"Sənət yolunda aylarla xəstə yatmışam"

"Sənət yolunda aylarla xəstə yatmışam"

14 Oktyabr 2011 15:54
Bəyəndim (0) Bəyənmədim (0)
"Yoldaşım məndən beş yaş kiçikdir, gec ailə qurmuşam"

Daşdan-daşa çırpılan şəlalə əsib-coşmaqda davam edir. Bu dəfə qarşısına zümrüd çıxdı. Parıltısı spektrin yeddi rənginə çalırdı. Eynən şəlalə kimi. Şəlalə sularında daha da parlayan zümrüd şəlalənin özü qədər sirli, əsrarəngiz idi.

Şəlalə rubrikasının bugünkü qonağı xalq artisti, prezident təqaüdçüsü Zümrüd Məmmədovadır

- Özünüz haqda məlumat verərdiniz?

- Əslim Qubalıdır. Yaşımı deməyəcəm. 1976-cı ildən peşəkar sənətdəyəm. İyirmi səkkiz ildir oxuyuram. Asəf Zeynallını, İncəsənət Universitetini qırmızı diplomla bitirmişəm. Hazırda İncəsənət Universitetində musiqi kafedrasının dosentiyəm. İncəsənət gimnaziyasında muğam dərsi deyirəm. Müdafiə Nazirliyinin işçisiyəm. Prezident təqaüdçüsüyəm, Xalq artistiyəm. Bir övladım var.

- Zümrüd xanım, sizcə, naxışınız yaxşı gətirib?

- Allahımdan çox razıyam. Bu iyirmi səkkiz ildə bütün ölkələrdə sənətimi nümayiş etdirib, bayrağımızı yüksək eləmişəm. Qızım da Musiqi Akademiyasında Bəstəkarlıq şöbəsində oxuyur. Artıq ikinci kursdan Arif Məlikovun tələbəsidir. Bilirsiniz ki, Arif Məlikov da Q.Qarayevin yetirməsi olub.

- Deyirlər, boşanmısınız?

- Yalan söhbətdir. Çox gözəl ailəm var. O adam qorxsun ki, ondan danışmırlar. Demək, maraq dairəsində deyil. Şükürlər olsun, elə şey yoxdur. Sən ki məni yaxşı tanıyırsan, Ailəmdə olmusan.

- Bəs sənətə nələri qurban vermisiniz?

- Sənətə canımı qurban etmişəm. Elə olub ki, yağışda qastrollarda olmuşam, gəlib xəstələnmişəm. Sənət yolunda aylarla xəstə yatmışam.

- Sevib ailə qurmusunuz?

- Əlbəttə, sevib ailə qurmuşam. Yoldaşım məndən beş yaş kiçikdir. Gec ailə qurmuşam.

- Gec ailə qurmağınıza səbəb sənətiniz olmayıb ki?

- Düzdür, sənətim olub. Həyatda həmişə sevgidən qaçmışam. Səbəb də sənətə bağlanmağım olub. İstəmişəm sənətimlə məşğul olum. Sənətimdə hər şey yerini tapandan sonra ailə qurmaq haqda fikirləşdim. Sevdim, ailə qurdum.

- Sevgi nədir sizin üçün?

- Sevgi bir bəladır. İstəmədən insanın qəlbinə girir, çıxartmaq da çətin olur.

- Uğurlarınıza görə kimə borclusunuz?

- Birinci Allaha, sonra müəllimim Nəriman Əliyevə.

- İlk məhəbbətinizi xatırlayırsınızmı?

- İlk məhəbbətim sənətim, sonra yoldaşım olub.

- Mənfi cəhətiniz nədir?

- Çox yatıram.

- Bəs müsbət cəhətiniz?

- Ürəyim təmizdir.

- Nəyə ürəkdən ağlamısınız?

- İlk dəfə əməkdar artist adını alanda ağlamışam.

- Həyatdan istəyiniz?

- Kaş atam-anam sağ olaydılar, mənim bu günümü görəydilər.

- Toylara gedirsinizmi?

- Qiymət deməyəcəm. Çünki toylarımın qiyməti birindən aşağı olsa da, beşindən yuxarı olur. Şükür bu günə. Tanrı bütün ailə quranları xoşbəxt etsin. Həmişə xanım-xatınlığımı qoruyuram. Həmişə də xalqın içindəyəm.

- Elə olur ki, hissləriniz sizi aldatsın?

- Heç vaxt. Yetər ki, insanı bir dəfə görüm. Onun neçə siması var, deyə bilərəm. Hissiyyatım çox güclüdür. Məni heç kim aldada bilməz.

- Fala inanırsınızmı?

- Qətiyyən inanmıram. Çünki 17 dəfə Məşhəd ziyarətində, 5 dəfə Kərbəlada, 1 dəfə də Həcdə olmuşam. Namaz qılıram, Quran oxuyuram. Allahdan başqa hər şey yalandır, fal, kart, boş şeydir.

- Sizcə də həyat qırx yaşından sonra başlayır?

- Həyat çox gözəldir. Deyirlər, sevgi-məhəbbət insanda qırx yaşından sonra daha güclü olur. Bir də atalar misalı var: "Qırxında öyrənən gorunda çalar". Həyatda ağıllı olmalısan. Ağlın oldusa, həyat yolun düz gedəcək.

- Zümrüd xanım, hazırda bir çox müsabiqələr gedir. Bir xanəndə kimi belə yarışmalara münasibətiniz necədir?

- Mən şou-qalmaqaldan uzağam. Müsabiqələrə də pis baxmıram. Nəsə iradım olanda öz-özlüyümdə bildirirəm.

- Kimlərdənsə qorxduğunuz üçün açıq-aydın fikir yürütmürsünüz?

- Yox, Allahdan başqa heç kimdən qorxuram. Sadəcə, qalmaqaldan uzağam. Dəfələrlə məni qalmaqallı verilişlərə çağırıblar, getməmişəm. Çünki mən bütün günü xalqın içindəyəm.

- Bəs sizdən necə, qorxurlar?

- Məni çoxları zəhmli, qəddar, kobud kimi tanıyır. Simam elə göstərir. Mənim heç kimlə işim yoxdur. Yaraşmaz durub gənc bir müğənniyə fikrimi bildirim. Səhər də o durub mənə nəsə desin. Heç kimlə işim yoxdur.

- Bəs bəzi gənclərin yaşlı sənətkarları saymamağına münasibətiniz necədir?

- Gənclərin yaşlıları bəyənməməsi tərbiyəsizlikdir. Bizim dövrdə korifey sənətkarları görəndə iki əlli qarşısında əyilirdik. Ayıbdır yaşlı sənətkarlarımızın qarşısında saymazlıq etmək. Səhər onlar da övladlarından görəcəklər. Mənə çatmır, səksən, yetmiş, altmış yaşlı sənətkarın qarşısından keçəsən, amma salam verməyəsən. Elələri də var, səsi yoxdur, səviyyə, tərbiyə lazımdır onlara. Yaşlı müğənnilərin qədrini bilmək lazımdır. Onlardan öyrənmək lazımdır.

- Sizcə, kənardan necə görünürsünüz?

- Məndə ikinci maska yoxdur.

- Neçə illərin sənətkarı Zümrüd Məmmədova niyə solo-konsert vermək istəmir, yoxsa tələbat yoxdur?

- Niyə, tələbatım var. Çox məclislərdə oluram. Sadəcə, əvvəllər biz solo-konsert vermək istəyəndə hökumət tərəfindən afişamız vurulurdu, konsert verib, pul alıb, gedirdik. Mən elə öyrənmişəm. İndi solo-konsert vermək üçün qarşımıza o qədər şərt qoyurlar, adam peşman olur solo-konsert adı çəksin. Mən günün bu günü çox xoşbəxtəm ki, yolda olanda hamı yaxınlaşır, öz iradını bildirir. Yeni albom üzərində çalışıram, bu yaxında işıq üzü görəcək.

- Kimin üçün yaşayırsınız həyatda?

- Ailəm, bacım, yaxınlarım üçün. Ən çox qızımı gözümdən qoymuram. Gözümün ağı-qarası bir övladım var.

- Bəs niyə Zümrüd bir övladla kifayətlənib?

- O vaxtlar çox ölkələrdə olurdum. Çətin idi, sənətim mane olurdu. Tez-tez ana ola bilməzdim. Hərbçi idim, bütün günü tədbirlərdə olurdum. İnan ki, iyirmi səkkiz ildir sənətdəyəm, bir dəfə də əmək kitabçamda boşluq yazılmadı. Bu günə şükür, Tanrı hamının balasını saxlasın, mənim də balamı.

- Qadın sevəndə təhlükəli ola bilər?

- Əlbəttə ola bilər. Hətta mən çox eqoistəm, etiraf edirəm. Mən istəyirəm ki, məni çox istəsinlər, məndən də artıq.

- Hansı hərəkətlər sizi qıcıqlandırır?

- Televiziyada qalmaqal görəndə qıcıqlanıram. Nəyə lazım eyni sima? Gündə çıxıb bir qalmaqal edirlər. Şou xətrinə milləti qıcıqlandırmasınlar. Korifeylərdən də küsülü olurdular əvvəllər, ancaq açıb-ağartmırdılar. Elə edirdilər ki, heç kim heç nə hiss etmirdi.

- Bəs efirlərdə niyə az-az görünürsünüz?

- Çağıranda gedirəm. Mən xalq artistiyəm, xanımlığımı da qoruyuram. Məndə o üz-sifət yoxdur ki, gedib qapıları döyüm. Elələri var, qapıdan qovurlar, pəncərədən girir.

- Hansı müğənnidir qapıdan qovulub pəncərədən girən?

- Göz qabağındadır. Görünən kəndə nə bələdçi? Musiqidən xəbəri olmayanlardır. Xalqın gözü tərəzidir.

- Ölümdən sonrakı həyata inanırsınız?

- Quranı oxuyandan sonra inanıram.

- Adınızı bəxti gətirənlərin siyahısında görmək olar?

- Əlbəttə, çox xoşbəxtəm.

- Şəlalə nə deməkdir?

- Şəlalə çaydır, sudur, təmizlikdir. Bir də sən Şəlalə ilə 9 ildir yaxın dostuq. Çox xahiş edirəm, qeyd elə, əlin düşərlidir. Sən məndən ilk dəfə yazı yazandan sonra mənə bir həftədən sonra fəxri ad verdilər. Bunu hər yerdə deyirəm. Oxumeni.az saytına uğurlar. Çox sevilirsiniz. Bu dəqiqə maraq dairəsindəsiniz. Sükanı belə saxlayın.

Zümrüd şəlalə sularında daha da saflaşdı, cilalandı, parladı və şəlalə qoynunda qəlblərə doğru istiqamət aldı.

"Qəlblərinizdən zümrüd parıltısı, su saflığı əskik olmasın" diləyi ilə sizdən ayrılıram. Şəlalədə yenidən görüşənədək...

Şəlalə Nəriman

O.M.