz istedadımı kəşf etdim. Rəqqasəlik mənə çox kömək oldu ki, müğənni oldum. Çünki mən artıq mahnı oxumağa başlayanda sevilirdim, hamı tanıyırdı məni. Çox tələbkaram özümə qarşı. Qismət.

- Bəzi müğənnilərə zəng edəndə prodüser cavab verir. Bəs Sevdanın niyə prodüseri yoxdur?

- Bilirsiniz, mən çox əsəbi insanam. Xoşlayıram öz işlərimi özüm görüm. Pis baxmıram prodüseri olanlara. Lazım olanda, harasa gedəndə yanımda adam olur, tək getməyim deyə. Çox vaxt anam olur yanımda. İndi bir az özünü pis hiss edir, yoxsa hansısa məclisə heç vaxt tək getmirəm.

- Bəzi gənc müğənnilər yaşlı müğənniləri bəyənmirlər. Sevda bir gənc qız kimi bu müğənnilərə necə baxır?

- Özümüzdən böyük insanlara gərək hörmət edək. Çünki səhər biz də yaşlanacağıq. Onu da deyim ki, gənclərdə çox vaxt günah görmürəm. Hansısa yaşlı sənətkara salam vermirsə, demək, nəsə səbəb var.

- Yaşlı sənətkarın şəxsən sizə pisliyi dəyibmi?

- Ad çəkməyəcəm. Bəzi yaşlı müğənnilər mənim məclislərimi əngəlləmək istəyiblər. Məni isə ev yiyəsi özü istəyib ki, məclisində oxuyum, gəlib oxumuşam. Pislik onların özlərinə qalıb. Bəzi müğənnilərdə gənc müğənnilərə qarşı paxıllıq hissi olur. Gənclər də belə şeyləri görəndə bəzi yaşlı müğənnilərə qarşı laqeyd olur. Mənə qarşı olub. Bildiyimi deyirəm, sadəcə, qalmaqal istəmirəm. Özü bildi ki, kimə atıram sözümü.

- Bəs sizin üçün qalmaqal nə deməkdir?

- Qalmaqal mənim üçün reklam deməkdir.

- Zamanında qalmaqallar sizə kifayət qədər kömək eləyib. Bunu yəqin ki, danmazsınız. Səbəb nə idi?

- Hə, rəqqasələrlə olmuşdu. İndi münasibətim normaldır. Sonra Rəqsanə ilə oldu. Rəqqasəlik sənəti çox ağır sənətdir. Səhnədə tamaşaçıya çox yaxın olursan.

- Rəqsanə ilə qalmaqal sizə piar oldu?

- Rəqsanəni bəyənmirəm, nə də ondan qorxan var. Mən çoxdan tanınırdım, o kimdir axı? Nə oxumağını, nə də mahnılarını bəyənmirəm. sözümün üstündə də dururam.

- Bəs qorxmursunuz ki, yenidən qalmaqal olar?

- Yox, nədən qorxuram? Sadəcə, fikrimi bildirdim. Hamıya münasibətim şou-biznesdə superdir. Bir-iki adamı çıxmaq şərt ilə. Onlardan biri də Rəqsanədir. Bundan sonra qalmaqal fikirləşmirəm, sadəcə, yeniliklər axtarıram sənətimdə.

- Dostluq dünyanın ən böyük xəzinəsidir. Açarını tapan sonsuz xoşbəxtliyə sahib olur. Sevda dostluq açarını tapıbmı?

- Əvvəllər deyirdim, rəfiqəm yoxdur. İllər boyu hamısı ələkdən keçdi, özümə yaxın dost, rəfiqə tapmadım.

- Sevda, pul sizin üçün nədir?

- Çox şey deməkdir. Pul həyatda hər şeyə kömək olur.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Yarım saatı 1 000 manata, bütün toyu ansamblla 5 000 manata idarə edirəm. Öz musiqiçilərim var.

- Kumiriniz varmı?

- Heç kim.

- Həyat çox gözəldir, sadəcə, o gözəlliyi duymaq, qorumaq, heç olmasa bir zərrə qədər gözəllik yaratmaq lazımdır. Bəs sizin üçün qadın gözəlliyi nə deməkdir?

- Əsas qadının zahiri gözəlliyi olmalıdır ki, kişiləri cəlb etsin. Daxili gözəlliyi təmiz olmalıdır. Oturuşunu, duruşunu bilməlidir.

- Bəs əsl kişi necə olmalıdır?

- Sərt, səliqəli, dürüst, təmizkar olmalıdır. Xanımını incitməməlidir. Sevməlidir. Uzun saçlı, sırğa taxan, dar şalvar geyinən kişilərdən heç xoşum gəlmir. Kişi geyimi ilə seçilməlidir.

- Hər gözəlin bir eybi var, bəs sizin eybiniz nədə olub?

- Burnumda (gülür), onu da əməliyyat etdirmişəm. plastik əməliyyatlara pis baxmıram. Məsələn, gənc qızlar botoks, silikon edir, həmin an simaları dəyişir. Təbiiliyə çox üstünlük verirəm. Qırx-qırx beş yaşından sonra ehtiyac olsa, bəzi plastik əməliyyatlar etdirəcəm.

- Nəyə biganə qala bilərsiniz?

- Çox yerlərdə məni toylardan bururlar, ona biganə qala bilmirəm.

- Bəs bu sənət sizə nə öyrətdi?

- Daş ürəkli olmağı.

- Həyatda səhviniz olubmu?

- Hamı kimi mənim də bəzi səhvlərim olub. Qoy öz qəlbimdə qalsın.

- Müsbət və mənfi cəhətiniz nədir?

- Mənfi cəhətim-tez əsəbiləşirəm, müsbət cəhətim-çox kövrək qəlbim var, hər an ağlaya bilərəm.

- Naxışınız gətirib?

- Çox xoşbəxtəm, inanın. Sənətdə də, şəxsi həyatda da.

- Şəxsi həyatda yenilik varmı?

- Sevdiyim insan var. Əsl sevgim indi olub, bundan qabaq kiməsə qarşı sevgim olmayıb. Allahımdan razıyam. Belə bir insan çıxıb qarşıma. Sevirəm, sevilirəm. İnşAllah, istəyirik toy edək. Allah qismət etsin, ailə qurmaq istəyirəm.

- Sizin üçün sevgi nə deməkdir?

- Sevgi həyatdır, böyük varlıqdır. Bax sevdiyim insan yanımdadır, həm suyum, həm havamdır.

- Xəyanətə münasibətiniz necədir?

- Ölümdür mənim üçün xəyanət.

- Sevgiliniz sizə xəyanət etsə, nə edərsiniz?

- İnanmıram o, mənə xəyanət etsin. Eləsə ölərəm.

- Həyatda sizi aldadan olubmu?

- Müğənniliyə gələndə məni aldatdılar. Çox yersiz mahnılara pul verdim, amma oxumadım. Mahnıları aranjeman etdirəndə də məni çox aldatdılar. Heç kim məni başa salmadı, hər şeyi öz qüvvəmlə edirdim. Rəqqasəlik edib pulu yığıb mahnı alırdım. İndi isə məni aldatmaq qeyri-mümkündür.

- İnanclara münasibətiniz necədir?

- Mən evdən çıxanda "Bismillah" deyirəm. Hansısa işi görmək üçün sağ ayağımı birinci basıram. Bu mənim üçün həmişə düşərli olub. Fala da getmişəm, o da maraq üçün, amma inanmıram.

- Çərçivə nədir sizin üçün?

- Atdığın addımlara fikir verməkdir. Bəzi yerlərdə elə söz danışmaq lazımdır ki, çərçivədən çıxmayasan.

- Qadın sevəndə təhlükəli ola bilər?

- Hər bir qadın sevirsə, təhlükəli ola bilər. Əgər sevirsənsə, bu təhlükədir. Sevdiyi insan ona xəyanət edirsə, həmin xanımın qarşısında durmaq olmaz. Şəxsən mən sevirəm, çox təhlükəli ola bilərəm sevdiyim insana qarşı.

- Bəs Sevdanı nə qıcıqlandıra bilər?

- Yalan. Bir də görürsən ki, kimisə yalandan tərifləyirlər. Gərək elə eləyəsən ki, səhər ölüb gedəndən sonra sənə rəhmət desinlər.

- Bəs gənc qızların ailəli kişilərlə münasibətinə necə baxırsınız?

- Hər bir insanın həyatında səhvi olur. Ailəli kişilərə baş qoşmaq yaxşı deyil. Çünki ailəli kişilərlə münasibət quranda insana ləkədən başqa heç nə gəlmir. Hər bir gənc qız xoşbəxt olmağa layiqdir. Gərək elə addım atasan ki, ötən günlərə peşman olmayasan.

- Ötən günlərə dönmək istəyərdiniz?

- Qətiyyən istəmərəm. Mənim də həyatda səhvim olub. Ən yaxşı günlərimi indi yaşayıram.

- Bəs axşam yatmamışdan qabaq nə haqda fikirləşirsiniz?

- Olub keçənləri hər gün fikirləşirəm. Öz-özümə deyirəm: "görən, niyə belə səhv addım atdım?" Yatmamışdan qabaq fikirləşirəm ki, bir də belə hərəkət etməyim. Səhər neyləyəcəm, onu fikirləşirəm.

- Sevdanın nazını indi kim çəkir?

- Sevdiyim insan.

- Sevda öz-özünə nə sual verərdi?

- Mən niyə belə xoşbəxtəm?

- Qısqanc insansınız?

- Lap çox, ölümünə qısqancam.

- Sənətdə nə kimi yenilikləriniz var?

- Yeni albom çıxardıram. Bu yaxınlarda kliplər çəkilməlidir. Müəyyən səbəblərə görə çəkilişləri dayandırdım. Artıq yeni mahnılarımı görəcəksiniz.

- Kimdən halallıq almaq istərdiniz?

- Bir qonşum var, ondan.

- Şəlalə nədir sizin üçün?

- Şəlaləyə ilk dəfə ürəyimi açdım.

Rəqs insan duyğularının hərəkətli ifadəsidir. Hər kəs rəqs edə bilir, amma rəqqas ola bilmir. Rəqqas olmaq zəngin və təzadlı duyğuların vəhdətini tələb edir...

Şəlalə Nəriman

O.M.