"İstədiyim kimi oxuya bilmirəm"

"İstədiyim kimi oxuya bilmirəm"

17 Oktyabr 2011 18:31
Bəyəndim (0) Bəyənmədim (0)
Bizim evdə əvvəllər Həsən, Hüseyn müsibətləri olurdu

Təbiəti bir olan Allah yaradıb. Şükür məsləhətinə! O, insana göndərilən ilahi paydır. Onun ayrılmaz parçası olan, saflıq, mübarizə rəmzi şəlalə də həmçinin. Sonra ruh verilib bütün canlı aləmə. Və o andan bu anadək var olan hər bir məxluq öz həyat tərzi ilə Yaradanına ibadət edir.

"Şəlalə" rubrikasının bugünkü qonağı adının mənası ruhlandıran, soyadının mənası Tanrı payı olan hacıxanım Ruhəngiz Allahverdiyevadır. Onu sadəcə əməkdar artist kimi də təqdim edə bilərdim. Lakin Ruhəngiz xanımla söhbətdən sonra müsahibəyə fərqli bir giriş vermək qərarına gəldim.

- Özünüz haqda məlumat verərdiniz.

- 1955-ci ildə noyabrın 21-də Bakıda anadan olmuşam. Əslim Xızılıdır. 1973-cü ildən sənətdəyəm. Əməkdar artistəm. Asəf Zeynallının vokalını bitirmişəm. Ailəliyəm. İki oğlum, bir qızım var. Hacıxanımam.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Uşaq vaxtından marağım olub. O vaxtlar məktəbə gedəndə anam mənə pul verirdi, yığırdım. Bir gün yığdığım 73 manata qarmon aldım. Qardaşım istəyirdi ki, mən oxuyum. Bir də görürdüm ki, bir ay qoyur oxumağa, 3 ay qoymur. "Təranə" gənclik ansamblında ifa etmişəm, bir çox tərəf müqabillərim olub. Sonralar Elmlər Akademiyasında konsert verməyə getmişdik. Ceyran Haşımova məni gördü, onların ansamblında ifa etməyə başladım. Bir çox rayonlarda olmuşam. Dövlət tədbirlərində, xarici ölkələrdə də olmuşam.

- Bəs professional sənətə nə zaman gəldiniz?

- Özümü tərifləməyi xoşlamıram, heç vaxt da razı olmamışam ki, məni tərifləsinlər. Yüksəklərdə gözüm olmayıb. Çoxları özlərini yüksəklikdə görür. Mən sadəliyə üstünlük verirəm. Mən "Təranə" ansamblında çalışanda da not bilirdim. Mənim gimnaziyada nağara çalan qohumum var idi. İlk dəfə məni tarzən Yusif Heydərovun yanına aparanda oradakı uşaqlar demişdilər ki, arıq qızam, səsim hansısa nota çatmaz, bacarmaram. Amma mən bütün notları yaxşı bilirdim. Səsim də yerində idi, hamıdan seçilirdim. Sonralar Gülağa Məmmədovun, Əlibaba Məmmədovun "Göygöl" ansamblında, "Lalə" qızlar ansamblında, mərhum Həsənağanın orkestrində fəaliyyət göstərmişəm. "Lalə" qızlar ansamblı ilə bir çox səfərlərdə olurdum. Efirlərə də tez-tez çıxırdım. Bir də gördüm ki, artıq professional sənətin zirvəsindəyəm.

- Bəs televiziya məkanda axır vaxtlar gec-gec görünməyinizin səbəbi nədir? İncimisiniz?

- Heç kimdən inciməmişəm. Mən elə insanam ki, heç kimin qəlbinə dəymirəm Allahımı da çox istəyənəm. Efirdə bu dəqiqə mətbəxlə bağlı olan verilişlər, yemək verilişləri baş alıb gedir. Gedib yanında durub nə oxuyasan? Nə danışasan? Ailə mənə məxsusdur, çıxıb öz ailəmdən danışmağı da sevmirəm. Gərək nəsə bir yenilik ola ki, deyəsən. Tədbirlərdə oluram. Bəzi efirlər də dəvət edəndə çıxış edirəm. Bir də tamaşaçıların gözünü yormaq istəmirəm. Gündə nəyə çıxım? Şükür Allaha, gözəl balalarım var - 2 oğlum, 1 qızım. Böyük uşaqlardır, tərbiyəli uşaqlar böyüdürəm.

- Bəs teleməkanda sizi ən çox nə narahat edir?

- Nə var ki teleməkanlarda? Qabaq var idi, indi yığışdırıblar.

- Sizcə şou-biznesin qanunlarını kim yazır?

- Mən heç kimə ixtiyar vermirəm ki, bu sənətdə kimsə mənə nəyisə məsləhət versin. Hamı ilə mehribanam. Sözüm olanda da demişəm. Evə gəlib öz-özümə fikirləşmişəm ki, axı niyə dedim ona bu sözü? Axı sənət yoldaşıyıq. Sənətdə isə söhbət ola bilər. Ana ilə balanın arasında, qonşunun arasında da söz-söhbət olur. Hamıya hörmətim var. Musiqilərini də dinləyirəm. Heç kimin işinə qarışmıram. Kim nə qanun yazır bilmirəm, mən uzağam.

- Bəs sizin mənfi və müsbət cəhətiniz nədir?

- Mənfi xüsusiyyətim - az da olsa əsəbiyəm, müsbət cəhətim - özlüyümdə Allahıma çox bağlayım. Hər an Rəbbimdən əfv diləyirəm.

- Ruhəngiz xanım üçün qalmaqal nə deməkdir?

- Bu sənətə qalmaqalla gəlmək düzgün deyil. Məsələn, ayağımda bir ayaqqabını kimsə görərsə, deyər, nə gözəldir. Deyərəm ki, filan pinəçi düzəldib. Bu onun üçün reklam olar, qalmaqal olmaz. Artıq biri, ikisi gedər maraqlanar onunla. Öz sahəsində tanınar. Yoxsa dava-dalaşla lazım deyil səhnəyə gəlmək. Qalmaqaldan da uzağam.

- İstedadınızı ilk dəfə kim kəşf edib?

- Özüm gördüm ki gözəl səsim var, oxumağa başladım. Anam razı deyildi. Bizim evdə əvvəllər Həsən, Hüseyn müsibətləri olurdu. Buna Ceyran Haşımova şahiddir. Bir gün gəlirdim ansambla, beş gün gəlmirdim.

- Bu sənət sizə nə verdi?

- Sənət mənə tamaşaçı sevgisini ruzi verdi. Bu sənəti də Tanrı verdi mənə. Əvvəl Yaradan seçir, sonra mən. Hər bir uşaq dünyaya gələndə onun taleyi yazılır. Hansı sənətdə olacaq, haçan öləcək. Hər şey yazılır alına.

- Həyatda sirriniz varmı?

- Mən səs tellərimdən iki dəfə əməliyyat olmuşam. İstədiyim kimi oxuya bilmirəm.

- Sirr deyilsə toylara neçəyə gedirsiniz?

- Deyə bilməyəcəm. Çünki hər şey olur. Belə baxanda 50 faiz havayı oxuyuruq. Tutaq ki, siz məni toya dəvət edirsiniz, mən sizdən pul ala bilmərəm axı. Yaxınlardan pul almaq düzgün deyil. Allah hamının balasını xoşbəxt etsin. Mənim də balamı.

- Toy müğənnisi deyəndə Ruhəngiz xanım nə düşünür, özünüzü toy müğənnisi kontekstində görürsünüzmü?

- Kimsə mənə toy müğənnisi deyəndə pis təsir etmir. Elit müğənni kimi dəvət olunuram. Müğənni toyda püxtələşir. Toylarda xalq və bəstəkar mahnılarını ifa edirəm. Bəyəm xarici ölkələrdə, Türkiyədə toylara getmirlər? Heç onlar bu məsələni böyütmür. Bizdə qaldırıb qoyurlar göyün üzünə. Toy müğənnisinin nəyi pisdir axı? Məsələn, insanlar bir-birilərinə nə arzu edir? Övladının toyunu görəsən. Başqa söz deyib qarğış etmir ki. Zurna-balaban səsi eşidəndə də bilirsən ki, kiminsə qızı köçdü, yaxud oğlu evləndi. Kimsə məni toya dəvət edirsə, sənətimə, mədəniyyətimə görə çağır. Nəyə lazımdır bu söz-söhbətlər? Bəzi sənətkarlar da toya gedirlər. Sadəcə, belə söz-söhbətləri səsi olmayanlar çıxarır. Toyu da bazar edirlər.

- Sənətdə xeyir-duanı kim verib sizə?

- Heç kim.

- Cüt səbrə inanırsınız, yoxsa tək səbrə?

- Sınamıram. Çünki səbir də Allahın adıdır.

- Bəs fala inanırsınız?

- Yox, maraqlanmıram. Mən Allahıma bağlı insanam.

- Sevgi nədir sizin üçün?

- Gözəl şeydir, Allah bizi yaradanda hər şeyə qarşı istək yaradıb. Sevgi olmasa, heç nə əldə edə bilməzsən həyatda. Vətənə sevgi, anaya sevgi, övlada sevgi, ailəyə sevgi, qonşuya sevgi olur.

- Sizin üçün xəyanət nə deməkdir?

- Yaxşı şey deyil, xəyanət bağışlanmazdır. Qadına yaraşmır. Amma kişiyə olar.

- Qulağınızla sevirsiniz, ağlınızla, yoxsa ürəyinizlə?

- Sevgi ürəkdən qəlbə gəlir. Ağızdan çıxır, qulaq eşidir. Gözlə görünən sevgi başqa aləmdir. "Mən səni sevirəm" sözünü qulaq eşidir ilk dəfə.

- Tərziniz demək olar ki, heç dəyişilmir. Bir çox müğənnilər efirdə evini, maşınını, pulunu, bahalı butiklərdən eksklüziv geyimlərini göstərib öyünür. Buna necə baxırsınız?

- Bilirsiniz necədir, bəzən mini yubka da geymişəm, uzun da geyirəm. Geyimlərimə görə də seçilmişəm. Amerikadan özümə səhnə paltarları gətirtmişəm. İlk dəfə uzun balaqlı geyimləri mən moda salmışam səhnədə. Efirlərə bir də görürsən ki, modalar göstərirlər. Həmin o ideyaları 15 il bundan qabaq mən fikirləşmişəm. Qaldı kimsə, nəyisə reklam edirsə, yaxşı baxmıram. Kimin nəyi var, özünə qismət.

- Nəfsə, nəzərə inanırsınız?

- Əvvəllər fikir vermirdim, amma neçə dəfə nəzərdən "udar" almışam. Məndə aura elədir ki, həmin saniyə nəzər götürürəm.

- Sizin üçün şəlalə nə deməkdir?

- Şəlalə mənim üçün böyük təbiətdir. Uşaq vaxtı tez-tez məni təbiət qoynuna aparırdılar. Bir gün şəlalənin altında durmuşdum. Heç vaxt yadımdan çıxmır o suyun saflığı. Çox romantik insanam. Təbiəti çox sevirəm. Ümumiyyətlə, Şəlalə adından çox xoşum gəlir. Sizinlə də müsahibədə çox rahatlıq tapdım. Oxumeni.az qeyri-adiliyi ilə seçilir. Hamınıza uğurlar arzu edirəm.

- Rəfaillə Coşqun sizi parodiya etdi. Buna münasibətiniz necə oldu?

- Çox normal qarşıladım. Hər şey yerli-yerində idi. Dəvət etdilər, sadəcə gedə bilmədim. Çox istəyirdim ki, iştirak edim. İnşAllah növbəti konsertlərində iştirak edərəm.

- Müğənni olmasaydınız hansı sənətlə məşğul olardınız?

- Allahın qismətidir. Mənim çox gözəl əl işlərim var. Geyimlərə də modelyerlik edirəm.

- Həyatda ən böyük səhviniz nə olub?

- Deyə bilərəm. Kimin nə səhvi varsa, səhvinə görə o dünyada cavab verəcək.

- Sizcə zaman dəyişir, yoxsa insanlar?

- Zaman dəyişir. İnsanlar da mehriban olsalar, çox gözəl olar. Bir-birlərinin paxıllığını çəkməməlidirlər.

- Bəs Ruhəngiz xanımda paxıllıq hissi var?

- Qətiyyən yoxdur. Mənim bir Jiqulim var. Şükür Allaha, evim-eşiyim, ailəm də öz yerində. İstəmərəm efirdə nümayiş etdirim. İnanın ki, birində var, başqasında yoxdur. Nəfsdən, nəzərdən çox qorxuram.

- Bəs həyatda kimdən qorxursunuz?

- Heç kimdən. Tanrıdan başqa Cəhənnəm odundan qorxuram. Heç kimə də pislik etmirəm. Kim nə edirsə, günahdır. Hamı məni yaxşı tanıyır.

- İnsanlıq sizin üçün nədir? Hər halda insanlığı öz baxış bucağından hərə bir cür görür.

- Allah yaradıb insanı. İnsan Tanrısına bağlı olmalıdır. Özünə hər bir halda fikir verməlidir. Hər insanın öz taleyi, öz qabiliyyəti var. Əsas da tərbiyədir, övladlarımı hər gün danlayıram, bax belə olun, hamı bilir ki, mənim övladlarımsınız. Şükür, çox razıyam, tərbiyəli övladlarım var. Həmişə deyirəm ki, kimsə sizin yanınızda nəsə danışsa, fikir verməyin, heç kimin də haqqında danışmayın.

- Özünüzü heç tənqid etmisiniz?

- Olur. Öz-özlüyümdə tənqid edirəm.

- Qadın həyatda neçə dəfə sevə bilər?

- Müqəddəs sevgi bir dəfə olur.

- Yaşlı müğənnilər cavan müğənniləri bəyənmir. Sizcə, səbəb nədir?

- Bilirsiniz, cavan müğənnilər yaşlıları saymırsa, demək, tərbiyələrindən irəli gəlir. Salam Allah salamıdır. Mən yolu gedirəm, yaşlılar, cavanlar salam verəndə salamını da alıram. Salam alanda Allahı yada salmaq lazımdır.

- Göz yaşlarınızın əsiri olmusunuzmu?

- Nəsə bir problem olanda özüm özümə təskinlik verirəm.

- Yeni mahnılar, konsert haqda fikirləşirsiniz? Ümumiyyətlə, hansı bəstəkarlarla işləyirsiniz?

- Eldar Mansurovdan 50-dən yuxarı mahnı oxumuşam. Tənbəlliyim var. Sənətə də qiymət verilməyini istəyirəm. O qədər soyuqlarda oxumuşam ki, şükür bu günə də.

Şəlalə axdıqca gur səsi aləmə yayılır. Lakin diqqətlə nəzər yetirdikdə, görürsən ki, hər damlasında saf bir pıçıltı, həzin bir kəlmə var. Hansı ki, Tanrının insana lütfüdür və canlı aləmi ruhlandırmağa xidmət edir.

"Ömrünüz şəlalə qədər axarlı, saf, bərəkətli və hərəkətli olsun" arzusu ilə yenidən görüşənədək...

Şəlalə Nəriman

O.M.