
"Fəxri ad almaq üçün yuxarılara "xod" tapmaq lazımdır"
Musiqi ruhun qidasıdır. Hər bir qidada olduğu kimi onun da keyfiyyətlisi, xeyirlisi, təbiisi olur. Gözəl musiqinin ecazkar səsi qəlbimizə ilham verir, zövqümüzü inkişaf etdirir. Bütün bunları nəzərə alaraq, bu dəfə musiqinin mətbəxinə nəzər salmaq qərarına gəldim.
Qonağım bəstəkar müğənni Cabbar Musayevdir.
- Özünüzü bir neçə cümlə ilə necə təqdim edərdiniz?
- Mən Cabbar Musayev 1959-cu ildə İmişli rayonunda anadan olmuşam. İqtisadiyyat Universitetini bitirmişəm. Musiqiyə marağım orta məktəbdən olub. Əmim Niyaməddin Musayevdən dərs almışam. Üç oğlum var.
- Kimin üçün yaşayırsınız həyatda?
- Ailəm, övladlarım üçün.
- Qısqanc insansınız?
- Normada qısqancam.
- Bəs həyat yoldaşınız necə, qısqanırmı sizi?
- Onda da normaldır, belə bir problem olmur ki, qısqansın məni. Mən ailəmə dəyər verən insanam. Hər şeydən üstün tuturam övladlarımı.
- Düzünü deyin, olubmu ki, həyat yoldaşınıza xəyanət edəsiniz?
- Əstağfürüllah, xəyanət etməmişəm.
- Heç inandırıcı səslənmir.
- Nə deyim (Susdu).
- Sizin üçün xanım nə deməkdir?
- Xanım hörmət əlamətidir. Hər adam üçün xanım sözünü işlətmək olmaz.
- Bəs kişi sözü sizin üçün hansı mənanı daşıyır?
- Əsl kişi ailəcanlı olmalı, ailəsinə qiymət verməyi bacarmalı, onu hər şeydən üstün tutmalıdır. Sözübütöv olmalıdır. Səviyyəsini yuxarı tutmağa çalışmalıdır.
- Kişiyə xoşbəxt olmaq üçün nə lazımdır?
- Ümumiyyətlə, xoşbəxt anlar olur. Rəhmətlik Telman Adıgözəlov həmişə deyirdi: "Xoşbəxt insanlar dəlidirlər." Xoşbəxtlik alın yazısıdır. Təsəvvür edin, ailədə, dostlar arasında, qohum-əqrəbada sevinc yaşananda bu xoşbəxtlikdir. Ümumiyyətlə, xoşbəxt anlar olur. Kişiyə də xoşbəxt olmaq üçün birinci can sağlığı lazımdır.
- Sizcə sevgi nədir?
- Mən ilk dəfə həyat yoldaşımı görüb sevmişəm. Bəlkə də otuz beş-iyirmi beş yaşım olsaydı, başqa cür cavab verərdim. Bir də belə bir məsəl var, sevgiyə şairin gözü ilə baxmaq lazımdır.
- Həyatda neçə dəfə sevmək olar?
- Bir dəfə. Mən də həyat yoldaşımı sevmişəm, ondan başqa heç kimə sevgim olmayıb. Kişi həyatda bir dəfə sevər, o da ailəsini.
- Belə çıxır ki, bir çox xanımların pərəstiş etdiyi Cabbar Musayev cəmi bir dəfə sevib?
- Bəli.
- Maraqlıdır. Nə deyim? Həyatda necə insansınız?
- Səmimi, sadə insanam.
- Düz sözdür ki, əsl sevgi qırx yaşından sonra olur?
- Bir var istək, nədənsə xoşun gəlir, bir də var pak sevgi. Mənim əlli iki yaşım var. Nə bilim, mən elə şey bilmirəm, gərək yaşayasan, deyəsən. İnanmıram ki, əsl sevgi qırx yaşından sonra olur.
- Heç özünüzü tənqid etmisiniz?
- Öz-özlüyümdə tənqid edirəm, bir nəticə çıxarmıram.
- Özünüzdə nəyi bəyənmirsiniz?
- Səhlənkar, tənbələm.
- Bu yaxınlarda özünüz haqda hansı şayiəni eşitmisiniz?
- Bu yaxınlarda avtomobil profilaktoriyasında idim, ATV-dən zəng gəldi. Dedilər ki, eşitmişik Könül Kərimova xəstəliyə tutulub. Axı bu millət niyə eşitmir yaxşı şeyləri, pis şeyləri düşünür? Toy yiyələri zəng edib soruşurlar, Könül xanım doğrudan xəstələnib, vəziyyəti pisdir? ATV yaranan gündən qalmaqal üçün yaranıb. Nədi-nədi, verilişləri baxımlı olsun. Nanə xanımın verilişində canlı bağlantı oldu Könül Kərimova ilə, dedi, hamısı şayiədir, elə bir şey yoxdur, sağ-salamatam. ATV-nin növbəti yalanları idi. Tamaşaçılar da oturub bir dəfə baxır, ikinci dəfə baxmır ki, görsün Könül həqiqətən xəstələnib, səbəb nədir? Bax bu şayiə bizə bir az pis təsir elədi. Bütün günü toy yiyələri zəng edir, Könülü soruşur.
- Cabbar müəllim, "od olmasa, tüstü çıxmaz". Deyirlər, Könül xanım həyat yoldaşından boşanandan sonra depressiyaya düşüb, ruhi sarsıntı keçirib.
- Yalan söhbətdir. Könül ailəsinin içindədir, övladlarının yanındadır. Yoldaşı da evdədir. Heç bir xəstəliyi də yoxdur. Sadəcə, Könülü istəməyənlər bu cür şayiə çıxardılar.
- Ürəkdən haçan ağlamısınız?
- Qardaşım vəfat edəndə.
- Yaşamaq üçün, sevmək üçün insana nə lazımdır?
- Can sağlığı, bir də pul lazımdır.
- Sizcə pul insanların çirkinliyini üzə çıxarda bilirmi?
- Pulu bəziləri istifadə edə bilmir. Çirkinin əlinə pul düşəndə ortaya çıxarda bilmir. Çirkin həmişə çirkindir. Pul ağıllı adamın eybini örtür, ağılsızın eybini açır. Məsələn, dövlətlinin uşaqları nə qədər pis hərəkət edirlərsə də, onu ört-basdır edirlər. Kasıbınkı həmin hərəkətdən edəndə pis baxırlar, "xuliqandır" deyirlər. Bunların da səbəbkarı yenə puldur.
- Çərçivə nədir sizin üçün?
- Bəzi şeylər var ki, gərək ailədaxili çərçivədən çıxmayasan. Nə qədər xoş hadisələr olsa, o çərçivəni qoruyub saxlamaq lazımdır.
- Həyatda nəyə inanırsınız?
- Alın yazıma. Alın yazı olmasaydı, gecə saatlarında siz məndən müsahibə götürə bilməzdiniz, bəlkə toyda olardım. Tanrının qismətinə inanıram.
- Bəs fala inanırsınız?
- Qətiyyən inanmıram. Gedənlər də psixologiyası korlanan insanlardır. Məsələn, eşidirəm ki, falçı yalandan nəsə deyir, adamı fikir aparır, qətiyyən belə şeylərə inanmaq lazım deyil. Bayaq dedim, alın yazısı var.
- Kimdən qorxursunuz?
- Hamı deyir Allahdan, amma mən deyirəm Allahımı sevirəm, qorxmuram.
- Axşam yatanda nələri fikirləşirsiniz?
- Hər gecə yatanda deyirəm, Tanrı mənə çoxlu pul versin, bütün imkansızlara kömək edim. Sunamidən əziyyət çəkənləri, Türkiyədə zəlzələ qurbanlarını görəndə pis oluram. O uşaqlara kömək eləmək istəyirəm.
- Həyatda necə yaşamaq lazımdır?
- Məhəmməd Peyğəmbərin ibrətamiz misalı var: "hər günü elə yaşa ki, elə bil axırıncı gününü yaşayırsan". Şəxsən mən bu sözə əməl edirəm.
- Romantik insansınız?
- Düzünü deyim, çox xəyalpərəstəm. Romantikanın içində xəyallarımla uçuram. Buna da yaxşı baxmıram.
- Ən çox nəyə məyus olursunuz?
- Məyus oluram ona görə ki, istədiyim qədər mahnılar yaza bilmirəm, tənbəllik edirəm, vaxt imkansızlığından gileylənirəm. Bəstəkara ruh lazımdır. Nüsrətin şeirləri kimisini tapa bilmirəm. Bir şeir tapdım, Vahid Əzizin "Unuduldum". Onu da Röya oxudu. Bəstələyib ona verdim.
- Bəzi gənc qızlar ailəli kişilərlə münasibət qurur. Sizcə bu nə dərəcədə doğrudur?
- Bilirsiniz, qədimdə qardaş rəhmətə gedəndə onun dul qalmış arvadını qardaşına alırdılar. Guya onda namus təmiz qalır. Şükür, belə şeylər indi yoxdur. Qaldı ki, hər bir gənc öz hərəkətini fikirləşməlidir. Kişilərlə münasibət quranda da fikirləşməlidir. Qızın özünə ailə lazımdır. Mən şəxsən pis baxıram elə şeylərə.
- Sizcə qızlar kişinin özünü, yoxsa pulunu düşünür?
- Sözsüz, yaşlıdırsa, puluna görə tora salır.
- Bəs qadın həmin kişini təmənnasız sevirsə, sadəcə, onun varlığını duymaq üçün onun yanında olmağa can atırsa, onda necə?
- Çox təmiz sualdır. Əgər qarşılıqlı sevgi varsa, o başqa məsələ. Belə də mən heç nə deyə bilmərəm. Çox maraqlı sual idi.
- Cabbar Musayev xoşbəxtdirmi?
- Çox şükür. Gözəl ailəm var, az-çox imkanım var, tamaşaçılar sevir məni. Bundan yüksək nə ola bilər.
- Gəlin bir az da sənətdən danışaq. Necə oldu ki, bəstəkar olmaq qərarına gəldiniz?
- Bəstəkarlıq istedadı çox musiqiçilərə verilir. Bəziləri bunu hiss edir, bəziləri yox. Məndə bəstəkarlıq sənətinə marağı əmim Niyaməddin kəşf etdi.
- Neçənci ildən bu sənətdəsiniz?
- 1977-ci ildən bu sənətdəyəm. İlk dəfə "Sevgilim" ansamblında ifa etmişəm. Rəhmətlik Rəşid Nəsiboğlu ilə bir çox yerlərdə qastrollarda olmuşam. "Röya" ansamblının solisti olmuşam. Əmim Niyaməddinin xeyir-duası ilə özümə "Durna teli" ansamblı yaratmışam, hazırda bu qrupun rəhbəriyəm. Otuz bir ildir bu sənətdəyəm.
- Otuz bir il sənətdə olan Cabbar Musayevin ad almamağı nə ilə bağlıdır?
- Müğənnilər var ki, qırx ildir sənətdədir, hələ də ad almayıb. Ad almaq bu sənətlə bağlı deyil. Əvvəl SSRİ-nin dövründə "Əməkdar artist", "Xalq artisti" adlarını əməksevər müğənnilərə, xalq içində ad alanlara verirdilər. Mən şəxsən can atmıram ad almağa. Fəxri ad almaq elə-belə şeydir. Ad almaq üçün birinci növbədə xahiş lazımdır. Yüksək təbəqədə, yuxarıda oturanlar var ki, bu işlə məşğuldur. Fəxri ad almaq üçün yuxarılara "xod" tapmaq lazımdır. Gərək kimsə səni tapşırsın ki, sənə də ad versinlər.
- Demək, Cabbar Musayev yuxarıda oturanlara "xod" tapa bilmir ki, ona da ad vermirlər?
- Elə bir insan tanıyıram ki, bir manat pulu yoxdur, amma ad veriblər. "Durna teli" ansamblı yaranan gündən bir çox qastrollarda, cəbhə bölgələrində çıxışımız olub. Hər bir gözəl mahnım mənim üçün karyeradır. Kimsə mənə ad verəcəksə, kiməsə gedib ağız aça bilmərəm. Vaxt olacaq, bu adlar da heç kimə lazım olmayacaq. Əsas xalq sevirsə, məclislərində görmək istəyirsə, mənim üçün bəsdir. Müğənniyə xalqın sevgisi lazımdır.
- Cabbar Musayev niyə başqa xanımlara mahnı bəstələyib vermir? Səbəb nədir?
- Bilirsiniz necədir? Mən olur ki, bir aya iki mahnı, iki aya üç mahnı yazıram. Yazanda da öz ansamblımı fikirləşirəm. Səbəb də odur ki, yaxşı mahnı olanda bütün tamaşaçıların marağı səndə olur, toylara çağırırlar. Mahnı da populyar olanda çoxlu pul qazanmaq olur. Fikirləşirəm ki, mahnımı başqası oxuyunca elə özümüz xeyir görək. Niyə mənim mahnımla kimsə qıraqda pul qazanmalıdır? Şəxsən mən mahnıları heç vaxt pula satmıram. Əsas şeiri duymaqdır, o, mahnıya qol-qanaddır. Kamran Həsənli, Könül, bir də mən bir duet yazdırdıq. Elə bil mahnılarımın içində rəf boş idi, həmin mahnı onun yerini doldurdu.
- Demək, Cabbar Musayevin əsas fikri toyda pul qazanmaqdır. Sirr deyilsə, toylara neçəyə gedirsiniz?
- Bəli, əsas pul qazanmaqdır. "Durna teli" ansamblımla şəhər toylarına 6 000 manata, rayonlara 10 000 manata gedirik. Olur ki, qiyməti bir az aşağı edirəm. Toy var saat on ikidə başlayır, on ikidə qurtarır. Elə toy var altıda başlayır, on birdə qurtarır. Bunlara da nəzər yetiririk.
- Yeni mahnınız varmı?
- Heç kim deyə bilməz ki, Cabbar pulla mahnı bəstələyir. Abbas Bağırov müraciət etmişdi, ona bir mahnı verəcəm. Olub ki, hansısa uşağa mahnı bəstələmişəm, pul əvəzinə 500 dollar hədiyyə veriblər. Sadəcə, çox tənbəllik edirəm mahnı bəstələməyə.
- Bəstələrinizdə dilə gətirilməyən sevgi gizlənirmi?
- Rəhmətlik Nüsrət Kəsəmənli həmişə gördüyü, başına gələn hadisələri şeirlərə yazırdı. Mən də mahnıları bəstələyəndə elə bəstələyirdim ki, həmin hadisə notlar üzərində ifa olunanda adam hiss edirdi. Mahnılarımda dilə gətirilməyən sevgilərim də olub.
- Qalmaqala münasibətiniz necədir?
- Çox pisdir, həddindən artıq, uzağam qalmaqaldan.
- Övladlarınızdan sizin sənətin davamçısı varmı?
- Böyük oğlum Konservatoriyada - Musiqi Akademiyasında oxuyur. Ortancıl oğlum İqtisad Universitetini bitirib, vergi orqanında çalışır. Üçüncü oğlum İqtisad Universitetində ikinci kursda oxuyur. Övladlarımdan çox razıyam. Əsas da tərbiyələrinə görə.
- Sənətə nələri qurban vermisiniz?
- Adətən qadınlar sənətə görə ərlərindən boşanır, evdən qaçırlar. Mən heç nəyi qurban verməmişəm.
- Cabbar Musayev təhlükəli insandır?
- Dörd-beş ilin söhbətidir. Bir dəfə Teymur Əmrah bir mahnımı ifa edib. Rus bəstəkarı bu mahnını eşidib. Deyib, axır ki, mən istədiyimi bu notda tapdım. Teymur Əmrah da televiziyada dedi ki, Cabbar Musayev çox təhlükəli bəstəkardır. Elə bir mahnı bəstələyər, bəlkə də dillərdə dastan olar. Mahnılarımın bəstəsində təhlükəli ola bilərəm. Siyavuş Kəriminin oğlu bir dəfə mənə dedi ki, Cabbar müəllim, sizin mahnılara qulaq asandan sonra yenilik gözləyirəm, adamın ruhunu oyadır sizin mahnılar, bütün mahnılarınızdan xəbərim var.
- İncəsənət aləmində kiminlə dostluq edirsiniz?
- Gitara ifaçısı Eldar Ələkbərovla, müğənni Elşad Qarayevlə, öz musiqi qurumumla dostluq edirəm.
- Bəstələdiyiniz mahnıların həyatınızda baş verən hadisələrlə hansısa bir bağlılığı varmı?
- Bəstəkara yaxın şairin şeirləri olur. Bir gün Xanım İsmayılqızına dedim ki, hər nəyi görürsən, bizə bir mahnı yaz, ver. O da həm yazdı, həm də bəstələdi, bizə "Bir aləm" mahnısını verdi. Çox gözəl mahnıdır, sevildi. "Nə olar, Allahım, ayırma bizi", "Başqa birisini sevə bilməyəcəksən" - kimi dəyərli misralara çox fikir verirəm.
- Kumiriniz kimdir?
- Düzünü deyim, eqoist insanam. Nə Q.Qarayev, nə Tofiq Quliyev, nə də Niyamməddin Musayev olmaq istəmirəm. İstəyirəm məni özümə görə tanısınlar.
- Etibar edib mahnı verdiyiniz müğənnilər etimadınızı doğrulda bilirmi?
- Düzünə qalanda hamısı yox, doğrulda bilmirlər.
- Son olaraq qayıdaq romantikaya. Şəlalə nədir sizin üçün?
- "Bir aləm" mahnısına Yardımlıda klip çəkəndə gördüm şəlaləni, həzin şırıltısını eşidirdim. Gün düşəndə rəng əsrarəngiz olurdu. Amma Niaqara şəlaləsi çox vahiməli olur. Mənə göstəriblər, çox qorxuludur.
- Ürəyinizdə hansısa sual qaldımı?
- Elə bir sualım yoxdur. Çünki çox ürəyimə yatan qeyri-adi suallar oldu. Elə bil seçmisiniz sualları, çox maraqlı oldu mənim üçün.
Şəlalə bu dəfə məhəbbət mahnılarının əvəzsiz bəstəkarı və ifaçısı Cabbar Musayevin qəlbinin qonağı oldu. Onun hər bir sualı şəlalə sularıtək müğənninin düşüncələrinə axdı, ruh aləminə aydınlıq gətirdi. Beləcə, mahnıları ilə sizlərə sevgi bəxş edən, məhəbbəti yaşadan müğənni daha da sevilmiş oldu...
Şəlalə Nəriman
O.M.