VİDEO-"Nə mənim, nə Elşadın valideynləri  razı deyillər"

VİDEO-"Nə mənim, nə Elşadın valideynləri razı deyillər"

22 İyul 2011 13:30
Bəyəndim (0) Bəyənmədim (0)
Qadın sevdiyini öldürə də bilər...

Bu dəfə fərqli olsun deyə, mövzuya ön söz yazmadım. Düşünürəm ki, ön sözü video süjet yetərincə dedi. Mənə isə qonağımı təqdim etmək qalır.

"Şəlalə" rubrikasının bugünkü qonağı rəqqasə Oksana Rəsulovadır.

- Özünüz haqda məlumat verərdiniz?

- 1981-ci ildə Əlibayramlı (qeyd: indiki Şirvan) şəhərində anadan olmuşam. Anam Salyan, atam Şabran rayonundandır. Mən 4-cü sinifdə oxuyanda Rusiyaya köçmüşük. Məktəbi orada oxumuşam. Amur Dövlət Tibb Akademiyasını bitirmişəm. Sonralar rəqsə marağım olduğundan uşaq xoreoqrafiya dərnəyində hind rəqslərini öyrənməyə başladım. Beş il hind rəqs qrupunda oynadım. 2008-ci ildən Bakıdayam.

- Hind rəqslərində özünüzü mahir rəqqasə hesab edirsiniz?

- Bəli, mən mahir hind rəqqasəsiyəm, heç kim mənim kimi oynaya bilməz. 2008-ci ildə Beynəlxalq müsabiqədə hind rəqsinə görə birinciliyi əldə etmişəm.

- Kədəri dəf etmək üçün nə edirsiniz?

- Kədəri dəf etmək üçün yaxşı filmlərə baxıram, evdə oturub hind musiqilərindən şən mahnılara qulaq asıram. Əhval-ruhiyyəm həmin an düzəlir.

- Azərbaycan müğənnilərindən kimə çox qulaq asırsınız?

- Qadın müğənnilərindən Röyaya, kişi müğənnilərindən Elşadın mahnılarına qulaq asıram. Etiraf edim ki, Rusiyada yaşayanda bu iki müğənninin demək olar bütün mahnılarına qulaq asırdım.

- Sizi həyatda nə ağladıb?

- Həyatımda bəzi pis şeylərin olmasını xatırlayanda, qəzaları görəndə ağlayıram.

- Qısqanc insansınız?

- 23-24 yaşında qısqanclıq məndə çox olurdu. İndi elə də qısqanclıq yoxdur.

- Bəs xəyanətə münasibətiniz?

- Əgər mənim sevdiyim insan hansısa qadınla cinsi əlaqədə olursa, onu heç vaxt bağışlamıram. Elə insan olur hərəkəti ilə xəyanət edir. Mənə xəyanət edən gözümün düşmənidir.

- Bəs Elşad Xose sizə xəyanət etsə, nə edərdiniz?

- Biz Elşadla bir-birimizə inanırıq. Əvvəl gündən dost olmuşam, bütün həyatımı bilir o. Elşad mənə xəyanət etsə, heç vaxt, heç vaxt bağışlamaram. Ölərəm, amma onun xəyanətindən keçmərəm.

- Bəs sizin üçün sevgi nədir?

- İlk növbədə sevəndə gözündən bilinir. Hərəkətindən, davranışından hiss edirsən ki, o insan səni sevir. Sevgi müqəddəsdir, onu qoruyub saxlamaq hər insanın işi deyil. İnsan ailə qurandan sonra sevgisi daha da çoxalır. Bir-birinə qarşı sevgini qazanmaq asandır, qorumaq çətindir.

- Oksana, sizcə nə dərəcədə düzgündür ailəli kişi ilə bir yerdə yaşamaq?

- İlk görüşdən sevirsən, gözlərin bağlanır, bir-iki ay münasibət qurursan, sonra bilirsən ki, həmin insan ailəlidir. Artıq bütün hisslərin o ailəli kişiyə aid olur. Biləndə də evlidir, qalırsan çıxılmaz vəziyyətdə. Axırda kişi deyir: "səni ala bilmərəm". Görürsən ki, o, sənin sevginə layiq deyil. Qız da onun dərdindən dəli-divanə olur, özünü öldürür. Mən çox pis baxıram. Qızlarımıza məsləhət görərdim ki, seçim edəndə fikir versinlər.

- Bəs onda niyə ailəli kişi ilə ZAQS-a gedirdiniz?

- Mənim həyatda ən böyük səhvimdir Haqayla münasibət qurmağım. Özümün başıma gəlib, ona görə istəmirəm gənc qızlarımız ailəli kişilərlə münasibət qursunlar.

- Haqaydan söz düşmüşkən, niyə o sizi dəli və narkoman adlandırdı?

- Əsəb sistemimdə çox böyük pozğunlarım olub, onda Rusiyada yaşayırdım, noyabr ayları idi. Depressiya vəziyyətində idim. Ona görə çoxlu müalicə götürdüm. Mən ondan dəfələrlə boşanmaq istəmişəm. O yalvarıb, razı olmayıb. Haqayın məni aldatdığını gec başa düşdüm. Burda mənim psixoterapevtim var.

- Sizcə Elşad Xosenin evli bir qadını sevməyi doğrudurmu?

- Mən sizin saytın vasitəsi ilə demək istəyirəm ki, heç də peşman deyilik. Əcəb eləmişik, öz həyatımızdır. Özümüz necə istəsək, elə də olacaq. Mənim şəxsi həyatıma heç kim qarışa bilməz. Mən Haqayda istədiyim kişiliyi görmədim.

- Elə isə, bəs niyə ailə qurdunuz Haqayla?

- Elşad mətbuat konfransında dedi: "O kişi deyildi, kukla idi". Haqay yəhudi əsillidir. Yəhudilərin müsəlman qızla evlənmələrinə yaxşı baxmırlar. Həyatımdakı ən böyük səhvimdir onunla ailə qurmağım. O utansın, iki qız atasıdır, biabır oldu. Allah baxır göydən, hər şeyi Onun ixtiyarına buraxıram. İki ildir jurnalistlərə pul təklif edir ki, məni biabır etsinlər. Əsl dəli onun özüdür. Mən ondan əl çəkən deyiləm, məhkəməyə müraciət etmişəm, öz vəkilimlə qanunla onu yerində oturdacam.

- Məhkəməyə müraciət etməyinizin əsas səbəbi boşanmaqdır, yoxsa sizə atılan böhtan?

- Bir Azərbaycan qızına narkoman deyilməsi nə qədər düzgündür? Onsuz da ayın axırına kimi boşanıram ondan. Bir də haqq-ədalət yerini tutmalıdır. Bilirsiniz, Şəlalə, mən narkoman olmadığımı sübut etmək üçün mətbuat konfransına test gətirmişdim. Bədəndə hər hansı narkotik maddənin olub-olmadığını aşkarlayan tibbi test idi. Konfrans zamanı ayaqyoluna gedərək testi yoxladıq. Məlum oldu ki, mən narkoman deyiləm. O, məni alçaltmaq istəyirdi, əksinə, özü alçaldı. Amma mən Oksana onu peşman edəcəm.

- Həyatda ən böyük arzunuz nədir?

- Sevdiyim Elşadla bir yerdə olum. Bütün qara buludlar keçib getsin. Bir də ana olmaq istəyirəm. Allahdan tək arzumdur.

- Bəs Elşadın valideynləri, sənin valideynlərin bu izdivaca razıdırlarmı?

- Düzünü deyim, hələ nə mənim, nə Elşadın valideynləri razı deyillər. Yaxşı olacaq, inşallah.

- Sizcə qadın sevəndə təhlükəli ola bilər?

- Qadın çox təhlükəlidir. Ürəklə sevirsə, sevdiyini öldürə də bilər. Qadın diqqəti sevir, diqqətsizliyi yox. Bir sözlə, kişi gərək qadından özünü qoruya.

- Sizcə həyat bir məktəbdir?

- Artıq 30 yaşım var, həyat mənə çox şey öyrədib. Həyatda özüm, ailəm üçün, indi də istədiyim insan olan Elşad üçün yaşayıram. Ailə qurmaq istəyirəm. Artıq hər şeydən bezmişəm. Mən çox sevinirəm ki, indiyə kimi bütün həyatımda olanların hamısından Elşadın xəbəri var.

- Bir belə söz-söhbətdən sonra həyatda istədiyinizə nail ola bilmisiniz?

- Nail olmaq deyəndə, sevdiyim insanı tapmışam. Hər qadın istəyir ailəsi olsun. Boşanmanı gözləyirəm, vəkilim bütün işlərlə məşğuldur. Boşanandan sonra Elşadla ailə quracam. İnandırım sizi, bir belə söz-söhbət Elşadla mənim əlaqəmi daha da gücləndirir. Həyatda acılı hadisələr görməsən, şirin hadisələrin heç birinin qiyməti olmaz. Artıq Haqay məni həzm edə bilmir ki, mən ona nifrət edirəm, həqiqi məhəbbətlə Elşadı sevirəm.

- Elşad sizi yarı yolda buraxmaz ki?

- Əlbəttə, çox arxayınam ki, o, məni təmiz məhəbbətlə sevir. Elşadın bir fikri var, bizi heç kim ayıra bilməz. Mən əvvəl gündən onunla dost olanda şəxsi həyatımdakı bütün hadisələri bölüşmüşəm, nə var, nə olub, hamısını bilir. Ona görə özümə çox arxayınam. Elşad mənə dəstəkdir. Məni tanıdığı gündən pis hərəkətimi görsəydi, heç vaxt sevgisini bildirməzdi.

- Sizin üçün Şəlalə nə deməkdir?

- Həyatda ən gözəl varlıq təbiətdə axan sudur.

- Xoşbəxtsinizmi?

- Sevgimi tapandan sonra xoşbəxtəm. Bir də xoşbəxt olmaq üçün şans lazımdır. Gözəl olmaqdansa, gərək yaxşı bəxtin olsun. Onu da Allah Təala bilər, ya qismət.

- Oksana, hind rəqslərindən başqa hansı işlə məşğulsunuz?

- Doktor Vidadi Əliyevin klinikasında həm həkim-ginekoloq kimi, həm də dəri-zöhrəvi üzrə həkim kimi çalışıram.

- Hər gözəlin eybi var, bəs Oksananın eybi nədədir?

- (Gülür). Güzgüyə baxanda burnumdan zəhləm gedir, əməliyyat etdirmək istəyirəm, amma qorxuram.

- Müsbət cəhətiniz hansıdır?

- Çox ürəyi açıq insanam, hər kəsə yazığım gəlir.

- Mənfi cəhətiniz?

- Bir hadisə olan kimi stressə tez düşürəm.

- Həyatınızda hansı boşluqlar var?

- Övlad boşluğudur. İstəyirəm övladım olsun.

- Sizcə siz gözəl rəqs edirsiniz hind rəqsini?

- Əlbəttə, mən gətirdim hind rəqsinə gözəlliyi. Azərbaycanda çox aşağı səviyyədə idi hind rəqsi. Nə olsun, hamı oynayır. Amma mənim kimi incəliklərə fikir vermirlər. Mən xora, pianinoya getmişəm. İstəmişəm aktrisa olam, ən böyük arzum olub.

- Sizin üçün əsl kişi necə olmalıdır?

- Daxilən güclü olmalıdır, öz sözünü deyən olmalıdır, xanımına dəyər verməlidir, düzgünlüyü üstün tutmalıdır. Əsl kişi görəndə qadın onun zəhmindən qorxmalıdır.

- Qorxduğunuz insan varmı?

- Allahdan başqa heç kimdən qorxmuram.

- Həyatda üç arzun hansıdır?

- Birinci can sağlığı, ikinci ailə qurum və övladım olsun, üçüncü Hind filminə çəkilim.

- Dar ayaqda sizə kim kömək olur?

- Dostlarım, bir də anam.

- Oksana tələbələriniz varmı?

- Dörd tələbəm var, Birindən pul almıram. Onsuz da özüm məşq edirəm, məşq edəndə tələbələrim də gəlir. Tələbəni 150 manata hazırlayıram.

- Bəs Namiq Qaraçuxurlu ilə münasibətiniz necədir, axı onunla da bağlı problem yaşamışdınız?

- Problem oldu Namiqlə, boş, yersiz söhbətlər idi. İnanın ki, bezmişəm, ağ vərəqə ləkə tez yapışır. Aygünü normal görməmişdim ki, görüm bu yersiz söz-söhbətə nəyə görə reaksiya verdi. Aygün qısqanırdı onu, başa düşürəm, amma yersiz idi. Sadəcə, Namiq tədbirimdə olub, bu söz-söhbət də böyüməyə başladı. Allaha and olsun, məni istəməyənlər idi bu söz-söhbəti çıxaranlar.

Adətən bu yerdə müəllifdən son söz əvəzi yazılırdı. Bu dəfə son sözü oxucuların ixtiyarına buraxıram...

"Şəlalə" rubrikasında yenidən görüşənədək.

Şəlalə NƏRİMAN

O.M.