"Duet ifaçılarıma qadın kimi baxmamışam"

"Duet ifaçılarıma qadın kimi baxmamışam"

26 İyul 2011 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
"Övladımın itkisi ilə hələ də barışa bilmirəm"

Toy insanın həyatında ən əlamətdar hadisədir. Toy arzuların şah əsəri, sevinclərin zirvəsidir. O həm də insanları bir yerə toplayan ocaqdır. Onun işığına dostlar, qohumlar toplaşır. İstisində gənclər qızınır. Bu ocaq həm də gələcək övladların qığılcımıdır. Heç təsadüfi deyil ki, el arasında ən əziz adama "toyun olsun", "toyuna gələk" deyirlər.

Lakin nədənsə bu gözəl mərasimin ayrılmaz parçası olan müğənnilərə "toy müğənnisi" deyə istehza edirlər. Hamının ən xoşbəxt günü toy olduğu halda onu idarə edən şəxsi yerli-yersiz tənqid atəşinə tuturlar.

"Şəlalə" rubrikasının bugünkü qonağı insanların xoşbəxt günlərində onların yanında olan, sözün əsl mənasında toy müğənnisi Səyyad Əlizadədir.

- Özünüz haqda məlumat verərdiniz.

- 1960-cı il avqustun 6-da Füzuli rayonunun Şıxbaba kəndində anadan olmuşam. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin məzunuyam. Həmçinin İncəsənətin vokal fakültəsini bitirmişəm. Bəstəkar, xalq mahnıları və muğam oxuyuram.

- Dostluq dünyadakı ən böyük xəzinədir. Açarını tapan sonsuz xoşbəxtliyə sahib olur. Səyyad Əlizadə həyatda dostluq açarını tapıbmı?

- Dostluq açarım Şamil İsmayılovdur. Bu dostum dost üçün canından keçəndir. Əsl dost həyatda təmənna güdməməlidir. Mənim dostlarım çoxdur. Ən yaxın sirdaşım Şamildir.

- Həyat çox gözəldir. Sadəcə o, gözəlliyi duymaq, qorumaq və heç olmasa bir zərrə gözəllik yaratmaq lazımdır. Bəs sizin üçün qadın gözəlliyi nə deməkdir?

- Mənə əsas qadının daxili gözəlliyi maraqlıdır. Onun ürəyi geniş olmalıdır. Gözəl olasan, qəlbin çirkin ola, o bütün gözəllikləri - daxilində, zahirində bərbad eləyir. Mən daxili gözəlliyə qiymət verirəm. Bilirik ki, həyat sevgi üzərində qurulub. Kiməsə "Səni sevirəm" sözünü demək yox, kimisə həyatda yaşatmaq lazımdır.

- Səyyad ailəli ola-ola kiməsə sevirəm deyib, onun sevgisini ürəyində yaşadıbmı?

- Yox, qətiyyən olmayıb ki, kimisə ailəli ola-ola sevib gizlicə saxlayım. Həyatda bir dəfə sevmişəm. Onunla da ailə qurmuşam.

- Bəs ilk sevginiz neçə yaşında olub?

- 25 yaşımda olub. O da həyat yoldaşımdır.

- Özünüzü xoşbəxt sanırsınızmı? Xoşbəxtlik insana verilir, yoxsa insan özü qazanır?

- Heç kim deyə bilməz ki, mən xoşbəxtəm. Xoşbəxt günlər də olur, insanın çətin anları da olur. Səhər həmin iş düzələndən sonra öz-özünə fikirləşib deyirsən ki, mən xoşbəxtəm. Xoşbəxtliyi təbəssümlə də bildirmək olur. Ağır günlərin də öz gözəlliyi var.

- Sizi həyatda nə ağladıb?

- Övladımın itkisi ilə hələ də barışa bilmirəm.

- Çoxdandır duet oxumursunuz, səbəb nədir?

- Bir çox gənc müğənnilər var, müraciət ediblər. Fikirləşib, seçim edib, dueti yeni diskə salacağam. Əsas səs tembrlərimiz uyğun gəlməlidir. Seçim edirəm.

- Olubmu hansısa duet ortağınıza aşiq olasınız?

- Yox, heç vaxt ola bilməz.

- Deyirlər, axı Səyyad müəllim...

- Deyirlər desinlər, Şəlalə, sən mənə inan, elə şey həyatı boyu ola bilməz. Bilirsən hansı duet ortağımı deyirlər? Mən çoxu ilə oxumuşam.

- Mən Mənzurə Musayevanın adını eşitmişəm.

- Şayiədir. Mənzurə mənim kişi dostumdur. Sənət aləmi çərçivə daxilindədir. Ürəyimə yaxın heç vaxt heç kimi buraxmamışam. İş işdir.

- Bəlkə sizi duet ortaqlarınız bəyənməyib, səbəb bu ola bilər?

- Ola bilər ki, mən duet oxuduqlarımı bəyənməmişəm, onlar da məni bəyənməyiblər. Duet oxumuşam, hamısına da yaxşı yol demişəm. Bir mahnım var "Yaxşı yol", onlar üçün yazdırıb ifa etmişəm. Bir də ki, onlar nədir ki, məni yaxın buraxmasınlar. Hamısı ilə albom işləmişəm, işi başa vurmuşam. Çoxları tamahlarını saxlaya bilmirlər, söz-söhbət də belə çıxır. Mən deyə bilmərəm tamahla baş çıxarmaq olmaz. Qadın duet oxuyanda əsas pulu fikirləşir, istəyir təzə paltar alsın, birinci olsun. Bunu da bu yola tamah gətirib çıxardır. Mən tamahımı saxlayan insan olmuşam. Duet ifaçılarıma qadın kimi baxmamışam. Çalışmışam işimdə həmişə saflıq, təmizlik olsun. Həm də yaş o yaş deyil. Hansısa duet ortağınla münasibətin olsa, saqqız kimi yapışar, əl çəkməz, gərək sən də onun nazı ilə oynayasan.

- Belə çıxır ki, bəzi duet ifaçıları arasında sevgi-məhəbbət olduğu üçün illərlə bir-birindən əl çəkmirlər?

- Mən heç kimin haqqında heç nə deyə bilmərəm. Məsələn, söz arası deyə bilərəm, hərə öz həyatını yaşayır. Mən heç kimin işinə qarışa bilmərəm, kimsə də mənim həyatıma qarışa bilməz.

- Sizcə zaman dəyişir, yoxsa insanlar?

- Günah insanlardadır, insanlar dəyişir. İnsanlar fikirləşsələr ki, beş-on ildən sonra necə olacam, neqativ hallara yol verməzlər. Tamahdan gündə nə qədər hadisə baş verir. Bir də görürsən qadına təcavüz olunur. Efirlərdə müğənnilər çıxıb bir-birinə ağzına gələni deyirlər, ən böyük bəla da odur ki, bir-birilərinin şəxsiyyətini təhqir edirlər. Yeganə səbəb tamahdır. Tüpürüm belə insanların üzünə. Fikirləşmirlər ki, axı bizə sənətkarlar baxır, xalq baxır, nəyə lazımdır. Ona görə insanlar dəyişir tamah üzündən.

- Sualı bir qədər dəyişək. Sizin fikrinizcə pis insan var, yoxsa pis əməllər?

- Pis insan da, pis əməllər də çoxdur. İnsan bilməlidir ki, dünyaya mələk kimi gəlir.

- Təsadüflərə inanırsınız?

- Zərurət təsadüfdən baş verir. Təsadüfən elə şeylər baş verir ki, təəccüblənirsən. Həyat çox qəribədir. Bir də görürsən təsadüfən problem yarandı.

- Sizcə sevgi nə deməkdir?

- Sevgi qarşılıqlı hissdir, sevgi hər kəsə verilir. Elə ürək olur daş kimi. İnsanı sevəndə də gərək elə birini sevəsən ki, pis əməlləri olmasın. Mənim fikrimcə sevgi ancaq qarşılıqlı olmalıdır.

- Bəs həyatda neçə dəfə sevmək olar?

- İnsan həyatda bir dəfə sevər. Sevdiyin insanla da ailə qurmalısan. Həyatı dərk edəndən sonra əsl sevgi bilinir.

- Sizcə həyat gözəldir?

- Əlbəttə, gözəldir. Necə deyərlər, gözəllik ondur, doqquzu dondur. Hər şeyi gərək qiymətləndirəsən bu həyatda. Həyatda gözəllik axtarmaq lazımdır, çirkinlik yox.

- Qısqanc insansınızmı?

- Yox, məndə qısqanclıq yoxdur.

- Səyyad Əlizadə toy müğənnisidir?

- Kim nə deyir desin, hərənin öz fikri var. Məni xalqım sevir, məclislərində görmək istəyir. Kimsə çıxıb ekspert kimi kiməsə toy müğənnisi deyə bilməz, kimdir, nəçidir, o, toya gedir, yoxsa, yox. Mən heç kimə səlahiyyət verməmişəm mənə desin. 50 ilin sənətkarına nə gəldi demək olmaz. Axı o, xalqın sənətkarıdır.

- Bəs sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Bütün toyu 7 000 manata, yarım saatı 3 000 manata gedirəm. Məni kim toyunda görmək istəyir, bütün qəlbimlə sevə-sevə iştirak edərəm.

- Düzü, rəqəmlər o qədər də inandırıcı görünmür. Elə isə, niyə Səyyad Əlizadənin prodüseri yoxdur?

- Mənə prodüser lazım deyil, sadəcə yanımda kömək eləyənlərim var. Azərbaycanda prodüser yoxdur. Disk daşıyana prodüser demək olmaz. Yerindən duran deyir mən prodüserəm.

- Həyatda arzunuz nədir?

- Bütün torpaqlarımız qayıtsın. Ən böyük arzumdur.

- Sizin üçün Şəlalə nə deməkdir?

- Gur çaydır - mənzərədir.

- Səyyad Əlizadə dənizə gedirmi?

- Gedirəm, amma camaat olmayan yerdə çimirəm, utanıram kimsə görər.

- Nədən utanırsınız, qorxursunuz ki, şəkillərinizi, video-görüntüzü çəkərlər?

- İstəmirəm kimsə görsün. Ən çox Xızı tərəfdə çimməyə gedirəm. Camaatdan 100 metr uzağa gedirəm ki, məni görməsinlər. Kimsə mənim şəklimi, video-görüntümü məndən icazəsiz çəkə bilməz.

- Həyatda özünüzə kimi rəqib görürsünüz?

- Mənim adım Səyyad, familiyam Əlizadə, atamın adı Əşrəfdir, mənə heç kim rəqib ola bilməz.

- Həyat bir səhnədir, həyatın qədrini biləsən gərək, əzab-əziyyətə dözəsən gərək. Siz bu həyatda ağrı, əzab-əziyyət görmüsünüz?

- Çox olub əzab-əziyyət. Əzabın necə olmasını mən yaxşı bilirəm. Xoşbəxtliyimi görəndə əzablı günlərimi heç vaxt yadımdan çıxarmıram.

- Səyyad kimin üçün yaşayır?

- Anam, bacım, qardaşım, övladlarım üçün, ailəm üçün yaşayıram.

- Sizcə məhəbbət insanı öldürür, ruhunu oyadır, yoxsa insanı yaşadır?

- Ruhunu oyadır, insanı yaşadır.

- Bəs hər hansı bir insanın bədbəxtliyi üzərində qurulan xoşbəxtlik uzun sürər?

- Heç vaxt kiminsə bədbəxtliyi üzərində xoşbəxt olmaq mümkün deyil. Allah belə bəlalardan hamını qorusun. əlbəttə, belə şeylər müvəqqəti olur. Gərək addım atanda elə hərəkət edəsən, sonradan peşman olmayasan.

- Ölmək asandır, yoxsa yaşamaq çətin?

- Ölmək asandır, yaşamaq çətin. İnsan dünyaya gələndə haçansa həyatdan köçəcəyini bilmir. Tanrının yazdığını pozmaq olmaz. Arzum budur ki, vaxtsız ölümü Allah heç kimə qismət etməsin.

- Ürək daş deyil, bir parça ətdir, sizcə onu yaşadan məhəbbətdir?

- Əlbəttə məhəbbətdir. Elə olur bir parça ət daşa dönür. Məhəbbət ülvi hissdir.

- Əsl ata övladı üçün necə olmalıdır?

- Şam kimi yanmalıdır.

- 33 ilin sənətkarı Səyyad Əlizadəyə niyə hələ də ad verməyiblər?

- Mən xalqın müğənnisiyəm. İnşallah qismət olar, mənə də ad verərlər.

- Bəs sənət aləmində özlərinə bərbəzək vuran kişilərə münasibətiniz necədir?

- Mən heç kim haqda heç nə deyə bilmərəm, özləri bilər. Məsələn, saça rəng qoymağa pis baxmıram. Görürsən, bəzi insanlar istifadə edirlər.

- Bəs siz saçınıza rəng qoyursunuz?

- Yox, qoymuram. Vaxtı gələndə istifadə edə bilərəm.

Arzu edirəm ki, qismətiniz toy müğənnilərinin mahnıları olsun.

Şəlalə kənarında görüşənədək...

Şəlalə Nəriman

O.M.