"Həyatda çox nazlıyam, efirdə daha eybəcərəm"

"Həyatda çox nazlıyam, efirdə daha eybəcərəm"

4 Oktyabr 2011 19:13
Bəyəndim (0) Bəyənmədim (0)
Cəmiyyətin mənfi istiqamətdə dəyişməsindən narazı və narahatam

İnsan həyatı xəbərdən başlayır. Həyatda baş verən hadisələr zaman-zaman xəbərə çevrilərək yaddaşlara hopur. Deməli, xəbər elə həyatın özüdür.

"Kadr arxası" bu gün sizlərə xəbər spikeri Elnurə Cavadzadə barədə xəbər verəcək. Bu dəfə biz xəbər aldıq, qonağımız isə xəbər verdi...

- Özünüzü OXUcularımıza necə təqdim edərdiniz?

- Əvvəlcə mən sizi və oxucularınızı salamlayıram. Deyim ki, özüm haqqında danışmağı heç sevmirəm. Hətta efirdə belə xüsusi təqdimat etmirəm. Amma bu dəfə qaydalarımızı pozaq. 1980-ci ildə Sankt-Peterburq şəhərində doğulmuşam. 2 universitet bitirmişəm. Ali musiqi təhsilim var. Filologiya elmləri namizədiyəm. Ailəliyəm, bir oğlum var - Əlişka. Hansı ki, mənim üçün həyatda oksigen sayılır. Çox yaraşıqlıdır, qızlar indidən dalınca düşüb. Deyəsən, özümü çox təriflədim. Məncə yetər.

- Müxtəlif peşələrin adını çəkdiniz. Bəs necə oldu ki, jurnalistikaya gəldiniz?

- Televiziya məni uşaq yaşlarımdan cəlb edib. Diktorlara həmişə həsəd aparmışam. Amma heç ağlıma gəlmirdi ki, nə zamansa obrazlı desək, özüm də o sehrli qutuda oturum. 5 il müəllim işləmişəm. Özü də sevə-sevə. Televiziyaya məni həyat yoldaşım gətirib. İctimai televiziya açılanda müsabiqəyə gəldim .Tale elə gətirdi ki, mən Azərbaycanda ilk dəfə yaranan İctimai televiziyanın ilk aparıcısı oldum. Düşünürəm ki, bu, hər jurnalistə nəsib olmayan bir qismətdir və mən bununla düzünü deyim ki, hər zaman qürurlanıram. Buna görə də peşəkar jurnalist və televiziya işçisi, İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərova minnətdaram.

- Xəbəri operativ şəkildə toplamaq, tamaşaçılara çatdırmaq çətin deyil ki?

- Xəbər artıq həyatımın ayrılmaz hissəsidir. Mən başqa bir sahədə özümü təsəvvür belə etmirəm. Öyrənmişəm səhərdən axşamadək informasiya içində, qaçaraq iş rejimində olmağa . Həftədə bir dəfə , o da bazar günləri, evdə sakit oturanda elə bilirəm nəsə çatmır. İnsanın hər şeydən xəbəri olanda özünü cəmiyyətin bir parçası hesab edir. Yaxşı xəbər ona stimul verir, pis xəbər isə kədərləndirsə də, müqayisə imkanı yaradır və sən nəyəsə şükür edə bilirsən.

- Yayılan xəbərlərin obyektivliyinə inanırsınızmı?

- Baxır hansı verilişdə. Tam səmimi deyim ki, kişilər xəbər oxuyanda mən onlara daha çox inanıram.

- Bir televiziya spikeri kimi özünüzü başqa amplualarda sınamaq istəyərdinizmi?

- Arzumdur, planımda var. Qismət olsa müəllif verilişində, tam başqa görünüş, başqa aspektdə istərdim tamaşaçılarla təmasda olum. Həm də dinləyicilərlə. Axı mən həm də radio aparıcısıyam. Xatırlamasam, onlar məndən inciyər.

- Həyatınızdan razısınızmı?

- Mən ümumiyyətlə naşükür insan deyiləm. Həyatımdan razıyam, şükürlər olsun. Amma mən cəmiyyətin mənfi istiqamətdə dəyişməsindən narazı və narahatam. İstəmirəm ki, övladım ikiüzlü cəmiyyətdə böyüsün. Kiməsə yarınmaq həyat fəlsəfəsi olsun. Bu gün biz buna doğru gedirik. Mən mənəvi aşınmadan narahatam. İnsan nə isə istədiyini, niyə yaşadığını müəyyənləşdirməlidir. Nə isə, filosofluq etdim, deyəsən.

- İndiki cəmiyyətdə missiyanızı nədə görürsünüz?

- Mən sadəcə susuram. Bayaq dedim axı, ikiüzlü insanlardan qorxduğum qədər heç nədən ehtiyatlanmıram. Hər kəsə lazımlı insan kimi fəhlə də ola bilərəm. Vəzifədə ola bilərəm, insani keyfiyyətlərdən uzaq. Adam olmaq lazımdır, elə lüğəti mənasında.

- Həyat kredonuz?

- Doğru və dürüstlük, qadının adına layiq incəlik və təmizlik mənim həyatımın leytmotividir. Məsələ ondadır ki, adam var qoçaq olar, mərd olar, adam var qaçaq olar, mərd olar, bəs namərdlər haradandır, bax o yaman dərd olar. Allah bizi namərdlərdən qorusun.

- Olduğu kimi görünürsünüz, yoxsa göründüyü kimi olursunuz?

- Bir az fərq var. Deyirlər, həyatda çox nazlıyam, efirdə daha ciddi və eybəcərəm. Hətta mənə yaxınlaşıb deyirlər ki, Elnurə, efirə çıxma da, noolar. Orda qəşəng deyilsən, imicin korlanır.

- Nə zaman haldan hala düşürsünüz?

- Atamın qəfil ölümü məni dondurdu. Çünki bir neçə saat əvvəl danışdığım sap-sağlam adam artıq yox idi. Bu, mənim üçün sözlə ifadə edilə bilməyəcək dərəcədə dəhşət idi. Amma efirdə üsyançıların altını-üstünə çevirdiyi Liviyada Qəddafini tapa bilməməkləri məni təəccübləndirdi.

- Sevgi sizin üçün nədir?

- Sevgisiz yaşamaq yaşamamaqdır.

- Həmkarlarınız sizi qane edirmi?

- Mən bütün həmkarlarıma hörmətlə yanaşıram. Kimisə mühakimə etmək xarakterimə uyğun deyil. Aparıcıları təhlil etmək televiziya tənqidçilərinin işidir.

- Sizcə xəbər aparıcısı necə olmalıdır?

- Xəbər aparıcısı artistlik edə, ləhcə ilə danışa bilməz. Əlbəttə zövqlər müxtəlifdir, bu mənim tamaşaçı fikrimdir.

- Hobbiniz?

- Yazmaq. Axı mən yazıçılığı dəlicəsinə sevirəm.

- Kadr arxasında olmaq asandır, yoxsa kadr önündə?

- Əgər sən istedadlısansa, fərq etməz. Kadr arxasında da parlaya bilərsən. Elə müxbir var ki, onun bir süjetindən bir ay danışılır. Elə aparıcı var ki, onu görən kimi kanalı dəyişmək istəyirsən.

- Kimlərdir onlar?

- Mən prinsipial olaraq bu suala cavab verə bilmərəm.

- Möcüzəyə inanırsınızmı?

- İnsan özü-özlüyündə sirr və sehr deyilmi? Bunu da mən səndən soruşuram. Peşə xəstəliyidir, mən də bir söz soruşmalıyam, ya yox?

- İnsan Yaradanın sirri, sehridir. Sonda OXUculara nə demək istəyərdiniz?

- Hər birinizə təşəkkür edirəm, vaxtınızı bir qədər oğurlaya bildimsə, çox məmnun oldum. Uğurlar, üzünüzdən təbəssüm, qəlbinizdən fərəh hissi əskik olmasın. Diqqətinizə görə minnətdaram.

Hər şey xəbərlə başladığı kimi xəbərlə də bitir. Xəbəriniz olsun ki, bu gün "Kadr arxası"nda xəbər verilişlərinin aparıcısından xəbər tutdunuz.

Günel Əliqızı

O.M.